Miniatür Kitab Muzeyinin 20 illik yubileyi qeyd olunur

Dünyada bənzəri olmayan Miniatür Kitab Muzeyi Azərbaycan tarixinin və mədəniyyətinin canlı nümunəsi olaraq 20 ildir ki, İçərişəhərdə fəaliyyət göstərir.

Miniatür Kitab Muzeyi 2002-ci il aprelin 23-də YUNESKO-nun qərarı ilə bütün dünyada hər il qeyd edilən Beynəlxalq kitab və müəllif hüquqları günündə fəaliyyətə başlayıb. Muzeyin təsisçisi və yaradıcısı, Respublika “Kitab” cəmiyyətinin idarə heyətinin sədri, Əməkdar İncəsənət Xadimi Zərifə Salahova 30 ildən artıq müddətdə formalaşmış kolleksiyanı bu gün də yeni nüsxələrlə zənginləşdırir.

Bu gün muzeydə 145 kv.m sahədə 39 şüşələnmiş vitrində (2002-ci ildə açılış zamanı cəmi 25 vitrin vardı) 5800-dən çox minikitab, o cümlədən Ginnes rekordları kitabının standartlarına uyğun, ölçüləri 75×75 mm qədər olan təxminən 3500 ədədminiatür kitab nümayış etdirilir. Keçmiş SSRİ-da səhifə ölçüsü 100×100 mm olan kitablar miniatür sayılırdı və təbii ki, Miniatür kitablar muzeyində təqdim edilən mənim kolleksiyamda həmin dövrün ölçülərinə müvafiq olan mini kitablar nümayiş edilir.

Kolleksiyada ən nadir nümunələr Yaponiyanın Tokio şəhərinin “Toppan” nəşriyyatının dərci olan 4 mikrokitab: onlardan birinin ölçüləri 0,75×0,75 mm və 3-nün ölçüləri isə 2×2 mm təşkil edir, eləcə də Alman nəşriyyatlarının olan mikrokitablardan: 1-nin ölçüləri 2,0×2,9 mm (Leypsiq) və 3-nün ölçüləri 3,5×3,5 mm (Münhen) olan kitablar hesab edilir.

01 oktyabr 2014-cü ildə muzey kolleksiyasının bir hissəsi – 2913 nadir miniatür kitab “Ginnes Rekordlar Kitabına” daxil edilmişdir.

Vədinə sadiq qalan Zərifə xanım muzeyi həqiqətən də Bakı şəhərinə bağışlayıb. Belə ki, muzeyə giriş hər zaman ödənişsizdir. Kim istəyir sərbəst şəkildə buraya daxil olur və muzeyin bələdçisi ziyarətçilərə hər bir kitab barədə ətraflı məlumat verir.

Miniatür Kitab Muzeyinin Naxçıvan filialı da mövcuddur. 2014-cü il dekabrın 18-dən fəaliyyət göstərən filialda 12 vitrində 31 ölkədə çap olunmuş 1090 miniatür kitab nümayiş olunur.

Qeyd edək ki, Zərifə xanım Salahova 23 aprel saat 11:00-dan 19:00-a qədər Miniatür Kitab Muzeyində ziyarətçiləri ilə görüşüb, onları muzeyin fəaliyyəti ilə tanış edəcək və  maraqlandıran sualları cavablandıracaq.

“İçərişəhər”DTMQİ Mətbuat Xidmətinin məlumatı