Elman Rüstəmovun başı dərddə – 47, 5 milyon dollarlıq iddia

Bank əmanətçiləri baş bankirə və digər maliyyə strukturu rəhbərlərinə qarşı 47, 5 milyon dollarlıq iddia qaldırdılar; əgər məsələnin araşdırılması zamanı cinayət əməlləri ortaya çıxsa, ilk növbədə Milli Bank sədrinin və baş direktorun həbsi qaçılmaz olacaq; seçkidən sonra maliyyə sahəsini kurasiya edənlərin işdən uzaqlaşdırılacağı gözlənilir

Ləğv prosesində olan “Bank Standard” QSC-nin əmanətçiləri Azərbaycan Mərkəzi Bankını (AMB), onun sədri Elman Rüstəmovu, Maliyyə Bazarlarına Nəzarət Palatasını (MBNP), onun Direktorlar Şurasının sədri Rüfət Aslanlını, eləcə də bankın auditini həyata keçirmiş “KPMG” audit şirkətini məhkəməyə verib.

Bu barədə bankın Kreditorlar Komitəsinin sədri, hüquqşünas Əkrəm Həsənov məlumat verib.

Onun sözlərinə görə, 82 əmanətçi “Bank Standard”ın müflisləşməsində təqsirli hesab etdiyi dövlət qurumlarına və şəxslərə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində və Nəsimi Rayon Məhkəməsində 6 kollektiv iddia irəli sürüb.

“Təqsirkarlardan vurulan zərərin əvəzi – 47,5 mln. dollardan çox məbləğin ödənilməsi tələb olunur. Bu, təxminən 81 mln. manat təşkil edir. Xatırladıram ki, ümumiyyətlə, əmanətçilərin bu bankda 157 mln. manatı qalıb. Yaxın vaxtda digər əmanətçilər də bu iddialara qoşulacaq.

 

 

Elman Rüstəmov ile ilgili görsel sonucu

 

İddiada əsas sübut kimi Ali Məhkəmə tərəfindən təsdiq olunmuş Ləğv Planına istinad olunur. Belə ki, Ləğv Planında “Bank Standard”da uzun illər boyu baş vermiş kobud qanun pozuntuları ətraflı təsbit edilib. Yekunda da qeyd olunub ki, 1,2 mlrd. manat borcu olan bankın cəmi 196 mln. manatlıq əmlakı var. Bu isə o deməkdir ki, yəni zərər 1 mlrd. manatdan çoxdur. Buna görə də əmanətçilərə 1 qəpik də qaytarılmayacaq”, – deyə vəkil qeyd edib.

Məsələ ilə bağlı hüquqşünas Əkrəm Həsənov “Yeni Müsavat”a ətraflı açıqlama verib. O bildirib ki, proses Avropa Məhkəməsinə qədər davam edə bilər: “Əgər Azərbaycan məhkəmələri bu iddiaları təmin etməsə, biz Avropa Məhkəməsinə müraciət edəcəyik. Çünki Azərbaycan məhkəmələrinin bu iddiaları təmin etməməsi ehtimalı böyükdür. Ancaq faktlar göz qabağındadır. “Bank Standart” əmanətçilərinin bu iddiasından sonra mənə digər bankların əmanətçiləri də zəng ediblər ki, onlar da məhkəməyə müraciət etmək istəyirlər. Özü də təkcə son illərdə bağlanan bankların yox, “Bank of Azərbaijan”ın, hətta “Royal bank”ın əmanətçiləri də müraciət ediblər ki, biz də birləşmək və məhkəmələrdə iddia qaldırmaq istəyirik. Biz artıq bu faktları sübut etməli olmayacağıq, çünki Ali Məhkəmənin təsdiq etdiyi Ləğv Planında var. Son nəticədə Ləğv Planında deyilir ki, bankın 1 milyard 200 milyon manat borcu var, cəmi əmlakı isə 196 milyon manatdır. Yəni bankın zərəri 1 milyard manatdan çoxdur”.

 

Mərkəzi Bank ile ilgili görsel sonucu

 

Hüquqşünas onu da vurğuladı ki, bu məsələdə əmanətçilərin mülkiyyət hüququ ilk növbədə konstitusiya ilə qorunur və cavabdeh tərəf dövlət qurumlarıdır: “Azərbaycan Konstitusiyasının 68-ci maddəsinin 3-cü bəndində deyilir ki, hər kəsin dövlət orqanlarının və yaxud vəzifəli şəxslərin qanunazidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində ona vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüquq var.

“Banklar haqqında” Qanunun 92-ci maddəsində isə konkret olaraq deyilir ki, Mərkəzi Bank, MBNP və onların vəzifəli şəxsləri bank nəzarətini həyata keçirərkən qanunsuz hərəkət və ya hərəkətsizliyə yol veriblərsə, onlar vurulan zərərə görə məsuliyyət daşıyırlar. Bu qanuna görə bank nəzarətinin əsas mahiyyəti odur ki, Mərkəzi Bank illər boyu “Bank Standart”a nəzarət etməli idi ki, əmanətçilərin də hüquqları qorunsun. Ancaq Mərkəzi Bank bu nəzarəti etməyib. Açıq şəkildə görünür ki, AMB illər boyu bu banka kreditlər verib və bu bank vasitəsilə konkret sahibkarları kreditləşdirib, bu yolla girovlar əldə edib.

 

“Bank Standart ile ilgili görsel sonucu

 

Bir faktı da deyim ki, “Banklar haqqında” Qanuna görə, ildə bir dəfə bank kənar auditor tərəfindən yoxlanmalıdır və həmin yoxlamanın nəticəsi də Mərkəzi Banka verilməlidir. 2014-2015-ci illər üzrə bunu etməyiblər. Bankın auditoru olan “KPMG” 3 dəfə Mərkəzi Banka rəsmi müraciət edib ki, yoxlama aparmağa imkan vermirlər. Bizim əlimizdə Azərbaycan Auditorlar Palatasının bu barədə rəsmi məktubu var. Bütün bunlar onu göstərir ki, ən azı AMB və sədri Elman Rüstəmov, eləcə də baş direktoru Rəşad Orucov “Bank Standart”a nəzarəti həyata keçirərkən hərəkətsizliyə yol veriblər.  Vaxtında müdaxilə etməyiblər və vəziyyət gəlib bu həddə çatıb. Mövcud qanunvericilik əmanətçilərə tam əsas verir ki, pullarını bu şəxslərdən  istəsinlər. Eyni məsələ MBNP-nin sədri Rüfət Aslanlıya, İbrahim Alışova, Xalid Əhədova da aiddir ki, onlar 2016-cı ilin mayından sentyabrına qədər guya bankda sağlamlaşdırma aparıblar. Bunun özü də qanunsuz idi. Çünki Nazirlər Kabinetinin müvafiq qərarı yox idi. Ləğv planında da yazılıb həmin sağlamlaşdırma dövründə bank hər ay 30 milyon manat itkiyə məruz qalıb. Sağlamlaşdırma dövrü 5 ay olub və bu dövr ərzində onlar 150 milyon manat itirdilər. Daha sonra bank nəzarəti Mərkəzi Bankdan alınıb MBNP-yə verildi. Bundan başqa, Mərkəzi Bankın Bank Standarta verdiyi 115 milyon manat kredit də var idi ki, o pul da itib getdi. Heç kim də indiyə kimi demir ki, o pulu nə ediblər”.

 

Əkrəm Həsənov ile ilgili görsel sonucu

 

Əkrəm Həsənovun sözlərinə görə, bu şəxslərdən başqa haqqında iddia qaldırılanlar arasında audit şirkəti və bankın keçmiş rəhbərləri də var: “Audit şirkəti  uzun illər yoxlama aparıblar və məlumat  veriblər ki, hər şey qaydadasındadır, buna görə cavab verməlidirlər. Digər şəxslər bankın keçmiş İdarə Heyəti sədrləri  Səlim Krimanla Abbas Nəsibovdur. Onlar da  bankın müflisləşməsində günahkardırlar. Bəlkə də başqaları da var. Hətta bəzi əmanətçilər tələb edirlər ki, Heydər Babayevi də məhkəməyə verək. Mən isə bildirdim ki, kimin əlində fakt varsa, təqdim etsin və onu da məhkəməyə verək. Heydər Babayevin adı heç bir sənəddə yoxdur. Deyimlər var ki, bu bank onun olub, ancaq əlimizdə fakt yoxdur.  Bizim məhkəməyə təqdim etdiyimiz iddialar sırf əlimizdə olan faktlarla bağlıdır. Əmanətçilər bununla bağlı dövlət başçısına da müraciət ediblər.

Əgər 1 saylı İnzibati İqtisad Məhkəməsində və Nəsimi Rayon Məhkəməsində işə ədalətli şəkildə baxılsa, müsbət qərar verilməlidir, əmanətçilərə dəyən ziyan kompensasiya edilməlidir. Yerli məhkəmələr xeyrimizə qərar verməsə, mən əminəm ki Avropa Məhkəməsində iddialarımız təmin ediləcək. Əminəm ki, beynəlxalq maliyyə qurumları bu məhkəmələri diqqətlə izləyəcək”.

Əkrəm Həsənov diqqətə çatdırdı ki, əgər məsələnin araşdırılması zamanı cinayət əməlləri ortaya çıxsa, ilk növbədə AMB sədri və baş direktorunun həbsi qaçılmazdır: “Bizim iddiamız sırf mülki iddiadır. Tələbimiz odur ki, əmanətçilərə vurulan zərər ödənilsin. Məhkəmə prosesində müəyyən olunsa ki, bu vəzifəli  şəxslərin əməlində cinayət faktoru var, əlbəttə, onların həbsi gözlənilir. Mən bunu heç də istisna etmirəm, sadəcə, əlimizdə fakt yoxdur. Onu da deyim ki, bizim müraciətimiz əsasında Baş Prokurorluq artıq Səlim Krimanı axtarışa  verib. Mən hesab edirəm ki, bankın müflisləşməsində əsas gühankarlar  Elman Rüstəmovla Rəşad Orucovdur. Onlar uzun illər boyu bu qədər qanunsuzluğu görməyə bilməzdilər. Əgər görərək susublarsa, onların bu əməlləri  araşdırılmalıdır. Əksinə, bu müddət ərzində hələ banka kredit də veriblər. Mən istisna etmirəm ki, bu məsələlər dərindən araşdırılsa son nəticədə elə Elman Rüstəmovla Rəşad Orucov həbs edilə bilərlər”.

Qeyd edək ki,  prezident seçkisindən sonra  maliyyə məsələlərini kurasiya edən bir sıra şəxslərin vəzifədən alınacağı gözlənilir. Onların sırasında isə ən başda Milli Bank sədri gəlir…