Şəhərin bəzi yerlərində söküntü işlərinə başlanılıb

Nazirlər Kabinetinin 2016-cı il tarixli, 86 saylı qərarı ilə paytaxtın bir sıra rayonlarında söküntü işləri davam edir.

Cari ilin əvvəlindən Təbriz, Firdovsi Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsindəki məhəllədə yaşayan sakinlərin köçürülməsinə başlanılıb.

Belə ki, 37 saylı MKİS-nin rəhbərliyi sakinlərə bildiriş göndərərək, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azərdövləttikintilayihə” dövlət layihə institutu tərəfindən verilmiş aktın və qanunvericiliyin tələbi kimi həmin ərazilərdə mülkiyyətdə olan yaşayış evlərinin istismarının dərhal dayandırılmasını qeyd edib.

Bildirişdə vətəndaşlara fevralın 1-nə qədər evlərin boşadılması tapşırılıb.

Ərazidə olub, söküntü prosesini izlədik. Məlum oldu ki, hazırda “pilot layihə”ni bir neçə tikinti şirkəti icra edir.

Bunlar “Sipark-İnşaat”, “İnteks” Məhdud Məsuliyyətli Cəmiyyəti,  RNG Group, “Evrostroy-S.S”, “Şans”, “Alyans” MTK-lar və digərləridir. Sökülməsi nəzərdə tutulan binalar əsasən, 1, 3 mərtəbəli yaşayış evləridir.

Artıq sakinlərin yarıdan çoxu evlərindən köçürülüb.

Dediklərinə görə, müvəqqəti kirayə evlərə yerləşdiriliblər. MTK-lar bununla bağlı onlarla 20 aylıq müqavilə imzalayıb.

Öyrəndik ki, sakinlərə köhnə evlərinin müqabilində tikiləcək yeni binalardan mənzillər veriləcək. Binaların tikintisi azı iki il yarıma tamamlanacaq.

Bəzi sakinlər isə söküntü işlərinə baxmayaraq, hələ yaşayış yerlərini tərk etməyiblər. Buna səbəb də evlərinin girov kimi bankda olmasıdır:

“Bizim məsələmiz hələlik havada qalıb. Gözləyirik, qonşuların evlərini söküblər. Hər gün işləyirlər, iki uşaqla evdə qalmışıq, bankdan sənədləri ala bilmirik ki, bizi də köçürsünlər”.

Ərazidə olarkən diqqətimizi çəkən məqamlardan biri də “pilot layihə” ilə bağlı sakinlərlər arasnıda məlumatlılığın az olması oldu. Belə ki, bəziləri tikinti şirkətinin inşa prosesində müflis olacağından, işlərin yarımçıq qalacağından qorxur.

Halbuki pilot layihələr Nazirlər Kabinetinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və icra hakimiyyətlərinin nəzarətləri altında icra edilir.

Belə binaların yarımçıq qalması, sənəd, qaz və elektrik enerjisi kimi problemlərinin yaranması riski çox aşağıdır.

Ərazidə tikinti aparan şirkətlərdən birinin briqada rəhbəri isə əminliklə danışdı:

“Sakinlərin mənzillərlə təminatı ədalətli prinsiplə həyata keçiriləcək. Yəni sənədlərə əsaslansaq, sakinlər var ki, mənzilləri 14-30 kvadratmetr olub.

Layihə əsasında bu vətəndaşların mənzil təminatı da yaxşılaşdırılacaq. Belə ki, şirkət bu vətəndaşların ailə üzvlərinin sayını nəzərə alaraq, onları 60-80 kv.m. mənzillə təmin edəcək.

Ümumilikdə sakinlərin minimum 53, maksimum 80 kv.m. mənzillə təmin olunması nəzərdə tutulub.

Təbriz küçəsi ilə Kazım Kazımzadə küçəsinin kəsişməsində inşa etdiyimiz bu bina altı girişdən, 16 mərtəbədən ibarət olacaq. Binanın tikintisi ilə bağlı 158 ailə artıq kirayə mənzillərə köçürülüb.

Onlara hər ay yaşadıqları mənzillərin kvadratmetrinə uyğun 300-600 manat arası kirayə haqqı ödənilir”.

Məlum oldu ki, əsasən Qarabağ küçəsindəki köhnə mənzillərin əksəriyyətinin ümumi sahəsi 18-20 kvadratmetrdir.

Onu da qeyd edək ki, beş il müddətində paytaxtın doqquz rayonunda şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən tikililər söküləcək.

Belə ki, bu məqsədlə Suraxanı rayonu üzrə 3828 nəfərin yaşadığı, 1127 mənzildən ibarət olan, uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüş 63 yaşayış binasının, Nəsimi rayonu üzrə XIX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş, 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 yaşayış binasının, Xətai rayonu üzrə 6956 nəfərin yaşadığı 2016 mənzildən ibarət 99 yaşayış binasının, Nərimanov rayonu üzrə 11031 nəfərin yaşadığı 3028 mənzildən ibarət 219 yaşayış binasının, Nizami rayonu üzrə keçən əsrin 50-60-cı illərində inşa edilmiş, 5395 nəfərin yaşadığı 1779 mənzildən ibarət 131 yaşayış binasının, Yasamal rayonu üzrə 1257 nəfərin yaşadığı 427 mənzildən ibarət 18 yaşayış binasının, Səbail rayonu üzrə 1819 nəfərin yaşadığı 535 mənzildən ibarət 41 yaşayış binasının, Pirallahı rayonu üzrə 3131 nəfərin yaşadığı 1174 mənzildən ibarət 297 yaşayış binasının, habelə bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri – yaşayış obyektlərinin sökülməsi və yenidən qurulması həyata keçirilməlidir.