Terror kabusu Amerikada – dünya təlaşda
Oktyabrın 31-də Bakı vaxtı ilə saat 24 radələrində Nyu-York şəhərinin Manhetten bölgəsində baş verən dəhşətli terror hadisəsi dünyanı silkələdi. Hadisə nəticəsində 8 nəfər həyatını itirib, 15 nəfər də yaralanıb. Faciədə həlak olan 8 nəfərdən 6-sı əcnəbi – Argentina və Belçika vətəndaşları olub. Həlak olan argentinalılar- Ernan Dieqo Mendosa, Dieqo Enrike Angelini, Alexandro Damiano Panukko, Ariel Erlix və Ernan Ferruçinin məktəb məzunları ilə görüşmək üçün Nyu-Yorka gediblərmiş…
Son aylarda səngiyən terror dalğasının bu dəfə Nyu-Yorkda davam etməsi bütün ölkələri hərəkətə gətirib.
Terrorçu böyük bir yük maşını ilə velosiped yoluna girib və orada velosiped sürən insanları, piyadaları əzərək keçib. Hadisə şahidləri deyiblər ki, yük maşınından enən terrorist uzun lüləli silahla, dini şüarlar bağıraraq, ətrafa atəş açıb. Terrorçu velosipeddəki sakinləri əzəndən sonra maşından enib və əlində silahlar olan halda, “Allahu Əkbər” şüarını qışqırıb. Maraqlıdır ki, hadisənin baş verdiyi ərazi 11 sentyabr 2001-ci ildə terrora məruz qalan Dünya Ticarət Mərkəzinin çox yaxınlığındadır. Ekspertlər bunun təsadüfi olmadığını iddia edirlər.
Terror faciəsini törədən şəxsin kimliyini qısa zamanda üzə çıxıb. Bu, özbək əsilli, 29 yaşlı Seyfullah Saipovdur. O, 2010-cu ildə Green-Card udaraq, ABŞ-a gəlib. O, hadisədən sonra avtomobilindən əlində tapança düşən zaman yaxalanaraq, yaralı halda xəstəxanaya yerləşdirilib. ABŞ mediasının məlumatına görə, terrorçu İŞİD terror təşkilatının üzvüdür və bu səbəbdən də terror əyləmini İŞİD-in törətdiyi ortaya çıxır.
Özbəkistan prezidenti Şövkət Mirziyoyev ABŞ-ın Nyu-York şəhərində oktyabrın 31-də törədilmiş terrorla bağlı bəyanat verib. Novator.az-ın məlumatına görə, dövlət başçısı ölkəsinin 29 yaşlı özbək Seyfulla Saipovun törətdiyi terrorun istintaqına kömək etməyə hazır olduğunu bildirib.
Dünyanın bir sıra ölkələrində baş verən son terror hadisələrinin özbək əsilli şəxslər tərəfindən törədilməsi Nyu-York faciəsindən sonra bir daha aktuallaşıb. Ekspertlər son zamanlarda ciddi zərbələr alan və artıq tarixə keçmək üzrə olan İŞİD terror təşkilatının Orta Asiya əsilli üzvləri tərəfindən son çırpıntılarını göstəriklərini bildirirlər. Təsadüfi deyil ki, son 6 ayda baş verən iki dəhşətli terror aktının – Türkiyədəki “Reina” və Sankt-Peterburq faciələri məhz özbək əsilli terrorçular tərəfindən həyata keçirilib.
Nyu-York terrorunun Amerikanın xarici ölkələrin vətəndaşları üçün güzəştlər etdiyi Green Card qalibi tərəfindən həyata keçirilməsi nəticəsində Birləşmiş Ştatların bu istiqamətindəki siyasətini dəyişəcəyi, hətta bu güzəştlərdən imtina edə biləcəyi qeyd olunur.
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, deputat Zahid Oruc bildirdi ki, öncə Nyu-York terrorunun törədilmə formasına diqqət çəkmək lazımdır: “Təəssüflər olsun ki, artıq nəqliyyat vasitələri təhlükəli silah kimi insanların qətllərində istifadə olunmaqdadır. Bundan öncə Almaniya, Belçika kimi ölkələrdə bu cür faciələrlə rastlaşdıq. Demək, terror şəbəkələrini birləşdirən xüsusi ideologiyalar, əsaslı təlimat bazaları bir-birinə yaxındır. Amerikanın İŞİD meydana çıxandan yürütdüyü siyasət çox təəssüflər olsun ki, son dərəcə ziddiyyətli olub. O, bir tərəfdən qara bayraqlı xilafət quruculuğu ideyasından irəliyə çıxmış silahlı qüvvələrə qarşı real hərbi əməliyyatlar keçirirdi, onları bombardman edirdi, onların əleyhinə beynəlxalq müqavimət təşkil edir, koalisiyalar yaradırdı. Digər tərəfdən də Suriya içərisində mötədil qüvvələr, mülayim müxalifət adı ilə başqa bir silahlı qüvvələri təpədən-dırnağa qədər müasir texnika ilə təmin edirdi. Bununla Bəşər Əsəd rejiminə qarşı mübarizə apardıqlarını zənn edənlər sonradan Avropada həmin silahlı qüvvələri qarşılarında gördülər. Yalnız o zaman düşünməyə başladılar ki, bu ideoloji siyasi virus onların özünü də, cəmiyyətlərini də yoluxdurmaqdadır. İŞİD-ın Orta Asiyaya güclü təsir etdiyini demək mümkün deyil.
Ən azından burada dini etikad daşıyıcıları çoxdur. Harada radikal sələfiçilik varsa, orada silaha sarılaraq, özlərinin və başqalarının həyatını təhlükəyə atanlar var. Terrorçuları 3, 5 və ya 7-ci dərəcələrə qoymaq olmaz. Əgər terrorçu birliyi mövcuddursa, onu lənətləmək və ona qarşı bütün vasitələrlə mübarizə aparmaq lazımdır. Əgər Əsəd rejimi yıxılsaydı, Amerikanın silahlandırdığı qüvvələrin onun yerini tutacağı təqdirdə sizi əmin edirəm ki, Əfqanıstandakı quruluşdan daha dəhşətli quruluşla Yaxın Şərqdə üz-üzə qalacaqdıq. Bu isə təkcə bir lokal ərazi ilə məhdudlaşmayacaqdı. Amerikada artıq neçənci dəfədir ki, dini və etnik mənsubiyyətə malik olanlar tərəfindən belə ağır əməliyyatlar keçirilir. Buradan çıxarmaq istədiyimiz nəticə varsa, biri ondan ibarətdir ki, Tramp özü əslində namizədlik dövründə Barak Obamanı ağır ittihamlara məruz qoyarkən bunları söyləyirdi; sən İŞİD-ə digər ölkələrdə göz yumanda, mütləq qapında həmin təhlükənin əlamətlərini görəcəksən. Doğrudur, Amerika okeanın o tayındadır, bu cəhətdən Obamadan estafeti təhvil götürən Tramp müxtəlif ölkələrə qarşı viza sanksiyasını tətbiq etməyə çalışdı. Ancaq təhlükə tək özbək vətəndaşı deyil. Orada öz yaşadığı toplumda basqını hiss edən, özlərinə qarşı mühitlə barışmayan, çıxdıqları milli torpaqların bugünkü firavan həyatını görməyənlər eyni cür təhlükələri törədə bilərlər. Burada səbəbləri aradan qaldırmadan nəticə ilə savaşmaq uğurlu bir yekuna aparıb çıxarmayacaq. Mənim anlamımda Yaxın Şərq hadisələri, “Ərəb baharı” inqilabları terroru gücləndirdi”.
Z.Oruc Birləşmiş Ştatların son illərdə müəyyən etdiyi strategiyanın iflasından da söz açdı: “Amerikanın 2010-cu ildən başlatdığı strategiya iflasa uğradı. Bu, çox yanlış oldu. Dünya üçün milyonlarla köçkün yaratmaqla yanaşı, eyni zamanda elə milyonların həyatını ağır riskə qoyan cihadçılar, mücahidlər yetişdirməsinə səbəb oldu. Burada məsələnin xristian-İslam kontekstində qoyulmasının əleyhinəyəm. Tam arxayınlıqla deyə bilərəm ki, yaxınlarda bir hoteldə 58 nəfərin həyatın alan terrorçu kimi milli etiqada sahib olan şəxslər də belə əməliyyatlar keçirə bilərlər. Biz o zaman onları xristian İŞİD-i adlandıra bilərikmi? Bu sualı da özümüzə verməliyik. Belə düşünürəm ki, İŞİD bayrağı altında döyüşənlər muzdlu, legionerdirlər, müxtəlif ölkələrdən onların sıralarına qoşulublar. Ona görə də onu konkret bir İslam amilinə bağlamaq yanlışdır”.
Cavanşir ABBASLI