Ali Attestasiya Komissiyası ilə bağlı ittihamlar – İDDİA
Bir müddətdir qalmaqalları və elmi müdafiələrdə narazılıqların yaranması ilə gündəmdə olan Prezident Yanında Ali Attestasiya Komissiyasında təzəlikcən başqa bir qalmaqallı olay baş vermişdir. Bu barədə miq.az saytı ötən buraxılışlarında məlumat vermişdir… Oxşar material “Təzadlar”ın poçtuna da göndərilmişdi. Ardınca AMEA-dan AAK sədrinin vəzifəsini icra edən Vəli Hüseynov barədə olduqca maraqlı bir məktub daxil oldu. Özünü AMEA-nın müxbir üzvü kimi təqdim edən, lakin məlum səbəbdən adının hələki açıqlanmasını istəməyən şəxslərdən biri yazırdı: “… Hörmətli “Təzadlar”! AAK-da baş vermiş ilginc hadisə barədə sizə artıq saytlarda yayımlanmış bir hadisə barədə yazını göndərdim. Bu yazıda qeyd olunanlar Vəli Hüseynovun burada etdiklərinin az bir hissəsidir.
Biz akademiklər də inanmırıq ki, PA rəhbəri, çox hörmətli akademik Ramiz Mehdiyev həmyerlisi olan belə bir adamın gələcəkdə AAK sədri postuna təyin edilməsində maraqlı olsun. Eləcə də kurasiyasına aid olan Azərbaycanın 1-ci vitse prezidenti çox hörmətli Mehriban xanım Əliyeva da. Çünki adicə tabeliyindəki işçiləri ilə davranış qaydalarını bilməyən Vəli Hüseynov üçün 1 nömrəli düşmən AMEA-nın prezidenti Akif Əlizadədir. Onun niyə belə bir mövqeyə malik olması hələ də bizə qaranlıq qalır. Halbuki Akif Əlizadə kimi ağsaqqal və xoş niyyətli bir akademikə qarşı kinli olmaq doğru hal deyil. Amma AMEA-da hamı bilir ki, AAK-ın şöbə müdiri olan Lətifə Ələkbərzadə iclas zalında onu təhqir edən Vəli Hüseynova üzünü tutaraq ona tərəf tüpürüb və Mehriban xanım Əliyevaya, akademik Ramiz Mehdiyevə şikayət edəcəyini bildirib. Bunu hamı görmüşdür. Ertəsi gün isə həmin Vəli Hüseynov təzədən iclas çağıraraq təhqir etdiyi xanımdan üzr istəmişdir. Bizdə olan məlumatlara görə AAK-ın sədr əvəzi təyin olunan gündən Vəli Hüseynovun belə məişət xarakteri qalmaqalları həddini aşıb. Elmin inkişafı ilə məşğul olmalı sədr əvəzinin məqsədi gələcəkdə AAK-a sədr olmaqdırsa, daha sözümüz yoxdur… Xahiş edirəm, bu məsələni gündəmdə saxlayın və qoy Prezident Administrasiyasındakı bəzi yoldaşlar bunları bilsinlər”.
Bəs əslində, AAK-da
nə baş verir?
Belə çıxır ki, AAK-a sədr əvəzi gələndən Vəli Hüseynovun ətrafında belə qalmaqallara start verilib. Bəs bunlar hardan və nədən qaynaqlanır? Elə bu suala miq.az saytı cavab tapmağa çalışmışdı. Saytın yazdıqlarından bəlli olurdu ki, söhbət bu dəfə nə bəzi məmurların elmi müdafiələrindən gedir, nə də plagiat elmi işlərdn. Söhbət bu dəfə AAK-ın sədr əvəzi Vəli Hüseynovun AAK-ın şöbə müdiri olan Lətifə Ələkbərzadənin sədr əvəzi tərəfindən təhqir edilməsi, sonera isə səhvini etiraf kimi ondan üzr istəməsindən gedir.
Ölkə saytlarının birində (sonradan bu informasiya ildırım sürəti ilə digər saytlarda da yayıldı) bu barədə maraqlı bir məlumat verilmişdi. Məlum olurdu ki, bu günlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında inanılmaz və ilginc münaqişə baş verib. Attestasiya Komissiyası sədrinin səlahiyyətlərini icra edən sədr müavini, fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Vəli Hüseynovla qurumun şöbə müdiri Lətifə Hüseynova arasında baş verən insident zamanı professor-sədr əvəzi tabeçiliyində olan zərif cinsin nümayəndəsini hamının gözü qarşısında ağıla belə gəlməyən söyüşlərlə təhqir edib. Münaqışə barədə müxbirə ətraflı məlumat verən, ancaq qurum rəhbərliyinin ona təziyq göstərəcəyindən ehtiyat edərək, adının açıqlanmasını istəməyən səxs qeyd etmişdir ki, hadisə ötən günlərdə komissiyanın ümumi yığıncağında baş vermişdir. Komissiya sədrinin səlahiyyətlərini icra edən Vəli Hüseynov qurumun əməkdaşlarının çağırdığı “ekstrennıy” yığıncağında bir qədər əsəbi, bir qədər də kobud şəkildə bildirmişdir ki, son vaxtlar burada baş verən bütün işlər haqqında müxtəlif orqanlara yerli-yataqlı informasiyalar ötürülür və komissiyada korrupsiya hallarının baş alıb getməsi haqqında “yalan” məlumatlar yayılır. Vəli Hüseynov heç bir arqument və fakt göstərmədən, məlumatların biləvasitə şöbə müdiri Lətifə Ələkbərzadə tərəfindən kənara ötürüldüyünü bildirərək, onu günahlandırmış və belə davam edərsə onu işdən qovacağı ilə hədələmişdir.
Lətifə xanım israrla V.Hüseynovun dediklərini təkzib edərək, heç yerə və heç kimə burada baş verənlər barədə məlumat vermədiyini bildirsə də, sədr əvəzi ona qulaq asmaq belə istəməmiş və şöbə müdirinin şərəf və ləyaqətini alçaldan ifadələr işlətməyə başlamışdır. Vəziyyət gərginləşmiş və son vaxtlara qədər Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin sabiq müdiri Fatma Abdullazadənin yaxın qohumu olduğu üçün Lətifə xanımla, bəlkə də bu orqanda çalışan bütün əməkdaşlardan daha nəzakətlə və ehtiramla davranan V.Hüseynov sanki affekt vəziyyətə düşərək hamının gözü qarşısında söyüş və təhqiramiz ifadələr işlətməyə başlamışdır.
Hadisə barədə təfərrüatlara keçməmişdən əvvəl qeyd edək ki, yüksək ixtisaslı elmi və elmi pedaqoji kadrların attestasiyası sahəsində vahid dövlət siyasətini həyata keçirən, onların respublikanın tələbatına uyğun hazırlanmasında və səmərəli istifadə olunmasında, habelə elmin, texnikanın, təhsilin, mədəniyyətin və incəsənətin inkişaf perspektivlərinin öyrənilməsində iştirak edən bu ali dövlət qurumunda, nə qədər təəssüf doğurası hal olsa da, belə bir münaqişənin baş verməsi əslində gözlənilən idi. Çünki Ali Attestasiya Komissiyasının sədri – görkəmli Azərbaycan alimi akademik Arif Mehdiyevin ötən ilin dekabrında vəfatından sonra bu dövlət orqanının fəaliyyəti haqqında heç də xoşagələn söhbətlər dolaşmır.
Məsələn, elmi ziyalılarının nümayəndələri kuluarlarda belə fikirlər səsləndirirlər ki, əvvəllər Komissityanın müvafiq strukturları tərəfindən 2, hətta 3 dəfə müdafiəyə buraxılmasından imtina olunan işlər son bir neçə ayda tez-tələsik müdafiəyə buraxılır və “uğurla” müdafiədən keçir. Bəzi elmi işlərin müdafiə vaxtı çatsa da onlar ya qəsdən yubadılır, ya da əsasnaməyə görə Ekspert Şuralarına göndərilmək əvəzinə qapalı rəylərə yönəldilir. Yaxud, Ekspert Şuralarının təsdiq etdiyi elmi işlər də bəzən təkrar qapalı rəylərə göndərilir. Beləliklə, bu dövlət qurumunda bir etimadsızlıq ab-havası yaradılır ki, bu da Ali Attestasiya Komissiyasının əsasnaməsindən deyil, dövlət orqanının sədri vəzifəsini icra edən Vəli Hüseynovun iş prinsiplərindən, istəyindən irəli gəlir.
Sədr əvəzi Vəli Hüseynovu daha çox qəzəbləndirən isə son vaxtlar Komissiyada ayaq açan korrupsiya hallarının artması haqqında məlumatların yayılması olmuşdur və bu səbəbdən də qəzəb, söyüş və təhqir dolu çanaq şöbə müdiri Lətifə xanımın başında çatlamışdır (miq.az).
Belə bir dövlət qurumunun, necə deyərlər, elmimizin nəzarət buraxılış məntəqsinin rəhbərindən öz ünvanına ağlına belə gəlməyən çirkin ifadələr eşidən Lətifə xanım şərəf və ləyaqətinin müdafiəsi üçün məhkəməyə müraciət edəcəyini bildirəndə, Vəli Hüseynov, sanki yuxudan ayılıb. Yığıncaq vaxtından tez başa çatıb. Üstündən heç bir gün belə keçməmiş, Lətifə xanımın tam ciddi və məhkəməyə müraciət edəcəyində israrlı olduğunu ətrafının gətirdiyi xəbərlərdən qətiləşdirən sədr əvəzi Vəli Hüseynov onu kabinetinə dəvət edir. Sanki heç iclasdakı qəzəbdən dili-dodağı əsən, qarşısındakının qadın olduğunun fərqinə belə varmayıb söyüş söyən, təhqir dolu ifadələr işlədən adam deyilmiş kimi peşmançılıqla üzr istəməyə, hətta böyük səhv etdiyini boynuna almağa başlayıb ki, bəlkə Lətifə xanım onu bağışlaya. Amma işin bu sonluqla bitməsini istəməyən, böhtan və təhqiri üstündən götürməyə, hər şeydən əvvəl insan, sonra qadın, daha sonra alim ləyaqətini qorumaq istəyən Lətifə xanım sədr əvəzi Vəli Hüseynovdan yenidən iclas çağırıb, bütün kollektivin qarşısında söylədiklərini geri götürməyi, sonra üzr istəməyi tələb edib. Məsələnin çox böyük fəsadlar verəcəyini, onun sədrliyə gedən yolunu belə bağlayacağını, bəlkə də köhnə vəzifəsini belə itirəcəyini ayıq başla dərk edən Komissiyanın sədr əvəzi, fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Vəli Hüseynov şöbə müdirinin bu tələbi ilə razılaşıb. Yenidən iclas çağrılıb, kollektiv salona toplaşıb və bu dəfə gördükləri, yeni bir Vəli Hüseynovun yalvarışlarla dolu etirafları, hətta söyüşləri belə öz ünvanına geri götürdüyünü deməsi hamıda dərin ikrah hissi doğurub.
Münaqişəyə son verilib, amma Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında gedən proseslərə, baş verən qaranlıq olaylara hələ son verilməyəcək. Çünki sədr əvəzi Vəli Hüseynov yerində möhkəm oturub…
Bütün bunlardan sonra dünyalarca məşhur olan Ezopun bir təmsili yada düşdü: Bir kor insanın əlinə hansı heyvanı verirdilərsə, o heyvana əlini sürtən kimi nə olduğunu dərhal deyirdi. Bir dəfə də onun qucağına bir canavar balası verdilər. O sakitcə əli ilə heyvanın tükünə əl sürtüb çox dərin düşünmədən dedi: “Bilmirəm bu hansı heyvanın – canavarınmı, tülkününmü və ya bunlara bənzər hansısa heyvanınmı balasıdır, ancaq bir şeyi bilirəm ki, yaxşısı budur onu qoyun sürüsünün arasına buraxmayın”.
***
Xatırladırıq ki, Azərbaycan Respublikasının Prezidenti yanında AAK-ın sədrinin səlahiyyətlərini sədr müavini Vəli Hüseynov icra edir. Lakin hələki onun rəsmən təsdiqi reallaşmamışdır. Qeyd edək ki, fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü V.Hüseynov 2010-cu ildə Komissiyanın sədr müavini vəzifəsinə təyin olunub. Komissiyanın əvvəlki sədri Azərbaycanın görkəmli alimi, akademik Arif Şəfaət oğlu Mehdiyev isə keçən il dekabrın 19-da 82 yaşında vəfat edib. \\tezadlar.az\\