Silaha oxşar alışqan, lüks maşınlara basqın
Bakıda 72 yaşlı kişinin evinə basqın etməkdə təqsirləndirilən 7 nəfərlik dəstənin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Dəstə üzvlərindən biri qadındır. Onlar yaşlı kişinin bağ evini satdığını və külli miqdarda pulunun olmasından xəbər tutublar.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda və quldurluqda təqsirləndirilən Cəlil Quliyev, Elvin Salahov, Vüqar Qələndərov, Murad Səfərov, Əziz Əliyev, Vüsal Hüseynov və Gülər Bəxtiyarzadənin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı çıxış edib.
İttiham aktında yazılır ki, təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 177.2.4 (oğurluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 181.2.2-ci (quldurluq, təkrar törədildikdə), 181.2.3-cü (quldurluq, yaşayış sahəsinə, qanunsuz olaraq girməklə törədildikdə), 181.2.4-cü (quldurluq, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 181.2.5-ci (quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə), 326.1-ci (rəsmi sənədləri, ştampları və ya möhürləri tamah məqsədi və ya digər şəxsi niyyətlə oğurlama, məhv etmə, zədələmə və ya gizlətmə) və 326.2-ci (vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportunu və ya digər mühüm şəxsi sənədini oğurlama) maddələri ilə ittiham irəli sürülüb.
Məlumata görə, dəstə üzvləri yaşlı kişinin evinə basqın edərək 50 min manat ələ keçirməyi planlaşdırıblar. Amma planları tam olaraq baş tutmayıb.
Hadisə ötən il, aprelin 26-da Nəsimi rayonu ərazisində baş verib. Dəstə üzvləri gecə saat 4 radələrində rayon sakini Səyyad Cəbiyevin mənzilinə aldatma yolu ilə girərək Səyyad Cəbiyevin başına dəmir parçası ilə xəsarət yetiriblər. Onlar evdə 50 min manat axtarsalar da oradan içərisində 200 manat pul və sənədlər olan pulqabı aparıblar.
Nəsimi Rayon Polis İdarəsi və 19-cu Polis Bölməsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinənlər – Bakı şəhər sakini Murad Səfərov, Tərtər rayon sakini Gülər Bəxtiyarzadə və Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Elvin Salahov tutulublar.
Əməliyyat tədbirləri nəticəsində digər şəxslərin saxlanılması da mümükün olub.
Araşdırmalar zamanı məlum olub ki, cinayəti törətməkdə ittiham edilən şəxslərdən biri- Murad Səfərov evinə basqın edilən şəxsin bacısının nəvəsi imiş.
Hadisədən əvvəl Murad Səfərov digər dəstə üzvlərinə qohumunun bir neçə gün əvvəl bağ evini satdığını və mənzildə külli miqdarda pulun olduğu barədə məlumat verib. Dəstə üzvləri oğurluq etməyi planlaşdırıblar.
Evə daxil omaq üçün əvvəlcə Gülər Bəxtiyarzadə qapını döyüb. Özünü aşağı mərtəbədə yaşayan qonşu kimi təqdim edib və evlərinə su damdığını söyləyib. Ahıl yaşlı kişi qapını açandan sonra digər dəstə üzvləri evə basqın ediblər. Yaşlı kişiyə silahla hədə-qorxu gələrək bağ evinin pulu verməsini tələb ediblər. Amma evdə axtarış aparsalar da qeyd edilən miqdarda pulu tapa bilməyiblər. Onlar sadəcə yaşlı kişinin pul qabını tapa biliblər. Pul qabında isə 200 manat və sənədlər olub. Qonşular səs-küyə çıxan zaman isə dəstə üzvləri hadisə yerindən qaçıblar.
Bundan başqa təqsirləndirilən şəxslərdən bəzilərinin bir neçə oğurluq əməlində iştirak etdiyi məlum olub.
Məhkəmədə təqsirləndirilən şəxslər özlərini qismən təqsirli biliblər.
Təqsirləndirilənlərdən Cəlil Quliyev Bakıda avtomobildən 20 min manat oğurlaması epizodu üzrə danışıb. O, əməlini etiraf edib və borcu olduğu üçün oğurluq etdiyini söyləyib. Suallara cavab verən C.Quliyev vurduğu zərəri geri qaytarmadığını söyləyib: “Borclarımı qaytarmışam. Pul yoxdur”.
C.Quliyev digər epizodlar üzrə ifadə vermək istəmədiyini deyib.
Digər təqsirləndirilən Elvin Salahov isə ifadəsində avtomobildən akumlyator oğurlaması epizodu üzrə danışarkən əməlini etiraf edib. O, dəymiş zərəri ödədiyini söyləyib.
Elvin Salahov yaşlı kişinin evinə basqın etdiklərini də etiraf edib. Söyləyib ki, həmin zaman silahdan istifadə etməyiblər. O qeyd edib ki, əlində silah formasında olan alışqan olub.
Təqsirləndirilən şəxs ev sahibinin sənədlərini götürmədiklərini, ittihamda yazıldığı kimi həmin sənədləri məhv etmədiklərini söyləyib.
Digər təqsirləndirilən şəxslər də rəsmi sənədləri götürmədiklərini söyləyiblər.