«Rusiya Orta Asiyanı öz arxa bağçası kimi görür»- MÜSAHİBƏ
Telman Nüsrətoğlu: “Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı daha da dərinləşməlidir”
Türk İslam Araşdırmalar Mərkəzinin rəhbəri Telman Nüsrətoğlu Qazaxıstanda baş verən hadisələr və bunun türk dünyasının birlik və bərabərliyinə mümkün təsirləri barədə danışıb.
-Telman bəy, Qazaxıstanda baş verən olaylardan sonra bir çoxları belə düşünür ki, artıq Türk birliyinin reallaşması, bu prosesin sürətlənməsində əngəllər olacaq, proseslər heç də əvvəlki kimi getməyəcək. Bəs siz necə düşünürsünüz?
– Əvvəlcə ondan başlayaq ki, Qazaxıstan dünya və bölgə siyasəti baxımından nə qədər önəmli bir ölkədir. Bu gün dünyada Rusiya və Çinin geosiyasi oyunçu kimi güc mərkəzlərindən birisi olaraq ön plana çıxdığını, Çin və Rusiya, eləcə də Rusiya-Amerika və Çin Amerika rəqabətini düşündüyümüz zaman Qazaxıstanın əhəmiyyəti daha da anlaşılır. Çünki iki iperatorluq arasında sıxışmış bir ölkədən, Türk dünyasının, Türküstanın ən önəmli güclərindən birindən, həmçinin, ərazisi etibarilə dünyanın 10 ən iri ölkələri arasında yer almış, trilyon dollarlarla təbii sərvəti olan bir ölkədən söhbət gedir. Dolayısıyla belə bir ölkənin daxilində baş verən hadisələr heç bir halda dünyadakı güc mərkəzlərinin bölgə siyasətindən ayrı olaraq dəyərləndirilə bilməz. O cümlədən də Rusiyanın. Təbii ki, hadisələr aydınlaşdıqca, proseslər daha da dəqiqləşdikcə Qazaxıstandakı hadisələrin nəticələri ilə bağlı daha aydın təsəvvürlərə gəlmək mümkündür. Ancaq onu da demək mümkündür ki, burada Çinin, Qərbin və Rusiyanın da öz maraqları var. Əvvəlcə bu proseslər heç şübhəsiz ki, sosial iqtisadi zəmin olaraq ortaya çıxdı. Yəni, xalqın artan qiymətlər, dünya iqtisadiyyatında baş verən infllyasiyanın Qazaxıstanın milli iqtisadiyyatı üzərində təzyiq formalaşdırması, iqtisadi vəziyyətin kəskin şəkildə pisləşməsi, gəlir dağılımında baş verən ədalətsizlik heç şübhəsiz ki, Qazaxıstandakı klanlar arasındakı iqtidar uğrunda mübarizə bu məsələnin mərkəzində idi. Əlbəttə ki, bütün bölgədə marağı olan ölkələr, Rusiya, Qərb, Çin Qazaxıstanda baş verən proseslərdən məlumatlı idilər. Ona görə də prosesləri daha çox öz maraqları istiqamətində yönəltməyə çalışmaları da təbiidir. Bəziləri SOROS, Qərb və ya Amerikanın Rusiyanın bütün sərhədləri boyunca problem yaratmaqla məşğul olduğunu deyirlər. Ukrayna, Belarus və son vaxtlar da Qazaxıstanda yaşanan olaylarda məhz həmin dairələrin fəallığının olduğu vurğulanır. Yəni, Rusiyanın sərhədləri boyunca bu tipli problemlər yaratmaqla Moskvanın enerjisini tükətmək kimi bir yanaşma var. Bu bir iddiadır. Ikinici iddia ondan ibarətdir ki, Rusiya proseslərdən öz xeyri üçün yararlanmağa çalışır və bunu da açıq şəkildə görmək mümkündür. Rusiya Orta Asiyanı öz arxa bağçası kimi görür. Rusiyanın rəsmiləri tərəfindən Qazaxıstan əraziləri ilə bağlı səsləndirilən və tarixi həqiqətə uyğun olmayan iddialar var Bunu Dövlət Dumasının bəzi təmsilçilərinin fikirlərində aydın görmək olur. Eyni zamanda Rusiya prezidenti Vladimir Putin də çıxışlarının birində qeyd etmişdi ki, ölkələr hansı sərhədləri və əraziləri ilə SSRİ-nin tərkibinə daxil olublarsa, SSRİ-nin tərkibindən çıxarkən də həmin sərhəd və ərazi ilə getməli idilər. Burada Qazaxıstanın türk dünyası ilə bağlı apardığı siyasəti də xüsusi qeyd etmək lazımdır. Qazaxıstan türk dünyası üçün mühüm bir ölkədir. Əlbəttə ki, bu da müəyyən qüvvələri narahat edirdi. İstər Çin, istərsə də Rusiya cəbhəsindən baxsaq belə bir narahatçılığı görmək mümkündür. Qazaxıstan Nazarbayev dövründən etibarən aparılan ağıllı tədricilik siyasəti ilə milliləşirdi, qazax milli kimliyi, tarix şüuru getdikcə möhkəmlənirdi. Demoqrafik vəziyyət qazax xalqının, qazax türklərinin xeyrinə dəyişirdi. Bu da təbii ki, həm Rusiya, həm də Çini narahat etməyə bilməzdi. Bu baxımdan da hadisələri dəyərləndirmək olar. Ancaq Qazaxıstanın, qazax xalqının tarixi, mədəni sosioloji yapısına da baxdığımız zaman bu da aydın olur ki, hər hansı bir gücün orada uzun müddət silah gücünə qalması, hər hansı müstəmləkə siyasəti həyata keçirməsi mümkün deyil. Verilən açıqlamalardan da göründüyü kimi yəqin ki, çox qısa bir dövr ərzində Rusiya, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı oranı tərk edəcək. Qazaxıstandakı iqtidardaxili mübarizədəki qanadlardan birinin Rusiyadan dəstək görməsi də ayrı bir mövzudur. Bununla istər istəməz Rusiyanın orada təsirini artırmağa çalışdığını da görə bilərik. Təsadüfi deyil ki, Türk Dövlətləri Təşkilatının xarici işlər nazirlərinin sonuncu toplantısında Türkiyənin xarici siyasət idarəsinin rəhbəri Mövlud Çavuşoğlu 4 əsas istiqamətdə mesaj verdi. Həmin mesajlardan biri də budur ki, Qazaxıstanda baş verən hadisələr bu ölkənin balanslı xarici siyasətinə təsir etməməlidir. Yəni, hər hansı bir balanslı xarici siyasət bir ölkədən yana dəyişməməlidir. Yəqin ki, burada da nəzərdə tutulan Rusiyadır.
-Son olayları Rusiyanın Orta Asiyaya nəzarəti ələ keçirib türk birliyi ideyasını boğmaq məqsədi kimi dəyərləndirirllər. Çünki KTMT-nin toplantısında belə demək mümkünsə Özbəkistana da xəbərdarlıq edildi. Sizcə Rusiya buna nail olacaqmı?
-İpək Yolu coğrafiyası üzərində yerləşən ölkələrdə sabitliyin qorunması, təhlükəsiz ticarətin təmin olunması mühüm amildir. Məlumdur ki, NATO kimi Çinin belə bir hərbi, əsgəri qanadı yoxdur. Amerikanın dünyaya ağalığı sırasında NATO hərbi pakt olaraq ön plana çıxdı. Çinin isə yüksəlişi ilə bərabər belə bir hərbi paktı, müttəfiqi yoxdur. Dolayısıyla İpək Yolunda təhlükəsizlik, sabitliyin qorunması iki gücün uzlaşması ilə həll edilə bilər. Bu Rusiya və Türkiyədir. Rusiya burada Türkiyə ilə hesablaşmadan təkbaşına oyun qurucu bir güc ola bilməz. Bu günkü proseslərə baxdığımız zaman bu da mühüm bir məqamdır və inkar etmək mümkün deyil.
Qərbdəki bəzi dairələr zaman-zaman Türkiyə ilə Rusiyanı bir- birinə qarşı qoymağa çalışıblar. Bu aydın bir mənzərədir. Istər Rusiya, istərsə də Türkiyə ilə bağlı planlarını həyata keçirmək üçün bunu çox arzulayırlar. Tarixdə də bunun örnəkləri, misalları var. Zamanında Osmanlını Çar Rusiyası üzərindən dayandırıblar. Özləri üçün təhlükə gördükləri türk gücünü Çar Rusiyası vasitəsilə önləyə biliblər. Ancaq Türkiyə ilə Rusiya bütün bu məsələləri görərək, mümkün coğrafiyalarda mümkün kompromis variantlar taparaq bir-biri ilə uzlaşmaq, kompromis tapmaq siyasəti həyata keçirir. Yəqin ki, Orta Asiyada da bunu görəcəyik.
-Bəziləri Qazaxıstan olaylarında Türkiyənin davranışını məqbul saymadı. İddia edildi ki, Türkiyə Qazaxıstanda baş verənlərə müdaxilə etməli idi. Bu nə dərəcədə məntiqli yanaşmadır və Türkiyənin müdaxiləsi Orta Asiyada daha böyük faciələrə səbəb olmazdımı?
-Türkiyə hər zaman türk dünyasının mübarizə məkanı deyil, uzlaşma məkanı olmasını istəyir. Xüsusilə Avrasiyada bir türk rus uzlaşması olmasına çalışır. Bunu da görmək mümkündür. Təbii ki, hər şey istəməklə olmur və müəyyən addımlar da atılmalıdır. Təsadüfi deyil ki, Mövlud Çavuşoğlu son toplantıda Türk Dövlətləri Təşkilatının kəşfiyyat və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsinə və bunun strukturlaşdırılması zərurətini bildirdi. Bu mənada baxsaq Türkiyənin Qazaxıstan siyasəti olduqca praqmatik və realist bir siyasətdir. Onsuz da Qazaxıstan KTMT-nin üzvü idi və Türk Dövlətləri Təşkilatının da hərbi sahədə hər hansı bir paktı yoxdur. Odur ki, Türkiyənin hərbi varlığı ilə sahəyə enməsi də qeyri real görünürdü. Digər tərəfdən Qazaxıstanda hadisələr mürəkkəb müstəvidə cərəyan edirdi. Bir tərəfdə xalq, digər tərəfdə iqtidar vardı. Türkiyə isə hər zaman bütövlük içərisində, Qazaxıstanda xalq və dövlət bütünlüyündən çıxış edir. Xalqın, millətin maraqlarını da burada ön plana çıxarır. Təbii ki, dövlətin qorunması, sabitliyin təmin edilməsi, milli dövlətçiliyin qorunması şərti ilə. Ancaq irəlidə, bir neçə ildən sonra türk dünyasının hərbi müstəvidə də əməkdaşlığını dərinləşdirərək İpək Yolunda təhlükəsizlik və sabitliyi qorumaq üçün bu kimi ekstrimal vəziyyətlərdə hərəkətə keçəcək sülhməramlı qüvvələrinə də ehtiyac var və hesab edirəm ki, türk dünyası, Türk Dövlətləri Təşkilatı tezliklə bu məsələləri də gündəminə alacaq və bu istiqamətdə addımlar atacaq.
Rusiyadan verilən açıqlamalara, xarici işlər naziri Sergey Lavrovun “Türk Dövlətləri Təşkilatının hərbi müstəvidə əməkdaşlıq etməsini arzu etmirik” fikrinə baxdıqda ortaya maraqlı nüanslar çıxır. Əgər regionda doğurdanda türk – rus uzlaşması olacaqsa, İpək Yolunu təhlükəsizlik və sabitliyini KTMT təkbaşına təmin edə bilməz. Bu mənada Türkiyənin, türk dünyasının də üzərinə böyük rol düşür. Ona görə də Türk Dövlətləri
Təşkilatının da sülhməramlı qüvvələr formalaşdırması, onun KTMT ilə birgə əməkdaşlıq etməsi mümkündür.
-Qazaxıstan olayları Türkiyə ilə əlaqələrimizin daha da dərinləşməsi və tarixi Şuşa bəyannaməsinin müddüəlarının daha çevik şəkildə reallaşması zərurəti yaratmır?
–Azərbaycan – Türkiyə əməkdaşlığına gəldikdə, Qazaxıstan hadisələrindən çıxarılacaq çox dərslər var. Birincisi, ölkədə milli gəlir dağılımının daha ədalətli bir müstəviyə keçirilməsi çox vacibdir. İndiki dövrdə daha mürəkkəb üsullarla ölkələr uğrunda, həmçinin ölkələrdəki sabitliyin pozulması, onlara təsir imkanlarının genişləndirilməsi istiqamətində fəaliyyətlər olacaq. Bu məmada xalq – dövlət, millət dövlət bütünləşməsinin təmin olunması çox mühümdür. Ikinicisi, Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı daha da dərinləşməlidir. Türkiyə-Azərbaycan əməkdaşlığı bütün bölgənin təhlükəsizliyi, sabitliyinin təminatıdır. Türk dünyasının təhlükəsizlik və sabitliyinin təmin edilməsində də bu çox mühümdür. Bu mənada Şuşa bəyannaməsinin bir bənzərinin də Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə imzalanmasında fayda var. Milli elitaların da daha çox millətə, türk dünyasına bağlı olan insanlardan seçilməsi də olduqca mühümdür. Bütün bunların hamısını düşündüyümüz zaman deyə bilərik ki, Qazaxıstan hadisələri əslində bütün türk dünyası üçün ciddi dərslər ortaya qoyur.
Süleyman İsmayılbəyli