Yunus Oğuzun yaradıcılığında 44 günlük Vətən müharibəsi və Zəfər
Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında tarixi roman janrı dedikdə ilk adı çəkilən nasirlərdən biri Yunus Oğuzdur. Türk tarixinin, eləcə də doğma Azərbaycan tarixinin önəmli, həlledici məqamlarının, hökmdarlarının, qəhrəmanlarının qələmin qüdrəti ilə XXI əsrdə yenidən “zühur etməsinə” nail olan yazıçının yaradıcılığının ana xətti vətənpərvərlik, azərbaycançılıq, türkçülükdür. Azərbaycanın yaxın tarixinin ən möhtəşəm hadisəsi olan 44 günlük Vətən müharibəsi də Yunus Oğuz qələmindən keçərək sanballı bədii örnəklər kimi ədəbi irsimizə daxil oldu. Vətən müharibəsi ilə bağlı Yunus Oğuzun qələmə aldığı ilk əsərlərdən biri Ali Baş Komandan İlham Əliyevə həsr etdiyi “Dövlət bizik” şeiri oldu. Yaradıcılığa poetik mətnlərlə başlayan Yunus Oğuzun bütün şeirlərində izlənən milli kökə bağlılıq, vətənpərvərlik bu şeirdə daha güclü bir vurğu ilə səslənir:
Dövlət mənəm
Ali Baş Komandan İlham Əliyevə ithaf edirəm
Torpağımçün savaşaram
Addım-addım,
Əli yalın olsam belə
Gözlərimi silah edib
vuruşaram
Dövlət mənəm!
Uçağınla bu dünyanı
Qarış-qarış
dolaşaram
Dövlət mənəm!
Ağrıların çəkənəm
Torpağını əkənəm
Daş-divarın tikənəm
Dövlət mənəm
Yad torpaqda bir qarış da gözüm yox
Bu torpağa düşmən ayaq basacaqsa
Silahım var,
Sözüm yox…
Haqsız-haqsız
Üzərimə yeriyənə
Dözüm yox
Dövlət mənəm!
Nə gözəl- Dövlət olmaq
Haqqı-ədalət olmaq
Dövlət mənəm!
Dövlət sənsən!
Dövlət bizik!
Qeyd etmək yerinə düşər ki, Yunus Oğuzun bu şeirinə “Dövlət bizik” adı ilə Şahin Musaoğlu tərəfindən bəstə yazılıb və həmin mahnı Azərbaycanlı tenor, opera ifaçısı, Azərbaycan Respublikasının xalq artisti Samir Cəfərov tərəfindən ifa edilib.
44 günlük müharibə ilə bağlı Yunus Oğuzun bədii yaradıcılığında təzahür edən növbəti nümunələr “Zəfər paradı” və “Ağdama qayıdış” esseləri oldu. “Ağdama qayıdış” essesində yazıçı “…Orada zaman dayanıb.Orada ruhlar dolaşır.” kəlmələrinin energiyası ilə işğalın yıxıcılığını, torpağın fəryadından doğan ağrını oxucuya ötürməyə nail olur. Essenin son cümlələri – “Ağdamdan süd ətri gələcək, Ağdamda toy çadırları qurulacaq, körpə səsləri gələcək.Tələsməyin, lap az qalıb. Zamansa öz ahəngi ilə axıb gedəcək, daha donmayacaq.” – isə zəfərdən sonrakı Qarabağın, bütöv Azərbaycanın reallaşmaqda olan obrazının müjdəsini çatdırır. “Zəfər paradı” essesi illərdi xalq olaraq xəyalını qurduğumuz möhtəşəm bir hadisənin tərənnümünə – ZƏFƏR PARADINA həsr edilmişdir. Zəfər paradı – 44 günlük müharibənin nəticəsi olaraq Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin və rəşadətli Azərbaycan ordusunun xalqımıza bəxş etdiyi möhtəşəm qələbə bayramı Yunus Oğuzun qələmindən süzülür, sözə hopur: “Sənin hesabına parçalanmış Ruhumuz birləşir. Qalib Ruhumuz Zəfər Paradına çevrilib Qarabağı dolaşdı, Bakı küçələrində gəzir, hər evin, hər ürəyin sahibidir Zəfər Paradı.”
Yunus Oğuz 2022-ci ildə qələmə aldığı “Cığır” romanı ilə 44 günlük Vətən müharibəsinin bütöv bədii salnaməsini yaratdı. Hadisələrin 3 zaman kəsiyində təqdim edildiyi bu əsərdə biz yenidən Yunus Oğuzun bir sıra romanlarının, o cümlədən müasir Azərbaycan tarixinin dönüm nöqtəsi olan 2016-cı ilin aprel döyüşlərindən bəhs edən “Ovçu” romanının qəhrəmanı olan Murad obrazı ilə qarşılaşırıq. Bu dəfə Yunus Oğuz bir sıra əsərlərində yaratdığı Murad obrazının tarixdəki əsas missiyasını tam şəkildə açıqlayır. Şuşanın açarı olan cığırın son qoruyucusu olan Nəsrəddin Murad öz missiyasını yerinə yetirir, Şuşa azad olunur. 44 günlük Vətən müharibəsinin əsası 2016-cı il döyüşlərində qoyulduğu kimi “Cığır” romanının da əsasını “Ovçu” romanı təşkil edir. Bu səbəbdən bu iki romanın dilogiya olduğu qənaətindəyik. Yunus Oğuzun Cığır” romanı Vətən müharibəsindən sonrakı müstəqillik dövrü Azərbaycan ədəbiyyatının yeni etapının əsas romanı, qələbəmizin mükəmməl bədii obrazını təqdim edən, ideoloji cəhətdən çox güclü bir əsərdir.
Yunus Oğuzun yaradıcılığında Vətən müharibəsi və Zəfər fərqli ədəbi növlərdə, janrlarda öz bədii həllini tapmışdır. Yazıçının yaradıclığı ədəbiyyatımızın Qarabağ mövzusunun tam fərqli rakursda işıqlandırılmasının faktoloji əsaslarının yaranmasından doğan yeni etapında mühüm mövqeyə malikdir.
Elnarə Qaragözova
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi
Filologiya üzrə fəlsəfə doktoru
Dosent
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP