“Drakon” məktəb direktoru ilə davası barədə danışdı – FOTOLAR

Rza Rzayev: “Dedim, sən mənim bacımdan soruşsan adının mənası nədir, sənin başını kəsərəm, şalvarını da çıxarıb, boynuna bağlayaram”

“Dolu” filmində yaratdığı “Drakon” obrazı ilə ölkədə tanınan aktyor Rza Rzayevlə Nizami rayonu 220 saylı məktəb-liseyin direktoru arasında baş verən insident barədə musavat.com ötən gün yazmışdı. Bu barədə yayılmış videkadrlardan da belə məlum olurdu ki, aktyor direktor müavini olan bacısı Zeynəb Rzayevanın işdən çıxarılmasına etiraz olaraq məktəb direktoru Tural Mirzəyevin kabinetində onunla mübahisə edib. Əslində nə baş verib? Qalmaqala aydınlıq gətirməkdən ötrü redaksiyamızda aktoyorla söhbət etdik.

– Rza bəy, 220 saylı orta məktəbin direktorunun kabinetində baş verənlərin videgörüntüsü çoxlarını heyrətləndirdi. Çünki sizi Azərbaycan tamaşaçısı film qəhrəmanı, aktyor kimi tanıyır və bu xoşagəlməz situasiyanı bir çoxları sizə yaraşdırmadı. Məsələnin görünməyən tərəfləri barədə nə deyə bilərsiniz? Bu insident nədən baş verdi?

– Öncə deyim ki, baş verənlərin səbəbləri var və qabaqlara bağlı olan məsələdir. Bu hadisə baş verməzdən öncə bir çox proseslər olub. Bəli, mənim bacım Rzayeva Zeynəb 15 ilə yaxındır ki, həmin məktəbdə ibtidai siniflər üzrə direktor müavini kimi çalışır. Əvvəlcə həmin məktəbin direktoru Almaz xanım idi, bacımı ona görə işə qoymuşduq ki, direktor xanımdır. Sonra ora Nərminə müəllimə direktor gəldi. Amma orada bir direktor müavini var ki…(Bu yerdə R.Rzayev konkret xanımın adını çəkərək onunla bağlı çox ciddi ittihamlar irəli sürdü. Lakin KİV haqqında qanunu əsas tutaraq, həmin xanım müəllimənin adını yazmırıq. Həmçinin şagirdlər arasında antimilli təbliğat (!) aparan müəllimlərin olduğunu da israrla bildirdi. R.Rzayev dediklərini sübuta yetirməkdən ötrü çox ciddi əsaslarının olduğunu da söylədi. Lakin “Yeni Müsavat” hesab edir ki, bütün bu məsələləri araşdırmaq müvafiq qurumların işidir-red.) Bütün bunları valideynlər gəlib Zeynəb Rzayevaya çatdırıb. O da həmin dövrdə məktəbdə direktor olan Nərminə xanıma deyib ki, sizin ədəbiyyat müəlliməsi yuxarı siniflərdə antimilli təbliğat aparır. Sonra onun məsələsini pedaqoji şurada qoyublar. Hətta bəzi hərəkətlərinə görə … müəllimə (ad çəkmirik-red.) orada döyülüb. Xatırlayırsınızsa, ermənilərlə dostluğu təbliğ edən ingilis dili müəllimi Rövşən Əzizov da həmin məktəbdə işləyirdi. Demək, Zeynəb Rzayeva bu kimi əməllərin üstünü açdığına görə …müəlliməgil (yenə ad çəkmirik-red.) onunla düşmənidilər. Bunlar da fürsət gəzirdilər ki, Zeynəb müəlliməni cəzalandırsınlar. Amma həmin iki direktorun dövründə buna imkan verilməyib. Nəzərə çatdırım ki, ibtidai metodikanın korpusu da ayrıdır.

– Bu hadisələr nə zaman baş verib?

– 1 il öncə. Sentyabr ayında artıq məktəb direktorunu dəyişiblər, Tural adlı birisini ora əvəzedici kimi qoyublar. Bu gələn gündən müəllimləri yığıb ora, ay filankəslər, siz burda pul alırsınız, nə bilim neynirsiniz, belə söhbətlər edib. Valideynlərin arasında təbliğat aparıb ki, mənim “moykam”, restoranım var, ordan gələn pulları gətirib məktəbə qoyacağam. Biz də mühafizəkar ailəyik. Məktəbdə nə olubsa, bacım onun hamısını gəlib mənə deyib. Mən də dedim ki, biz azdan biz bu işlərin axırını görərik. Üstündən bir az keçdi, Zeynəb müəllimə dedi ki, bəs, bir neçə hazırlıq kursları gəlib məktəbdə təbliğat aparırlar, şagirdlərin hazırlığı üçün. Buna da rektor əvəzi özü icazə verib. Bütün müəllimlərdən də məcburi izahat alıb ki, bunu Zeynəb müəllimə edib. Bunun sübutu da, müəllimlərin vatsap-da səs yazısı da var məndə. Sonra gedib Zeynəb müəlliməyə töhmət verdirib. Guya ki, bunlar gəlib dərs prosesini pozub, amma əslində özü icazə verib. Hətta “Unikal” və digər kurslara görə Zeynəb müəllimə haqqında ərizələr alıb. Həmçinin ona Bakı Şəhər Təhsil İdarəsindən xəbərdarlıq da verilib. Lakin direktor bu xəbərdarlığı Zeynəb müəlliməyə göstərməyib. Ancaq indiki deyir sənin işini dəyişirəm, xəbərdarlığı təqdim edir. Deməli, noyabr ayında olan xəbərdarlığı yanvar ayında ortaya çıxarır ki, xəbərdarlıq əsasında sənin işini dəyişirəm. Yenə deyirəm, Zeynəb müəllimənin işdən çıxması heç bir problem yaratmır. Onsuz da biz Zeynəb müəlliməni o cür adamla birgə işləməyə qoymarıq. Başqa bir məsələni deyim. Bunlar şagirdlər arasında sınaq imtahanı keçiriblər və qiymətlər aşağı olub. Bütün valideynlər, ibtidai sinif müəllimləri ayağa qalxıb. Zeynəb müəllimə gedib Tural müəllimdən cavabları alıb, gətirib yoxlayıblar ki, cavabları 50 faiz səhv yazıblar. Yəni nəticə aşağı olsun, Zeynəb müəllim üçün əsaslar hazırlansın. Sonra Zeynəb müəlliməni çağırıb ki, sən hazırlıq pullarını yığ, Təhsil İdarəsi ilə müqavilə bağlamışıq.

Müəllimə də bir ay yığıb. Burada imza və miqdar da göstərilib. (vərəqdəki imzaları göstərir-red.) Deyib siz mənə müqaviləni verin, valideynlərə göstərim, görsünlər hüquqi məsələdir. Amma imtina edib. Bundan sonra mən də dedim ki, bu məsələ qanunsuzdur, sən o pulu yığmaqdan imtina et. O da gedib imtina edib. Çağırın Zeynəb müəlliməni ki, mən nə deyirəm, sən onu etmirsən. Onda sən niyə burda işləyirsən? Sonra…Təzə gələn vaxtlarda direktor müəllimələri bir-bir otağına çağırıb, üz-üzə oturub, soruşub ki, adın nədir? Adının  mənası nədir?  Bir müəllimə də gəlib qızarmış halda Zeynəb müəlliməyə deyib ki, mən bir də onun otağına getməyəcəyəm, mənim adımın mənasını niyə soruşur? Girir kompüterə, adımın mənasına baxır, deyir sənin adının mənası “gözündən od, atəş yağmaq” deməkdir. Başqa xanım, cavan müəlliməni çağırıb deyir ki, bir gedib birgə çay içərik. Bunu da Zeynəb müəlliməyə çatdırıblar. Zeynəb müəllimə də tövsiyə məqsədilə gedib deyib ki, siz cavan adamsınız, biz burda 15 ildir çalışırıq. Sizdən xahiş edirəm, etik qaydalara riayət edin, bəlkə siz o cür düşünmürsünüz, amma sizin danışığınızda problemlər var, bu, başqa cür yozula bilər. Müəllimlər arasında narahatlıq var, heç kəs sizin kabinetə gəlmək istəmir. Həmçinin müəllimlər pul qoyub, 20o manat yığıb sinfi təmir ediblər. Amma direktor onların pulunu verməyib. Belə olduqda müəllimələr hazırlıq pulunu götürüblər. Direktor Zeynəb müəlliməni  yanına çağırıb ki, sənin müəllimələrin niyə gəlib məndən pul istəyir? Sən müəllimləri idarə edə bilmirsən? Mən sənin işini dəyişirəm, başqa sahə üzrə direktor müavini qoyuram. Deyib səbəb nədir? Onsuz da mən işdən çıxmaq istəyirəm. Hələ siz gələn günü mən demişdim ki, qardaşım Türkiyədədir, gələcək, mən işdən çıxacağam, çünki qadın direktor olmasa, işləməyə qoymurlar. Həmin müddətdə mən Türkiyədə, festivaldaydım.

“Əgər qanunu pozmuşamsa, 1 il iş düşürsə, mənə 5 il versinlər”

– Zeynəb xanım hazırda işinə davam edir, yoxsa…

– Bəli, bəli. Hazırda işdədir. Zeynəb müəllimənin kabinetinin qarşısına mühafizəçi qoyub, ki, görüm onun yanına kim girib-çıxır, baxın. (fotonu göstərir-red.) İndi də valideynləri də yığıb məktəbə ki, guya biz onların haqqında pis söz demişik, tədrisi pozuruq, təxribatla məşğul oluruq…Xahiş edirəm, qulaq asın. (Bu dəfə Whatsap-dakı səs yazısını təqdim edir. Burada bir xanım qrupa elan edir ki, dekabr ayından hazırlıqların ödənişini başqa bir müəlliməyə ödəniləcək- konkret ad çəkir – red.) Mən heç kimin səsini yazmamışam, sadəcə qrupdakı səs yazısıdır.

– Videodan görünür ki, bir neçə dəfə dövlətin qurulmağında iştirak etdiyinizi deyibsiniz. Xahiş edirəm, bunu açıqlayardınız. Hansı iştirakdan söhbət gedir?

– Bəli, mən orda demişəm. Mən 1991-93-cü illərdə Ayaz Mütəllibov və Cəbhə hakimiyyətinə qarşı müxalifətdə olmuşam. Hər kəs məni tanıyır. “Dubinka”lar yemişəm. İsgəndər Həmidovun “Bozqurd”larının, digərlərinin “dubinka”sını yemişəm. Çox qəşəng döyüblər, belimdə, başımda hələ də yırtıqlar var. Mən qatı Əliyevçiyəm. Həmçinin bu hökumətin ayağının altını qazanlara qarşı mübarizə aparıram. Mənim Heydər Əliyev haqqında yazılarım var: “Heydər Əliyevi sevməyən türk ola bilməz” və s. Turqut Ərə cavabım var. Onlar deyəndə ki, “budurmu sizin qurduğunuz hökumət”, mən deyirəm  bizim qurduğumuz hökumət bu deyil, bunlar siyasi qalıqlardır, mənşəyi bilinməyən adamlardır. Bu adam FETO-çudur, iki il yarım Qafqaz Universitetində çalısı, təxribatla məşğuldur.

DSCN2447.JPG (498 KB)

– Çox ağır ittiham oldu. Təhsil Nazirliyi təyinatlar zamanı yəqin ki, hər kəsi ciddi araşdırır…

– Qoy araşdırsınlar. Bu adam həmin universitetdə işləyib. Olmasa, işləyə bilərdimi? Bir də bunun etdiyi hərəkətlər. Dövlətin bu anında, seçkilər ərəfəsində bu boyda müəllim heyətini, digərlərini hakimiyyətdən narazı salmağının səbəbi nədir? Mən də ondan soruşuram ki, ay qardaşım, mən sağlamlığımı itirmək bahasına qurduğum hökumətdə, dövlətdə, hakimiyyətdə bu haqsızlıqları nədən edirsən? Bəli, mən heç kimdən eşitmək istəmirəm ki, “bir qatı Əliyevçinin də sonu belə oldu”. O kəlməni mənə deyən olsa, ölkədən imtina edib gedəcəyəm. Nəyə görə bunlar olmalıdır? Nəyə görə siyasi mənşəyi bilməyənlər gəlib vəzifə tutmalıdırlar, hakimiyyətin ayağının altını qazmalıdırlar, bunun adı bizə yazılmalıdır?

– Rza bəy, amma bütün qanunsuzluqlar üçün də qanunlar, müvafiq orqanlar var. Siz həm də tanımış aktyorsunuz, sıradan biri deyilsiniz. Sizi illərdir ki, tamaşaçı “Drakon” çağırır. Heç özünüzü qınadınızmı ki, gərək belə qalmaqallı vəziyyətlə üzləşməkdənsə, məsələnin hüquq müstəvidə həllinə çalışaydım?

– Yox, mən etdiyim hərəkəti normal bilirəm. Orda heç bir səhv yoxdur. Mən özümdən bir az çıxmışam, hirsli danışmışam, amma bunun səbəbləri var. Hər bir azərbaycanlının namusunu, şərəfini qorumağa hazıram. Bunun üçün hansı qanun pozuntularına yol vermişəmsə, onun ikiqat cəzasını çəkməyə hazıram! Mənim üçün bunun heç bir qorxusu yoxdur. Əgər qanunu pozmuşamsa, 1 il iş düşürsə, mənə 5 il versinlər! Amma qoy, bu, nümunə olsun ki, nəinki məktəbdə, küçədə Azərbaycan qadınına o gözlə baxmaq olmaz! Hər qadına o gözlə baxmaq olmaz! Mən bunun tərəfindəyəm. Bizim məqsədimiz budur. Qoy bir nümunə yaransın ki, cəmiyyətimiz görsün ki, dayanacaqda duran qadına maşını saxlayıb sataşmaq olmaz, məktəbdə müəllimələrlə bu cür davranmaq olmaz. Mən bunun bir nümunəsini yaradıram. Mən sənət insanıyam, cəmiyyətdə qaranlıq qalan yerlərə işıq tuturam. Mənim işim budur, rejissoram, cəmiyyətə yön verirəm.

“Mən 1991-93-cü illərdə Ayaz Mütəllibov və AXC  hakimiyyətinə qarşı müxalifətdə olmuşam, qatı Əliyevçiyəm”

– Niyə ora siz getdiniz? Müəllimə özü sözünü deyib çıxa bilərdi…

– Niyə Azərbaycan vətəndaşı gedib bir müəllimlə, məktəb direktoru ilə danışa bilməz?! Burada hansı qanun pozuntusu var? Zeynəb müəllimənin atası yoxdur, mən həm də onun valideyniyəm. Getmişəm ki, məktəb direktoru ilə sakitcə söhbət edim. Qapını döydüm, gördüm içəridə adamlar var. Qapını bağladım.

– Orda başqa kimlər var idi?

– Bakı Şəhər Təhsil İdarəsinin işçiləri idi, çay içirdilər. Çıxdı çölə, dedim sizinlə 5 dəqiqəlik işim var. Dedi vaxtım yoxdur səni qəbul etməyə, bunlar axşama qədər mənim kabinetimdə olacaqlar. Dedim onda olar, keçim içəri, sözümü deyim? Keçdim içəri, soyundum, oturdum. Dedim hansı əsaslarla Zeynəb müəllimənin işini dəyişmək istəyirsiniz? O burda qalıb işləmək istəmir, əmrini ver, işdən çıxart! O da dedi ki, yaxşı edirəm, sən kimsən? O təxribata çəkəcəksə, “mən yaxşı edirəm, filoloqam, müəllimlərə hansı sözü istəsəm, deyərəm”, daha nələr. Sən filoloqsansa, bəlkə müəllimlərə şeir deyəsən, roman oxuyasan? Get, evində filoloqluq elə! Sən məktəb direktorusan. Deyir mən məktəbdə rüşvəti ləğv eləmişəm. Məktəbin 70 faizi hazırlığa gəlir, hazırlıq pulu adı ilə həmin pulları yığır.

– Bunu təsdiqləyən faktınız varmı?

– Bəli. Bax, 29 yanvarda müəllimlər Zeynəbi müdafiə ərizəsi yazıb, imzalayıblar. (Ərizənin surətini göstərir-red.) Amma sonra yarısından Zeynəbin əleyhinə ərizə yazdırıb və imzalarından imtina etdirib.

– Əgər Zeynəb xanım, bacınız işdən çıxmaq niyyətindədirsə, kollektiv niyə onun qalmasında israr edirdi ki?

– Deyilib ki, sən hansı əsasla müəllimənin işini dəyişirsən? Yerdəyişməni əsaslandır. Biz ümumiyyətlə işdən çıxırıq, işləmirik. Müəllimə hələ sentyabr ayında deyib ki, işləməyəcək. Lakin indi deyir sənin iş yerini dəyişirəm. Biz də deyirik ki, səbəbini de, sonra qərarını ver!

– Direktorun arqumentləri nə olub?

– Heç nə. Guya ki, “Unikal”, ya “Tufan” kursları gəlib, məktəbdə təbliğat aparıb. Əşi, onu sən özün buraxırsan da, pulunu alaraq.

– Bütün bunlardan sonra işdən çıxmaq üçün sadəcə ərizəni yazıb təqdim etmək kifayət deyildimi? Bunu niyə etməmisiniz?

– Bacım mənə zəng vurdu. Getdim ki, direktorla danışım. Elə əlimdə də ərizə var idi, videoda görünür. Çıxart da bunu işdən! Sənin kimi adamın yanında biz qoyarıqmı bizim bacımız işləsin? Dedi çıxartmıram. Yaxşı edirəm, məktəb direktoruyam. Yox, məsələnin böyüməsin səbəbi bu oldu: “mən kimlə istəsəm belə danışa bilərəm”. Dedim sən mənim bacımdan soruşsan adının mənası nədir, sənin başını kəsərəm, şalvarını da çıxarıb boynuna bağlayaram. Sən kimsən ki, deyirsən filoloqam, kimlə istəsəm, elə danışaram? Hələ o birilərin də əri, qardaşı gəlib gör səni neyləyəcək! O sözü mənim bacıma deməyib, orda yanlış yazıblar, başqa müəllimələrə deyib. Sadəcə bacım gedib tövsiyə eləyib ki, belə danışma! Söhbət bundan gedir.

“Azərbaycan vətəndaşlığından imtina edəcəyəm, bu, birmənalıdır”

– Bundan sonrakı addımlarınız nədən ibarət olacaq?

– Mən prezidentə müraciət etmişəm ki, bu barədə tədbir görülsün. Əgər mənim dediklərimdə yalan olsaydı, ictimaiyyət  arasında bu qədər tanınmış bir adam prezidentə müraciət edərdimi ki, bu faktları yoxlayın, əks təqdirdə mən Azərbaycan vətəndaşlığından imtina edəcəyəm? Ölkəsini, torpağını bu qədər sevən, hakimiyyətinə bu qədər sadiq olan bir şəxs, hakimiyyətinə “minus” gətirən çıxışlar edərmi? Demək, bunun səbəbləri var və bunların hamısı faktdır. Tədbir görülməsə, Azərbaycan vətəndaşlığından imtina edəcəyəm, bu, birmənalıdır. Yox, “bütün qatı Əliyevçilərin sonu budur” kəlməsini eşitməmək üçün mən Azərbaycan vətəndaşlığından imtina edəcəyəm, bu, birmənalıdır.

– Bildiyimizə görə, faktla bağlı hüquq-mühafizə orqanları araşdırmalara başlayıb…

– Bəli, iki gün əvvəl Nizami Rayon Polis İdarəsinə dəvət etmişdilər, mən də gedib izahat verdim. Mən hansı qanunu pozmuşamsa, onun ikiqat cəzasını istəyirəm, amma təki bu cəmiyyətdə nümunə yaransın. Məktəb direktoru məktəbdə işləyən müəlliməyə o gözlə baxa bilməz. Biz azərbaycanlıyıq, mən də mühafizəkar adamam. Hər kəs bilir ki, mənim bu şeylərə dözümüm yoxdur. Xahiş edirəm, bunu xüsusi vurğulayın ki, biz gedib deyirik Zeynəb müəlliməni işdən çıxart! Mən deyirəm. Zeynəb müəllimə deyir mənim yerimi dəyişmə, işdən çıxart! Sən mənim yerimi dəyişmək, aparıb …(R.Rzayev burada konkret müəllimənin adını çəkir-red) yanında işlətmək istəyirsən? Məqsəd nədir? Bunlar bilirlər ki, yerdəyişmə etsələr, orda nələr baş verəcək? Sizə dedim hansı proseslər gedir.

– Təhsil Nazirliyinə müraciət edəcəksiniz?

– Bəli. Təhsil Nazirliyinə, Prokurorluğuna, təhlükəsizlik orqanlarına müraciət edəcəyəm. Mən 4 universitet bitirmişəm, qanun bilirəm. Beynəlxalq idarəetməni, politologiyanı, Beykənd Universitetini və Nyu-York Sinema Akademiyasını bitirmişəm. Politoloqam, hüquqşünasam, rejissor və televiziyaçıyam. İndi yaradıcılıq qalıb bir tərəfdə, bu işlərə başım qarışıb. Mən dövlət işindən imtina edib çıxmışam. 9 il dövlət məmuru olmuşam. Naxçıvan nümayəndəliyində işləmişəm. Bu gün heç kim o işdən çıxmaz, ərizə yazıb çıxmışam. Dövlət qulluğunun kiçik müşaviriyəm. Biz sıradan adamlar deyilik ki, bunlar bizimlə nə cür istəsələr, davransınlar. Ona heç məktəb direktorluğu düşmür.

P.S. R.Rzayevin səsləndirdiyi ittihamlarla əlaqədar digər tərəflərin mövqeyini dərc etməyə hazırıq.