Bu şəxslər peşə məktəblərində pulsuz oxuya biləcəklər

Azərbaycanda peşə təhsili müəssisələrinin ödənişli ixtisaslarına qəbul olunan bəzi şəxslər dövlət büdcəsinin vəsaiti hesabına təhsil ala biləcəklər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu, yeni hazırlanan “Peşə təhsili haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, qanunvericliklə müəyyən olunmuş qaydada sosial müdafiəyə ehtiyacı olan bir qrup şəxsin dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

Bu qrupa valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, I, II və III qrup əlillər, münaqişə zamanı əlil olanlar və şəhid ailələrinin üzvləri, 20 yaşına çatmamış və I qrup əlil valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslər daxildir.