Akademik Milli Dram Teatrında “Medeya” tamaşasının premyerası olub
Akademik Milli Dram Teatrında Evripidin “Medeya” əsəri əsasında hazırlanmış eyniadlı monotamaşanın premyerası keçirilib.
Tamaşanın bədii rəhbəri Xalq artisti Azər Paşa Nemətov, quruluşçu rejissoru Emil Əsgərov, quruluşu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Kamil İsmayılov, səhnə hərəkəti və plastika üzrə mütəxəssisi Lalə Hacıyeva və işıq üzrə rəssamı Rafael Həsənovdur.
“Medeya” faciəsinin mövzusu “Arqonavtlar” əsatiri silsiləsindən götürülüb. Əsərin əsas ideyası xəyanətə məruz qalmış qadının nələr edə biləcəyini göstərməkdir.
Qeyd edək ki, Medeya əri Yazonun ağlasığmaz xəyanətini, onun mənəvi miskinliyini, şöhrətpərəstlik üzündən ailəni, qəlbini, vicdanını satmasını ifşa edir, qadının cəmiyyətdəki qul vəziyyətini və daim kişilər tərəfindən alçaldığını hiddətlə pisləyir. O, qadın hüququnu müdafiə edən üsyankara çevrilir.
Uğurla nümayiş olunan tamaşa alqışlarla qarşılanıb.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP