Nicat Müslümov: 11 aprel İlham Əliyevin ətrafında sıx birləşib dəstək olaq
Son 15 il ərzində görülən işlərə tək Azərbaycan daxilində yox, biz ölkə xaricində də rast gəlirik. Təbii ki, bunlar bizim üçün qürurverici hislərdir. Bunlar hamısı cənab İlham Əliyevin siyasətinin nəticəsidir . Hər kəsə məlumdur ki, hazırda ölkəmizdə olan sabitlik, firavan həyat tərzi, vətəndaşların rahat yaşaması bu günə kimi doğru qərarları ilə daim xalqın lideri olan Prezidentimiz İlham Əliyev cənablarının məqsədyönlü siyasətinin nəticəsidir. “Prezident İlham Əliyev hər dəfə gənclərə necə xüsusi qayğı ilə yanaşırsa, biz gənclər də bundan sonra onun ətrafında sıx birləşməklə ölkəmizin və dövlətimizin inkişafı üçün əlimizdən gələni etməliyik. Çalışmalıyıq ki, biz gənclər cənab Prezidentin göstərdiyi yolla, onun dəstəyi və diqqəti sayəsində inamla irəliləyək. Gələcək liderlər bu günün fəal gəncləridir. Buna görə də müasir imkanlardan, yaranmış şəraitdən istifadə edərək formalaşan gənc liderlərə böyük ümidlər bəslənir. Bu gün Azərbaycan gəncliyinin onun arxasında dayanan, hər zaman dəstək verməyə hazır olan bir dövləti var. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan bu siyasət nəticəsində Azərbaycan gəncliyi yüksək inkişaf mərhələsini yaşayır. Azərbaycan gənci idman, elm, mədəniyyət, incəsənət və s. sahələrdə böyük nailiyyətlər əldə edir, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli dövlət islahatlarının həyata keçirilməsində yaxından iştirak edir. Məhz Prezident İlham Əliyevin böyük əməyi və səyi nəticəsində Azərbaycan gəncliyi artıq cəmiyyətin inkişafında ciddi rolu olan fəal sosial təbəqəyə çevrilib. Bu, ondan irəli gəlir ki, cənab Prezident gənclərə, malik olduqları bilik və bacarıq potensialları müqabilində bütün sahələrdə geniş meydan verməyin tərəfdarıdır və bunun təmin edilməsi üçün diqqət və qayğısını əsirgəmir. Bu baxımdan hazırkı mərhələdə gənclər siyasətinin əsasını məhz ölkəmizin davamlı inkişafı prosesində gənclərin imkanlarından səmərəli istifadə edilməsi üçün hər cür şəraitin yaradılması təşkil edir”. Muğam Dünyası klubu çoxşaxəli fəaliyyətilə gənclərimizi milli maraqların qorunması məqsədi ətrafında sıx birləşdirir və Azərbaycan haqqında həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırır. Göründüyü kimi, yürüdülən gənclər siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri cəmiyyətin inkişafında fəal sosial təbəqə kimi demokratikləşmə prosesində fəal iştirak edir, mədəniyyət, incəsənət, iqtisadiyyat və digər sahələrdə nailiyyətlər qazanır, dövlətçiliyin möhkəmləndirilməsi prosesində yaxından iştirak edirlər. Eyni fikirləri Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının gənclərinə də aid etmək olar. YAP-ın sıralarında yer alan bütün gənclər əsasən, ölkənin ictimai-siyasi həyatında aktiv iştirak edir və sabitliyin, dinamik inkişafın qorunub saxlanılmasında mühüm rol oynayırlar. Bir sözlə, bu gün hərtərəfli dövlət qayğısı ilə əhatələnmiş Azərbaycan gəncliyi Heydər Əliyev ideyalarına sadiqdir və biz gənclər bundan sonra da dövlətimizin parlaq gələcəyi naminə, Vətənimizin inkişafı üçün böyük səylə çalışacaq, anti-Azərbaycançı şəbəkəsi ölkədə sabitliyi pozmağa cəhd göstərən radikalların çağırışlarını qətiyyətlə rədd edəcək və arxalandığımız Prezident İlham Əliyevin göstərdiyi etimadı doğruldacağıq.
Nicat Müslümov
Əlilliyi OLan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyinin nəzdində Muğam Dünyası klubunun sədri