Amerikanın nüfuzlu yəhudi təşkilatının illik toplantısında Azərbaycanın nailiyyətləri müzakirə olundu
Vaşinqton şəhərində ABŞ-ın ən nüfuzlu yəhudi təşkilatı olan Amerika İsrail İctimai İşlər Komitəsinin (AİPAC) illik siyasi konfransı çərçivəsində artıq ənənəyə çevrilmiş Azərbaycan-İsrail tərəfdaşlığına həsr edilmiş “Yeni sərhədlər: İsrailin Qafqazda və Mərkəzi Asiyada strategiyası” mövzusunda seminar keçirilmişdir.
250 nəfərədək ictimai-siyasi, akademik, biznes və diplomatik korpus dairələrin nümayəndələrinin qatıldığı seminarda əvvəlki illərdəki kimi Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, Avrasiya Yəhudilərinə Dəstək Milli Koalisiyasının vitse-prezidenti Mark Levin, tanınmış politoloqlar – Corctaun Universitetinin professoru Brenda Şaffer və Mərkəzi Asiya-Qafqaz İnstitutunun İpək Yolu Tədqiqatları proqramının direkoru Svante Kornel iştirak etmişdir.
E.Süleymanov Azərbaycanın dünyanın ən strateji qovşaqlarından birində yerləşdiyini və müxtəlif mədəniyyətləri birləşdirən məkan olduğunu vurğulamışdır. Bu xüsusda diplomat bu il Azərbaycanın Xalq Cumhuriyyətinin yaranmasının 100 illiyini qeyd edərək müsəlman Şərqində ilk demokratik respublikanın məhz Azərbaycanda yarandığını dinləyicilərin diqqətinə çatdırmış və bunun da Azərbaycan cəmiyyətinin dərin tolernatlıq ənənlərinin bir göstəricisi olduğunu bildirmişdir. Bugün isə bu ənənələr davam edir və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyəv tərəfindən keçirilən uğurlu siyasəti nəticəsində müasir Azərbaycan dövləti dünyada mədəniyyətlərarası dialoqun mərkəzinə çevrilmişdir.
Bundan əlavə, səfir Azərbaycan ilə ABŞ arasında mövcud olan strateji əməkdaşlıq çərçivəsində ölkəmizin Əfqanistanda sülhməramlı əməliyyatın aparılmasında olan dəstəyi, dünyanın enerji xəritəsində artan rolu və yeni İpək Yolunun mərkəzində dayanan irimiqyaslı nəqliyyat layihələrin təşəbbüskarı olaraq ABŞ ilə iqtisadi münasibətlərin inkişafına müsbət təsir göstərdiyini vurğulamışdır.
Azərbaycan ilə İsrail arasında münasibətərin dostluq və əməkdaşlıq əsasında qurulduğunu və İsrail dövlətinin sabiq prezidenti, baş naziri və digər yüksək rütbəli nümayəndlərin Azərbaycana səfərlərini xatırlayan diplomat İsrail dövlətinin müsəlman dünyası ilə əlaqələri qurmaq prosesində Azərbaycanın aparıcı və əhəmiyyətli rolunu qeyd etmişdir.
Eyni zamanda səfir E.Süleymanov 2017-ci ildə Azərbaycanda keçirilən “İslam həmrəyliyi İli”nə həsr olunmuş konfransda iştirak üçün Azərbaycana tanınmış yəhudi və xristian xadimlərin dəvət olunmasını və onların çıxışlarını xatırlatmışdır. Azərbaycanda əsrlər boyu Azərbaycanda müsəlmanlar, yəhudilər və digər dini icma üzvlərinin dostluq və mehribanlıq şəraitində yaşadığını qeyd edilmiş və hər bir Azərbaycan vətəndaşı üçün Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə apararaq şəhidlik zirvəsinə yüksəlmiş milliyətcə yəhudi olan Azərbaycan Milli Qəhramanı Albert Aqarunovun əsl vətənpərvərlik nümunəsi olduğu da vurğulanmışdır.
Bundan əlavə, çıxışlarında Mark Levin, Brenda Şaffer və Svante Kornel tolerantlıq ənələrinin və dinlərarası dialoqa dair çoxsaylı misalları qeyd etmiş, bunun inkişaf etdirilməsi istiqamətində aparılan işlərdə ölkə rəhbərliyinin olduqca vacib rolunu vurğulamışdır və eləcə də ekstermizimə və radikalizmə qarşı mübarizədə Azərbaycan təcrübəsinin digər dövlətlər üçün də faydalı ola biləcəyini demişdir. Həmçinin, Azərbaycan torpaqlarının 20 faizinin işğal altında olduğunu və bir milyondan çox məcburi köçkünün
olmasına baxmayaraq ölkə siyasətinin radikalizmdən uzaq olduğu qeyd olunmuşdur. B. Şaffer isə Azərbaycanın Avropanın enerji təhlükəsizliynə olan əhəmiyyətli töhfəsindən danışaraq bu sahədə qazandığı statusu qeyd etmişdir.
Müzakirə zamanı Hyuston-Bakı Qardaşlaşmış şəhərlər Assosiyasiyası tərəfindən Hyustonda ötən il Harvi qasırğası nəticəsində zərər görmüş yəhudi icmasının ən böyük dini məbədi – Bet Yeşurun sinaqoqunun bərpasında maddi yardımın göstərilməsi ikitərəfli münasibətlərin davamlı inkişafına növbəti sübut olduğu qeyd edilmişdir. Göstərilən yardım konfrans iştirakçıları tərəfindən alqışlarla qarşılanmışdır.
Seminarın sonunda müzakirə edilən mövzu tədbir iştirakçıları arasında böyük marağa səbəb olmuş və sual-cavab hissəsində iştirakçılar tərəfindən çoxsaylı suallar ünavnalanmışdır.
Qeyd etmək lazımdır ki, AİPAC təşkilatının hər il Vaşinqtonda keçirilən illik siyasi konfransı yəhudi icmasının ən böyük siyasi tədbiridir və tədbirdə 20000 nəfər yaxın iştrakçı, o cümlədən, ABŞ administrasiyasının və Konqresin nümayəndələri, digər yüksək rütbəli xadimlər, həmçinin İsrail və digər dövlətlərin xadimləri qatılır.
Bu ilki konfransda ABŞ-ın vitse-prezidenti Mayk Pens, İsrailin Baş naziri Benyamin Netanyahu, Albaniyanın Baş naziri Edi Rama və Baltikyanı dövlətlərin xarici işlər nazirlərinin çıxışları nəzərdə tutulur.