“Mədəniyyət Nazirliyi tərəfindən maliyyələşdirilən bir çox filmin kim üçün çəkildiyi məlum deyil”

Son zamanlar gənclərin sosial şəbəkələr üzərindən filmlər və kinoteatrlar haqqında olan şikayətlərini görməzdən gələ bilməzdik. Pandemiya zamanında uzun müddət qapısı bağlı qalan kinoteatrlar hətta, TV-da yayımlanan filmləri belə bəzən pul ilə satmaqdan qaçınmır. Dünya səviyyəli filmlərin çoxu Azərbaycan dilinə dublaj edilmir.

Kinoteatrlar gənclərin zövqünü nəzərə alırmı? Nəyə görə komediya janrından kənara çıxa bilmirik?

Film sektorunda olan problemlər hər zaman aktualdır və köklü şəkildə həllini tapa bilmir.

Suallarımıza cavab tapmaq üçün, kinotənqidçi Sevda Sultanova ilə həmsöhbət olduq.

-Sevda xanım, sizcə, hazırki film sektorunda toplumun zövqü nəzərə alınırmı?

-Hazırki kino sektorunda toplumun zövqünü kommersiya kinosu nəzərə alır. Adından göründüyü kimi, kommersiya kinosu geniş tamaşaçı kütləsinin maraqlarına hesablanır ki, böyük kassa yığsın. Azərbaycanda 2014-ci ildən etibarən kommersiya kinosu bumu başladı,  bir qisim film yaxşı gəlir əldə elədi.

Mədəniyyət Nazirliyinin maliyyəsi ilə çəkilən filmlərə gəlincə, onların arasında az sayda keyfiyyətli müəllif və geniş tamaşaçıya maralı olan filmlər  var. Ancaq bir çox filmlərin kimin üçün çəkildiyi bilinmir. Tamaşaçı üçünmü yoxsa rəflərdə tozlanmaq üçünmü?

Söhbət təkcə Mədəniyyət Nazirliyinin hazırda kino sahəsinə məsul olan məmurlarının işindən getmir. Bu, çoxdanın problemidir.

-Yerli istehsalımıza aid filmlər komediya janrından kənara çıxa bilmirlər. Buna münasibətiniz necədir?

-Bu mövzu daha çox kommersiya kinosuna aiddir. Çünki kommersiya kinosunda ən çox müraciət edilən janr komediyadır.  Komediya janrından kənara çıxa bilməmələrinin səbəbləri müxtəlifdir. Səbəblərdən biri odur ki, sifarişçilər yəni, maliyyə ayıranlar bu janrda çəkməyi, populyar komediya akryorlarının (Fərda Amin, Elməddin Cəfərov, Dilarə Əliyeva və.s) çəkilməsini tələb edirlər. Çünki, komediya janrı daha çox tamaşaçı gətirir. Komediya janrında yeni tendensiyaların yaranmama səbəblərindən biri də budur.Komediyaya fərqli baxış maliyyə baxımından risk tələb edir.

-Film sektorunda yetəri qədər rəqabət varmı?

-Rəqabət kommersiya kinosunda var. Məsələn, son dönəmlərdə prokata “Beşbetər”, “Zəhər tuluğu” filmi çıxdı. Yaxşı da kassa toplayırlar, məncə. Müstəqil maliyyə ilə çəkilən filmlərə gəlincə, burada əsas məsələ yaradıcı rəqabətdir. Məsələn, müstəqil kinonun iki parlaq müəllifi Elvin Adıgözəllə Hilal Baydarov arasında müəyyən mənada rəqabət var. Bu istedadlı  rejissorlar arasında yaradıcı rəqabətin olması yaxşıdır, ona görə ki, daha keyfiyyətli, iddialı filmlər ortaya çıxır.

-Filmlərimizi dünya sıralamasında geri salan səbəblər nələrdir?

-Birinci növbədə Azərbaycanda film istehsalını, kinosənayesini formalaşdırmaq lazımdır. Burada əsas məsələ yenə də Mədəniyyət Nazirliyinin öhdəliyinə düşür. Ayrılan maliyyənin böyük hissəsi film istehsalına xərclənməlidir. Bunun üçün şəffaf mexanizmi olan müsabiqələr keçirilməlidir. Filmlər ən çox özəl studiyalara verilməlidir. Kinoteatrların sayı artırılmalıdır. Çünki kinoteatr  məhsulun satıldığı yerdir.

Kinoya tətbiq olunan vergilər ya ləğv edilməli, ya da azaldılmalıdır. Bu kontekstdə problemlər çoxdur.

Bir neçə ildir, Kino Agentliyi yaradılması məsələsi aktualdır. Agentliyin strukturunun, işlənmə mexanizmi haqda aydın bilgilər verilmir. Onun kinomuza yararlı olub olmamasını yaranandan sonra biləcəyik. Əgər dediyim kimi şəffaf, ədalətli  mexanizm tətbiq olunsa, bütün rejissorlar, özəl studiyalar üçün açıq qapı siyasəti həyata keçirilsə, maliyyə hesabatları verilsə, bu yalnız  kinomuzun xeyrinə olacaq.

 Gənclərin bu mövzuda şikayətlərini və tamaşaçı gözü ilə gördükləri çatışmazlıqları öyrənmək üçün  jurnalist, ictimai fəal Mirçingiz Ağazadə ilə həmsöhbət olduq.

-Mirçingiz bəy, gənclər film seçimi məhdud olduğu üçün Azərbaycan filmlərini izləyirlər yoxsa bu onların zövqüncədir ?

-Gənclərimiz Azərbaycan filmləri izləyir ki, hələ bu prosesi iki-üç yerə ayıraq? Ölkə gəncliyi az qalsın, vayn səviyyəli videoroliklərə, təlxəkliklərdən ibarət proqramlara baxmaq ucbatından film zövqünü belə itirmək üzrədir. Bu gün kinoteatrlara üz tutan gəncliyin bir qismi nəzəri gənclərdən formalaşır. Onlar faktiki mənim əcdadlarımla yaşıd sayılacaq qədər qocalıblar. Müdrikləşməyiblər ha, sadəcə qocalıblar, tükəniblər. Onlar üçün film izləmək fon musiqisi, yaxud tum çırtlamaq qədər vacibdir. Sinemaya gedənlərin digər qismi sevgilisiylə əl-ələ tutuşub alışmaqla məşğuldur. Bu da dolayısıyla, iqtisadi və sosial azadlıq çatışmazlığından qaynaqlanır. Film izləmək seksual prioritet yox, mədəni hsdisə olmalıdır. Bu gün Azərbaycan gəncliyinin kino anlayışı boş vaxtını səmərəli keçirməkdən uzağa getmir. Bəzi kino manyaklarını nəzərə almasaq, ölkədə ciddi film tənqidçiləri yox səviyyəsindədir.  Ancaq manyaklara da bel bağlamaq olmaz. Ağzımızda manyak deyirik.

-Tamaşaçı gözü ilə hazırda film sahəsində gördüyünüz çatışmazlıqlar nələrdir ?

-Hazırda film sahəsində gördüyüm çatışmazlıqlar əsasən iki qrupa ayrılır. Birincisi rejissorların tükənmişliyidi. Qıtlıq da demək olar. Bu qıtlıq özünü hər yerdə göstərir. İki-üç aydan bir hansısa filmin premyerası, qala gecəsi keçirilir. Məzmununa baxırsan ki, ortada ciddi heç nə yoxdur. Görüntülər, kadrlar standardı.  Üç-beş montaj manevri və az qalsın, yutubun ödənişsiz mahnılarıyla nəsə edə biləcəklərini düşünürlər. Ssenaristlərimiz lap ağlamalı vəziyyətdədir. Sosial müstəvidə görə bilmədikləri iş bir yana qalsın, tragikomediya janrını hər bəhrdə söyüblər. Hələ aktyor işini demirəm. İş yoxdur axı ortada. İnanın, həmin “sənət adamları”ının əksəriyyəti sadəcə adamdı. Sənət söhbətinin onlara aidiyyatı yoxdu. Baxırsan, kişinin oğlu dramatik səhnədə ağlamalıdır. Amma elə ağlayır ki, tamaşaçını gülmək tutur. Başa düşmürəm, əgər bu jestikulyasiyanı ekran başında oturub təhlil edəcəmsə, daha bunun harası filmə baxmaq oldu? İdeya yox, görüntülər quru, hələ maliyyəni demirəm. O yazıq aktyora nə qədər maddi vəsait ayrılır ki, sonra da canlandırdığı obrazdan keyfiyyət gözləyək? Çətindi.

-Filmlərimizdəki yumor anlayışı nəyə görə belaltından yuxarı qalxmır? 

-Yumordan danışdınız. Vallah belə yumor olmur. Mən demirəm ki, yumor etalonu şəxsi fikirlərim olmalıdır. Amma üzdə təbəssüm yaratmaq üçün insanın digər əzalarından istifadə etmək nə qədər peşəkarcadı? Müasir filmlərimiz Cem Yılmazla Tolganın tükənmiş halına oxşayır. Hər ikisi beldən aşağı “zərbə” vurur və kütlə bu zərbənin gücündən məst olub orqazm həddinə çatır. Bizim rejissorlar, aktyor və prodüserlər, lap elə, ssenaristlərimiz nə qədər kütləyə, publikaya oynayır? Başdan-ayağa. İnandırım sizi, bir ölkənin ki ən çox bəyənilən filmlərindən biri “Pərdə” kimi məişət problemini qabardan əl işidir, o ölkədə yumorun niyə örpək altından çıxa bilmədiyi aşkar görünür, görünməlidir. Kinoteatrı öpüş məkanına çevirən gənc tamaşaçı kütləsiylə o kütləyə xitab edən film rejissorları təxminən eyni təfəkkürdədir. Əlbəttə həmin adamlar sizə gah publikaya oynamaqdan, gah da valı dəyişməkdən danışacaq. Amma özləri heç vaxt heç nəyi dəyişə bilməyiblər. Hansısa filmin yaradıcıları da işdir-şayətdir, gündəmə gəlmək istəsələr, bir-iki qurşaqdankənar mövzuya toxunub toplumu qıcıqlandırır. Din, mentalitet və siyasət. Düzdü, axırıncısına çox şahid olmuruq. Amma əlahəzrət fakt öz gerçəkliyində qalmağa davam edir.

Uzun sözün qısası, mən bir Azərbaycan gənci və izləyicisi kimi baxmağa düz-əməlli film tapa bilmirəm. Ona görə ki, nə axtarmağa vaxtım olur, nə də tapmağa film..

Əfsanə Kamal