Media nümayəndələri itkin düşmüş alpinistlərin axtarışlarının aparıldığı ərazidə olub
Yanvarın 9-da Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə bir qrup jurnalist Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışlarının aparıldığı əraziyə səfər edib.
Alpinistlərin axtarışları ilə əlaqədar yaradılmış Əməliyyat Qərargahında olan AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, helikopterlə əraziyə aparılan kütləvi informasiya vasitələrinin nümayəndələri axtarış-xilasetmə işlərinin gedişatı ilə yerində tanış olublar.
Əvvəlcə qərargahda əməliyyat müşavirəsi keçirilib. Müşavirədə fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadə, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, Əməliyyat Qərargahının rəhbərliyi, axtarış-xilasetmə işlərinə cəlb olunmuş qurumların rəhbər şəxsləri, peşəkar alpinistlər və avstriyalı mütəxəssislər iştirak ediblər. Əməliyyat müşavirəsində alpinistlərin axtarışları ilə əlaqədar bu günədək görülən işlər təhlil olunub, növbəti günlərdə planlaşdırılan işlər nəzərdən keçirilib.
Qeyd olunub ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən axtarış-xilasetmə işlərinə dekabrın 27-də səhər saatlarında başlanılıb. Axtarış-xilasetmə işlərinə Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasediciləri, mülki müdafiə qoşunlarının canlı qüvvəsi və müvafiq texnikası, Şimal Regional Mərkəzinin xilasediciləri, aviasiya dəstəsinin “Mi-17” markalı helikopteri və xüsusi təlim keçmiş itlər cəlb olunub. Eyni zamanda, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, peşəkar alpinistlərdən və yerli sakinlərdən ibarət könüllü dəstələr axtarışlarda iştirak edir.
Axtarış-xilasetmə işləri mürəkkəb relyefli yüksək dağ massivində (dəniz səviyyəsindən 2500-3000 metr yüksəklikdə) çətin meteoroloji şəraitdə aparılır. 31 dekabr-1 yanvar tarixlərində hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar temperatur aşağı düşüb, qar yağıb. İntensiv yağan qar səbəbindən axtarışların getdiyi ərazilərdə yeni qar uçqunlarının yaranma ehtimalı artıb. İtkin düşmüş alpinistlərin olduğu ehtimal edilən ərazilərdə qar qatının qalınlığı hazırda 8-12 metrə çatır. Yaranmış şəraitdə axtarış-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması daha da çətinləşib. Bunları nəzərə alaraq, axtarış-xilasetmə tədbirləri məhdudiyyətlə (xilasedicilərin təhlükəsizliyi təmin edilməklə), lakin fasiləsiz aparılır.
Eyni zamanda, yanvarın 5-də Azərbaycanda səfərə olan Avstriyanın Daxili İşlər Nazirliyinin dağ-xilasetmə sahəsi üzrə 3 mütəxəssisi hadisə rayonuna gəlib. Xarici mütəxəssislər alpinistlərin olması ehtimal edilən ərazilərə baxış keçirib və həmin yerlərdə axtarışların aparılmasının həyat üçün təhlükəli olduğu qənaətinə gəliblər.
Axtarış-xilasetmə əməliyyatı müddətində itkin düşmüş alpinistlərin hərəkət marşrutu üzrə ərazilər, həmçinin ehtimal olunan digər ərazilər yoxlanılıb.
Müşavirənin gedişində qarşıda duran məsələlər müzakirə edilib, müvafiq göstərişlər verilib.
Əməliyyat müşavirəsindən sonra kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransı keçirilib.
Konfransda “Gilavar” idman klubunun 3 üzvü – 1983-cü il təvəllüdlü Namin Bunyatov, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışları ilə bağlı ətraflı məlumat verilib.
Fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadə bildirib ki, itkin düşmüş alpinistlərin axtarışları onlar tapılanadək davam etdiriləcək. Bununla bağlı nazir Kəmaləddin Heydərovun göstərişi var.
Axtarışlara cəlb olunmuş Avstriyanın Daxili İşlər Nazirliyinin dağ-xilasetmə sahəsi üzrə mütəxəssisi Adolf Herrer həmin dağlıq ərazidə vəziyyətin çox riskli və təhlükəli olduğunu qeyd edib. Jurnalistlərin suallarını cavablandıran mütəxəssis bildirib ki, alpinistlərin yerini təxmin etmək çətindir. Çünki üzərlərində onların yerini texniki vasitələrlə müəyyənləşdirmək üçün lazımi cihazlar olmayıb. Həmin avadanlıqlar olsaydı, alpinistlərin tapılması asanlaşardı. Orada hər an qar uçqunu baş verə bilər. Buna baxmayaraq, xilasedicilər alpinistlərin tapılması üçün əlindən gələni əsirgəmirlər. Axtarış heyətinin peşəkarlıq səviyyəsi yüksəkdir.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev alpinistlərin axtarışları üçün bütün qüvvələrin səfərbər olduğunu diqqətə çatdırıb.
Axtarış qrupunun rəhbəri Toğrul Mehdiyev heyətin bütün lazımi cihazlarla təchiz olunduğunu bildirərək, müasir axtarış avadanlıqlarını nümayiş etdirib. Bildirib ki, onların axtarışda istifadə etdiyi cihazlar qarın altında dəmir, kömür və başqa maddələr olarsa, xəbərdarlıq siqnalı verir. Buna uyğun olaraq ehtimal edilən bütün ərazilərdə axtarışlar aparılır.
Daha sonra jurnalistlər axtarışların aparıldığı ərazi, əməliyyata cəlb olunan texnikalar və xilasetmə avadanlıqları, Əməliyyat Qərargahındakı iş şəraiti və xilasedicilərin istirahəti üçün yaradılan şəraitlə tanış olublar.