Türkiyəli ekspert : “Türkiyə və Azərbaycan hərbi cəhətdən mümkün dərəcədə yaxınlaşmaladır” – MÜSAHİBƏ

İstanbuldakı Yeni yüzyıl universiteti sosial-strateji araşdırmalar mərkəzinin direktoru, doktor Nizar Aslanın APA-ya müsahibəsi

 

 Türkiyənin cənub sərhədlərində, xüsusilə, Hatay vilayətinə yaxın bölgələrdə cərəyan edən prosesləri necə şərh edərdiniz?

– ABŞ qoşunlarının Türkiyə ərazisindən İraqa girməsini nəzərdə tutan qərar layihəsinin 1 mart 2003-cü ildə Türkiyə Böyük Millət Məclisində rədd edilməsindən sonra bizə qarşı oynanan  oyunları hamı bilir. Çox  güclü ordusu və siyasəti olan Türkiyəni zəiflətmək lazım idi, ona görə Türkiyə Silahlı Qüvvələrindəki vətənsevər Atatürkçü zabitləri çıxdaş, edib yerinə FETÖ-çülərin gətirilməyə çalışılması da eyni planın  davamı idi: Türk ordusunu zəiflətmək üçün həyata keçirilən  saxta “Ergenekon” və “Balyoz” istintaq-məhkəmə prosesləri o məqsədə xidmət edirdi. Xalqımız o vaxt bu proseslərə lazımi reaksiyanı göstərə bilmədi, bunun əsas səbəbi də ordumuza qarşı media vasitəsiylə elan edilən savaş  idi. Artıq müharibələr media üzərindən aparılır. İlk 2 zərbədən sonra 15 iyul 2016-cı ildə hərbi çevrilişə cəhd etdilər. Bu gün Türkiyənin yanıldığı bir nöqtə var: düzdür, FETÖ-nün 15 iyul hərbi çevriliş cəhdinin qarşısını xalq alıb, ancaq qətiyyən unudulmamalıdır ki, o çevriliş cəhdinin qarşısını alan əsas qüvvə ordumuzdakı dünyəvilik tərəfdarı Atatürkçü zabit və əsgərlərdir. Bunu heç kim demir, səbəbi isə tamamilə siyasidir. 15 iyul hərbi çevriliş cəhdinin əsas hədəfi də ordumuz idi və məqsəd heç bir gücü qalmayan ordu yaratmaq idi. Son illərdə xarici siyasətimizdə və beynəlxalq təşkilatlardakı fəaliyyətlərimizdə lazımi uğurları əldə edə bilmədik. Bunun da əsas səbəbi-iqtidarın böyük ölçüdə daxili siyasəti ön plana çıxarmasıdır. Əcnəbi qüvvələr Türkiyəyə qarşı qarşılarına məqsədlər qoyublarsa, əmin olun ki, bunun üçün 10-15 illik planlar da hazırlayıblar. Türkiyəni  zəiflətməyin əsas məqsədi- Sevr sazişini yenidən geri qaytarmaq və xüsusilə, İsrailə rahatlıq yaradacaq bir Kürdüstan qurmaqdır. İsrail 1948-ci ildə yaradıldı, o gündən bəri daima müharibə şəraitində yaşayır. İndi rahatlığa qovuşaraq, “Tövrat”da yazılan Dəclə və Fərat çayları arasındakı Böyük İsrail dövlətini qurmağı qarşısına məqsəd qoyub. Bunun əsas şərti isə limandır.Çünki limanı olmayan Kürdüstan dövlətinin yaşaya bilməyəcəyi İsrailə  də məlumdur. O liman haradır? İskəndərun. Bu oyunu görərək pozan ölkə Rusiyadır. Atatürkün dühasıyla Hatay bölgəsi 1938-ci ildə referendum yoluyla Türkiyəyə birləşdirilmişdi. Bu oyunu oynayanlar düşündülər ki, Suriyanın Lazkiyə limanını ələ keçirsələr, Kürd dövlətini oradan İsrailə daha rahat şəkildə bağlaya bilərlər. Rusiya və Çin hərbi gəmilərini Lazkiyə limanına göndərərək oyunu reallaşdırmağa imkan vermədi. Oradan özlərinə “çörək çıxmayacağını” görən qüvvələr yenidən İskəndərun limanını əsas hədəf kimi müəyyənləşdirdi. 1 il əvvəl həyata keçirilməyə başlayan “Fərat qalxanı” hərəkatı hökumətimizin atdığı ən düzgün addımdır, buna görə hökuməti təbrik edirəm. Prezidentimiz tez-tez deyir ki, Münbiçə, Rakkaya da gedəcəyik. Kaş bunu da həyata keçirə biləydik. “Fərat qalxanı” əməliyyatı olmasaydı, “Kürd dəhlizi” deyilən bölgə tamamlanacaq və Hatay təhlükə altına düşəcəkdi. Bu vəziyyətdə İŞİD haraya yerləşdi – Türkiyə sərhədinə yaxın bölgədəki İdlibə. Qərb ölkələri Türkiyəyə qarşı olan bu planı həyata keçirməyə çalışacaq. Burada ən düzgün yol “Fərat qalxanı” hərəkatını davam etdirərək bizə lazım olan bölgələri daimi nəzarətdə saxlamaqdır. Qurmağa cəhd göstərdikləri dövlətlə bağlı olaraq, ABŞ daima Türkiyəni masadan kənarda saxlamağa çalışır. “Fərat qalxanı” əməliyyatının  davam edə biləcəyindən narahatdırlar. Oraya göndərdikləri hərbi qüvvənin əsas məqsədi də Türkiyənin qarşısını kəsməkdir.

 

 Yəni, Türkiyənin quru yoluyla Orta Şərqə çıxmasının qabağını tamamilə kəsmək istəyirlər?

– Tamamilə doğrudur. Son illərdə Türk diplomatiyasının zəiflədiyini də etiraf etməliyik. Bəzən yüksək  pərdədən bağırırıq, hədə-qorxu gəlirik. Ancaq təəssüf ki, istədiyimiz nəticələri əldə edə bilmirik. Bu qədər əsəbiləşirik, ancaq Barzani referenduma hazırlığını davam etdirir. Bir vaxtlar Barzaninin kabinetindəki xəritələri TV-lərdə görmüşdük. Türkiyənin bəzi vilayətləri “Kürdüstan dövləti”nin sərhədlərinə daxil edilmişdi. Dövlətimiz bunu sorğu-suala çəkməlidir. Biz proseslərin qarşısını əvvəlcədən almaq yerinə, hadisələr olandan sonra müdaxilə etməyə çalışırıq. Qorxuram ki, bu minvalla yenə uduzaq. Bu analizlərimdə səhv etdiyimi görmək istərdim.

 

– Rusiyanın bölgədəki rolunu vurğuladınız. Türkiyənin bölgədə sıxışdırıldığı vaxtda Rusiya Ermənistan ordusunu rəsmən özünə bağladı. İstefada olan hərbçi və hərbi-siyasi ekspert kimi bunu necə analiz edirsiniz?

– Hər dövlət zəifləyəndə başqa dövlətlər bundan istifadə edib öz planlarını həyata keçirməyə çalışır. Biz bütün qonşularımızla dost olmaq fəlsəfəsiylə yola çıxmışdıq, ancaq indi qonşumuzda dostumuz yoxdur. Rusiya təyyarəsinin vurulması sadə bir hadisə deyildi. Ermənistan ordusunun Rusiyaya birləşdirilməsi təyyarənin vurulmasına qarşı verilən cavablardan biridir. Diplomatiyada, siyasətdə nə qədər manevr sahələri olsa da, nəticədə dövlətlərin öz mənafeləri hər şeydən üstündür. Rusiya Ermənistan həmləsini həm Türkiyənin zəif durumundan faydalanmaq, həm də təyyarənin vurulmasının cavabını vermək məqsədiylə edir. Bir çox qaranlıq nöqtə var: Rusiya səfiri niyə öldürüldü, Kreml bu işin üstünün açılması üçün bütün addımları atdımı? Rusiyanın bu cür addımlarla intiqam almağa davam edəcəyindən qorxuram.

 

– Ermənistan ordusunu özünə birləşdirən Rusiyanın o həmləsinə qarşı Türkiyə ilə Azərbaycan nə etməlidir?

 

– Sağ olsun, hörmətli prezident İlham Əliyev.  Türkiyəyə hər məsələdə dəstək verir. Hökumətimizlə münasibətləri çox yaxşıdır. Dost olduğumuz yeganə ölkə də qardaşımız Azərbaycandır. Məncə, Rusiyanın həmləsi kimi, Türkiyə də öz ordusunu Azərbaycanla mümkün olduğu dərəcədə yaxınlaşdırmalıdır. Türkiyə hərbi yardım edib, Qarabağ bölgəsini xilas etməlidir. İndi Azərbaycan istəsə, Qarabağı tamamilə azad etmək gücünə sahibdir. Ancaq Rusiya faktoru hazırda bu həmlənin qabağını alır. Türkiyənin dəstəyini alan Azərbaycan daha ürəkli olacaq. O biri Türk dövlətlərinin bu sahədəki sıx əməkdaşlığı da Azərbaycanın   lehinə olacaq, eyni zamanda onların özlərinin də. Bu yolla Ermənistan heç vaxt unutmayacağı bir zərbəyə məruz qalacaq. Turan məhz bu yolla yarana bilər.