Şadlıq saraylarına keyfiyyətsiz ət verilir-FOTOLAR
Bakı bazarlarında 6 manata satılan ətlər nə ətidir?
Yay aylarından etibarən ölkə ərazisində ətin qiyməti hiss olunacaq dərəcədə bahalaşdı. Hazırda da bu qiymət artımı davam edir. Bakı bazarlarında mal ətinin kiloqramı 11 manat 50 qəpik, qoyun əti isə 12 manata təklif edilir. Sümüksüz ətin qiyməti isə 13-14 manat arasında dəyişir. Ətin bahalaşmasının səbəbi kimi ölkədə ət qıtlığının yaranması, yemin bahalaşması və otlaq sahələrinin azalması göstərilir. Həmçinin xaricdən ət idxalında da artım müşahidə olunur.
Təəccüb doğuran məqam odur ki, qəssabxanalarda və mağazalarda ətin kiloqramı 11-12 manat arasında olsa da, bazarlarda daha ucuz ətə rast gəlmək mümkündür. Hətta bəzi yerlərdə ətin kiloqramı hazırki qiymətindən iki dəfə daha ucuz, yəni 5-6 manatadır.
Həmin ətlərin bu qədər ucuz olmasının səbəbi nədir? Bu ətlər nə ətidir? Nə dərəcədə keyfiyyətlidir? Bu məhsullara bazarda tələbat varmı?
Musavat.com-un müxbiri bu suallara aydınlıq gətirmək üçün paytaxt ərazisindəki topdansatış bazarlarına baş çəkib, satıcılarla həmsöhbət olub.
Bazarda müşahidələrimiz zamanı mal ətinin kiloqramını 6 manatdan satıldığının şahidi olduq. Topdansatışı isə 5 manat 50 qəpiyədir. Satıcılar bu ətlərin də normal məhsul olduğunu bildirdilər.
Ət satışı ilə məşğul olan Həbib Həsənov yarmarkada ucuz ətlərin olmasına belə aydınlıq gətirdi: “Yarmarkada ucuz ətlərin satıldığı doğrudur. Bu o demək deyil ki, həmin ətlərdə hər hansı xəstəlik var və yaxud insan həyatı üçün təhlükəlidir. Qətiyyən belə deyil. Yarmarkaların əksəriyyətində mal ətinin kiloqramı 6-9 manat civarında dəyişir. Müştərilər elə düşünür ki, bu ətlər xəstə, murdar olmuş heyvan ətidir. Ancaq heç də belə deyil. Kiloqramı 6 manata olan ət qoca heyvanların ətidir. Təbii ki, dana əti ilə nisbətdə ucuz olur. Qoca heyvan nə süd verir, nə də ondan bala almaq olur. Bu heyvanları saxlamaq heç kimə sərf eləmir. Nə qədər qulluq etsən də, çəki artımı vermir. Rayon yerlərində bu cür heyvanların diri çəkisinin kiloqramını 4-5 manatdan alırlar. Qəssabxanalar isə 2-3 manat qazancına satırlar. Buna normal yanaşmaq lazımdır. Şadlıq saraylarına topdansatışla 5 manat 50 qəpikdən ət veririk”.
Digər bir satıcı bildirdi ki, ucuz heyvan ətlərinə tələbat daha çoxdur: “Müşahidə etsəniz görəcəksiniz ki, ən çox satılan ucuz ətlərdir. Mən əsasən dana və quzu əti satışı ilə məşğul oluram. Kiloqramını 11-12 manata təklif edirəm. Alıcılıq çox aşağı səviyyədədir. Bu gün 6 müştərim olub. Onlar da əti az miqdarda – qramla alıblar. Halbuki piştaxtaya 30 kiloqram ət vurmuşam. Ətrafımdakı satıcılar isə 6-7 manatlıq yaşlı heyvan ətləri satırlar. Allah qazanclarını bol eləsin, yaxşı da müştəriləri var. Dana əti baha olduğundan əhalinin qoca heyvan ətinə tələbatı artıb. Sözün açığı, ucuz ət anlayışı ilə razılaşmıram. Bir var, qoca heyvan və biri də var – xəstə heyvan. Bu məsələni də buraxaq satıcıların insafına…”.
Yarmarkaya ucuz ət almağa gələn müştərilərlə də həmsöhbət olduq. Müştərilər bu cür ətləri təhülkəsiz hesab etdiklərini bildirdilər: “Büdcəmə uyğun olduğu üçün alıram. Market və qəssabxanalardan fərqli olaraq yarmarkalarda həmişə ətin ucuz satıldığını görmüşük. Hamımız bilirik ki, qəssabxanaların böyük əksəriyyəti yarmarkalardan ucuz qiymətə ət alırlar. Mən bildiyim qəssabxanada bir neçə dəfə bu cür hallara rast gəlmişəm. Qoca inək ətini 6-7 manatdan alıb, dana əti adı altında piştaxtada 11 manat, 11 manat 50 qəpikdən satırlar. Və ya dana ətinə qoca heyvan ətini qatıb müştəriyə verirlər”.
Yarmarkadakı qəssablar da bunu təsdiqlədilər: “Qəssabxanlara, şadlıq saraylarına, kafelərə biz ət veririk. Bu günə qədər də bir problem yaranmayıb. Baytarlıq İdarəsinin xüsusi icazəsi olmadan bu işlər həyata keçirilə bilməz. Bazara daxil olan ətlər xüsusi laboratoriyada yoxlamadan keçirilir. Bir neçə il öncə ilə müqayisədə indi nəzarət ciddi şəkildə artıb. Gündəlik hər piştaxtaya görə 2 manat icarəhaqqı ödəyirik. Bu isə bizə sərf edir. Əhalini aldadanlar əsasən qəssablar olur. İnək ətini cavan heyvan əti adıyla satırlar. Misal üçün, bizdən 9 manata aldıqları qoyun ətini, 12 manata quzu əti adı ilə camaata sırıyırlar. Onları da qınamaq olmur. Şəhərdə ət mağazalarının icarə haqqı çox bahadır. Qəssablar 15 kvadratmetr mağazaya 600-700 manat icarə haqqı ödəyirlər “.
Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun da fikirlərini öyrəndik. O, ucuz ətlərin qeyri-ənənəvi heyvanlara məxsus olduğunu bildirdi: “3-cü mikrorayon bazarı”nda 3 manata ət satıldığını görmüşəm. Belə ətlər murdar olmuş heyvan ətləridir. Biz də istəyirik ki, istehlakçı ucuz ət alsın, ancaq bu ət keyfiyyətli olmalıdır. Ümumiyyətlə, belə mallara şübhə ilə yanaşmaq lazımdır. Təəssüf ki, bir çox bazarlarda bu cür təhlükəli ət satışı həyata keçirilir. Ola bilsin ki, bu qeyri-ənənvi heyvanların ətidir. Çox güman ki, at və eşşək ətləridir. Özünüz düşünün ki, hansı satıcı əti ümumi bazar qiymətindən aşağı satar. Bu bazar aksiomuna ziddir və təbii ki, şübhə doğurur”.
Qeyd edək ki, bugünlərdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Balakən rayonunda mənşəyi məlum olmayan külli miqdarda ətin satıldığı barədə əməliyyat məlumatı daxil olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş İdarənin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində rayon sakini Fəxrəddin Həmzətov 500 kiloqrama yaxın mənşəyi məlum olmayan əti satmaq istəyən zaman saxlanılıb. Bu kimi məlumatlar da bazarlarda və ictimai iaşə obyektlərində ət və ət məhsulları alarkən diqqətli olmağın vacibliyini sübut edir.
Məğrur Mərd
Fotolar müəllifindir