İnternetdə istəmədiyiniz fotolarınız var? – SİLDİRMƏYİN YOLLARI
“Sahibindən icazəsiz ona məxsus foto və videoların yayılması həm Azərbaycan Respublikasının qanunvericiliyində, həm də beynəlxalq qanunvericilikdə qadağandır”.
Bunu Elektron Ticarət və İnnovativ Biznes Həlləri üzrə ekspert Nicat Manafov deyib.
Hazırda isə insanların internetdə olan və istəmədikləri fotolarını və videolarının sildirməyin problemə çevrilməsi gündəm olub.
Belə ki, verilişlərin birində müğənni Xuraman Şuşalı bəzi hicabsız görüntülərini internetdən sildirə bilmədiyini deyib. O bildirib ki, sildirə bildiklərini sildirib, sildirə bilmədikləri isə qalıb. Çünki həmin şəkilləri başqaları yayacaq və bu da biznesə çevriləcək.
Ümumiyyətlə, hər gün “filan məşhurun +18 fotosu yayıldı”, “filan aktrisanın lüt şəkilləri internetə sızdırıldı”, “Şantaj olundu, sildirmək üçün külli miqdarda pul verdi” və s. bu kimi biabırçı xəbər manşetləri qarşımıza çıxır. Bu gün minlərlə insan onlara məxsus şəxsi şəkillərin “fake” səhifələrdə, hesablarda yayılmasından zinhara gəlib. Bu, ilk olaraq insan hüquqlarının pozulmasıdır. Hətta neçə-neçə insan olub ki, buna görə, həyatına qəsd edib.
Bu məqalədə uyğunsuz şəkilləri yaymağın cəzasını, onları sildirməyin qanuni yollarını, belə hallarda nə etməli olduğunuzu sizə təqdim edir.
Bu mövzu barədə ekspert Nicat Manafov ətraflı danışıb:
“Sahibindən icazəsiz ona məxsus foto və videoların yayılması həm Azərbaycan Respublikasının qanunvericiliyində, həm də Beynəlxalq qanunvericilikdə qadağandır. Məsələn, sizin özəl həyatınıza aid görüntülər yayılıbsa, bu mövzuda “reporting” vasitəsilə həmin sosial şəbəkəyə müraciət edirsiniz ki, həqiqətən sizə məxsusdursa, şər-böhtan xarakterlidirsə və bir neçə faktınız varsa, bunu sübut etmək lazımdır. Həmin alqoritmdə qeyd etmək lazımdır ki, filan şəxs mənim şəkillərimdən istifadə edir, şantaj edir və s.
Müraciətə cavab gələndən sonra ən gec 48 saat ərzində həmin şəkillər silinmiş olur. Ancaq, bəzi sosial şəbəkələr buna çox gec reaksiya verirlər. Elə olur ki, saytlardan foto sildirmək üçün pul tələb edirlər. Siləcəklərini deyirlər, silmirlər və ya yayırlar ki, bunu biznesə çevirənlər baş qaldırır. Onların əlinə kürək verməmək üçün də paralel olaraq Daxili İşlər Nazirliyinə şikayət olunmalıdır.
Əgər sosial şəbəkələrdən yox, hansısa web-saytlar tərəfindən yayılıbsa, https://www.dmca.com/ şirkətinin müraciət etmək lazım gəlir. Bu sayt fotoların yayılma qaynağını tapır, rahatlıqla silinməsini təmin edir”.
Ekspert bildirir ki, digər ölkələrdə bununla məşğul olan müəyyən şirkətlər var:
“Azərbaycanda bu, o qədər də inkişaf etməyib. Xarici ölkələr vətəndaşların bu barədə hüquqlarını belə qoruyurlar: onlar sosial şəbəkələr üzrə nümayəndəlik açırlar və insanlar hüquq-mühafizə orqanlarına yox, həmin nümayəndəliklərə müraciət edirlər. Məsələn, “Facebook”da yayılan şəkli aradan qaldırmaq üçün həmin sosial şəbəkənin nümayəndəliyinə müraciət edir, şəkil silinir. Azərbaycanda isə birbaşa baş ofisə şikayət ediləndə uzun müddətə cavab gəlir: artıq iş-işdən keçəndən sonra 1-2 həftəyə cavab verirlərsə, nə fərqi…”.
Çox uzağa getməyək, elə qonşu Türkiyədə hüquq-mühafizə orqanlarına bununla bağlı müraciət edəndə problem maksimum 1-2 saata aradan qaldırılır, qanunu pozan şəxs cinayət məsuliyyətinə cəlb olunur. Bunu ölkəmizdə tətbiq etmək vacib məsələlərdən biridirsə, daha nəyi gözləyirik? Daha nə qədər vətəndaş bu cür şantaj üsullarından zərər çəkməlidir?
Mütəxəssislər bildirir ki, çılpaq, lüt və ya uyğunsuz foto və videolarla şantaj olunursunuzsa, birincisi, şantaj edən tərəfə əsla tabe olmayın: “Bu, sizi qaranlıq tuneldən çıxmağa qoymayacaq. Ya pulunuz gedəcək, ya da canınız. Bu isə həll yolu deyil.
İkincisi, vaxtında polisə müraciət edin. Problemi soyuq başla həll etməyə çalışın.
Hamının başına gələ bilər, heç kim heç nədən sığortalanmayıb.
Üçüncüsü, isə bunu lazım gəldikdə açıqlayan ilk siz olun. Ən böyük biclik düzlükdür”.
Ümid edirik ki, lazımi orqanlar və qurumlar hərəkətə keçəcək. İnsanların həyatı bu qədər ucuz olmamalıdır axı…
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP