Hər birimizin arzusu işğal edilmiş torpaqlarımızın düşmən tapdağından azad edilməsi idi

Elçin Hüseynbəyli -“Mən mən nədən yazıramsa, yazım, istər müharibə, fəlakət, faciə olsun, onların hamısının mərkəzində insan, insan həyatı, insan ömrü dayanır.”

Müsahibimiz nasir, yazıçı-dramaturq, publisist, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Elçin Hüseynbəylidir.

Onunla  60  illik  yubileyi  ərəfəsində  görüşdük.  Bir  az  kövrək, bir  az  həyəcanlı  idi…

Tanıtmağa  ehtiyac  yoxdu.  Amma  xatırladaq.

Qarabağda dünyaya göz açan Elçin Hüseynbəylinin ilk hekayəsi orta məktəbdə oxuyarkən çap olunub. Sonralar ali məktəblərdə – Bakı Dövlət Universitetində, Moskva Dövlət Universitetində oxuyanda da, müxtəlif peşələrdə çalışanda da yazmağa davam edib. Maraqlı hekayələri, povestləri ilə oxucuların rəğbətini qazanan E.Hüseynbəylinin “Kəndə gün çıxanda qayıdacağıq”, “Kənddən məktublar”, “Əsirlər”, “Gözümə gün düşür”, “Küləkli çöl” əsərlərində Qarabağla bağlı problemlər ustalıqla əks etdirilib.

 – Elçin  müəllim,  bir yazıçı kimi bu günki ədəbiyyatımızı necə dəyərləndirirsiniz? Bu gün yazılan əsərlərdə oxucunu əsasən hansı mövzular cəlb edir?

– Azərbaycan ədəbiyyatı dünya ədəbiyyatının tərkib hissəsidir. Burada baş verən proseslər bizim ədəbiyyatda baş verib. Müəyyən axtarışlar, yeniliklər həm poeziyada, həm nəsrdə özünü göstərir. Mənim müşahidəmə görə, indi  daha çox detektiv ədəbiyyat populyardır. Təkcə Azərbaycanda yox, həm  də  bütün  dünyada. Əslində, “detektiv”, yaxud “ciddi” ifadələrini işlədirlər, gəlin bu sözü işlətməyək. Başqa janrda yazılan ədəbiyyat nümunələri oxucular tərəfindən bir qədər soyuq qarşılanır. Həm də, mən bir müşahidəmi də deyə bilərəm ki, siyasi, iqtisadi publisistika kitabları da gənclərin daha çox diqqətini cəlb edir.   Bu yaxınlarda bir kollektivlə görüşdə oldum. Soruşdum, nə oxuyursunuz? Cavanlardan biri dedi ki, xarici ədəbiyyat oxuyuram. Sonradan məlum oldu ki, heç xarici ədəbiyyatı da düz-əməlli oxumurlar. Bir növ sovet dövründən qalma psixologiya da oxuculara təsir edir. Yəni, biz yaxşı heç nə istehsal edə bilmərik. Lakin, belə deyil. Yenə də deyirəm, Azərbaycan ədəbiyyatı kifayət qədər uğurlu inkişafdadır. Biz nəzərə alsaq ki, bizim oxu mədəniyyətimiz Avropadan azı 500 il geri qalır, çünki,  Avropada 500 il qabaq universitetlər var idi, jurnallar çıxırdısa, bizdə heç sən bunu ağlına belə gətirə bilməzdin. Ona görə də daha çox oxu vərdişi, mədəniyyəti uşaqlara aşılanmalıdır.

Uşaq kitabları da son zamanlar çox maraqlı çıxmağa başlayıb, uşaq ədəbiyyatı sahəsində maraqlı imzalar var. Onu deyim ki, mən də rus və Azərbaycan dillərində test tapşırıqları ilə birlikdə uşaqlar üçün 12 hekayədən ibarət kitab yazdım ki, bu yaxınlarda nəşr olunacaq. Uşaqlar erkən yaşlarından kitab oxuyarlarsa, onların ədəbiyyata olan maraqları da artacaq.

Ümumən götürdükdə, bizim ədəbiyyat palitramız kifayət qədər rəngarəng və parlaqdır. Ancaq oxucu azlığı bu məsələyə bir az kölgə salır.

– Oxucu azlığının qaynağını nədə görürsünüz?

– Bayaq dediyim kimi bizim oxu vərdişimiz, mədəniyyətimiz Avropadan geri qalıb. Düzdür, deyə bilərlər, bəs sovet vaxtı niyə kitablar çox çap olunurdu? O vaxt kitablar dəbdə idi və bilirsiniz, sosial şəbəkələr yox idi. İndi sosial şəbəkə çoxdur, genişdir. “Facebook”, “İnstagram”, “Twitter” insanı daha maraqlı, daha ekstremal məsələlərə, xəbərlərə yönəldir. Hətta bəzən görürsən, söhbət edəndə adam nə isə ilə məşğuldur və səni heç eşitmir. Mən elə düşünürəm ki, bu sosial şəbəkələr, smart telefonlar təkcə Azərbaycanda yox, bütün dünyada insanlar arasında ünsiyyəti azaltdığına görə, insanlar arasında səmimiyyət də azalır. Yəni, insanlar arasında birbaşa təmas  olmadığına görə, artıq texniki münasibətlər yaranır. Bir var insanlarla birbaşa ünsiyyətdə olursan, müəyyən enerji alırsan, enerji ötürürsən. Amma arada telefon, texnika varsa, hər şey soyuqlaşır.

– 1989-cu ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirmisiniz. Nəyə görə hazırda bu ixtisasla fəaliyyətinizi davam etdirmirsiniz?

– Mən uzun müddət jurnalistika ilə məşğul olmuşam. 15 il jurnalistika, paralel olaraq publisistika və ədəbi yaradıcılıqla  məşğul olmuşam. Amma elə bir dövr gəldi ki,  sırf ədəbi yaradıcılığı seçdim. Yəni, pyeslər, kitablar, romanlar, hekayələr yazdım. Eyni zamanda, publisistikanı saxladım. Daha çox   publisistika, nəsr və dramaturgiyada  yazırdım. Ona görə aktiv, fəal jurnalistikadan uzaqlaşmışam. Amma media mühitində varam.

– Bilirsiniz ki, birinci Qarabağ müharibəsi ilə Vətən müharibəsi arasında böyük fərq var. Vətən müharibəsi zəfərimizlə nəticələndi,  torpaqlarımız işğaldan azad edildi. Sizin birinci Qarabağ savaşında hərbi müxbir kimi fəaliyyətiniz olub. Vətən müharibəsinə də eyni şəkildə qatılmağı arzulamışdınızmı?

– Biz bir yazıçı, Azərbaycan Yazıçılar Birliyinin rəhbər-təmsilcisi olaraq, Zəfər müharibəsinə qədər həm əsərlərimizlə, həm canlı təmaslarla öz töhfələrimizi verdik. Uzun illər cəbhə bölgələrində həm hərbiçilərlə, həm cəbhə bölgələrində yaşayan insanlarla yazarlar klubunun xətti ilə tədbirlər keçirildi. Onlara daha çox Qarabağla  bağlı çoxlu kitablar hədiyyə etdik. Eyni zamanda, tanınmış qələm adamlarını da həmin səfərlərə dəvət etdik və onlar da səfərlərə qatıldılar. Cocuq Mərcanlı və Horadiz səfərində Anar müəllim, Nəriman Həsənzadə, rəhmətlik Fikrət Qoca və digər elm adamları iştirak etdilər və insanlarla, məktəblilərlə birbaşa təmasda oldular. Mən birinci Qarabağ savaşında hərbi müxbir kimi iştirak etmişəm. Eyni zamanda, xarici jurnalistlərin cəbhə bölgələrindən birbaşa təmas xətlərinə səfərlərində iştirak etmişəm və onları müşaiyət etmişəm. İkincidə isə çox qısa bir zaman oldu. Lakin mən müsahibələrimin birində də demişdim ki, böyük məmnuniyyətlə kəndimiz uğrunda gedən döyüşlərdə iştirak edərəm. Ancaq buna ehtiyac qalmadı. Çünki, bizim artıq ali ordumuz var idi, yüksək texnika ilə təchiz olunmuşdu. Bütün bunlara baxmayaraq, əgər ehtiyac qalsaydı, mən də yenidən iştirak edərdim.

– Vətən müharibəsinə həsr etdiyiniz əsəriniz var və ya yazmağı düşünürsünüz?

– Böyük Zəfərimizdən sonra mənim 7 kitabım nəşr olunub. O kitablardan ikisi almanaxdır. Yəni, təkcə mənim yazılarım deyil. Məsələn, deyək ki, “Qarabağ dastanı, otuz ilin həsrəti – 44 günün Zəfəri” adlı toplu Anarın ideyası ilə çap edilib. Orada da mənim Cəbrayıldan bəhs edən “Lənət, nifrət və sevgi” adlı böyük bir esse-məqaləm çap olunub. Daha çox etnoqrafik fondadır və uşaqlıq xatirələrimin bir əksidir. Mən o kitabı müəyyən mənada “Qarabağın bədii ensiklopediyası” adlandırıram. Düşünürəm ki, bu möhtəşəm kitab insanların, azərbaycanlılarımızın, o taylı, bu taylı vətəndaşlarımızın hamısının stolüstü kitabı olmalıdır. Çünki, bu vacib məsələdir. İkinci bir toplu almanax mənim ideyam, təşəbbüsümlə nəşr olunub. “Bütün yollar Şuşaya aparır” adlanır. Orada da “Vaqif poeziya günləri” ilə bağlı məqalələr birmənalı şəkildə yer alıb. Ön sözün müəllifi və redaktoru mənəm.

Ümumiyyətlə Qarabağ mövzusu həmişə mənim yaradıcılığımda qırmızı xətt kimi keçib və son olaraq bizim Zəfərimizdən sonra yazdığım hekayələr “Əsgər barmağını əmən körpə” və “Arxadan vurulacağını gözləyirmiş kimi” adlanır. Mən mən nədən yazıramsa, yazım, istər müharibə, fəlakət, faciə olsun, onların hamısının mərkəzində insan, insan həyatı, insan ömrü dayanır. Mən həmişə demişəm ki, istənilən qızılgülün fonunda hər bir hadisədən danışmaq olar. Mənim yazılarımda da əgər söhbət müharibə dövründən, aurasından gedirsə, orada birmənalı olaraq insan taleyi, insanın hissi, qazandığı, insan faciəsi olur. Başqa hekayələrimdə təbii ki, insanın xoşbəxtliyi də var. Amma burda söhbət Qarabağdan gedir.

– Yazdığınız əsərləri ilk kim oxuyub, fikir bildirir?

– Adətən, elə mən oxuyuram. Çox nadir hallarda həyat yoldaşım oxuyur. Bilirsiniz ki, əsərlərimin redaktoru yoldaşım Dürdanə İbrahimova – Hüseynbəylidir. Amma belə, ümumən tez -tez öz əsərlərimi oxuduğum üçün deyərdim ki, ilk və son oxucusu özüməm.

– Əsasən, əksər əsərlərin başlıca mövzusu sevgi və ya dostluq olur. Əsərlərdəki sevgi, dostluq anlayışı ilə günümüzdəki sevgi, dostluq arasında hansı fərq var?

– Mən razıyam ki, bu mövzular kitablarda daha oxunaqlıdır. Sevgi macərası üzərində qurulan kitablar maraqlı olur. Amma yenə də elə düşünürəm ki, insan nədən yazırsa  yazın, onsuz da onun əsərlərində bir işıq, sevgi olmalıdır. Amma nəzərə almaq lazımdır ki, əgər sən sevgini, dostluğu olduğu kimi yazırsansa, o artıq bədii əsər deyil, sənədli əsərdir. Dostlarım həmişə bura gələndə mənim çay dəmləməyimi istəyirlər. Deyirlər ki, necə olur, çay eynidir, biz də elə dəmləyirik. Amma sənin dəmlədiyin kimi olmur. Deyirəm ki, mən ona öz ürəyimdən bir parça, sevgimi qatıram. Bədii əsər də belədir. Bədii əsərə insan öz ruhunu, canını, sevgisini qatır. Ona görə də bədii əsər maraqlı alınır. Həm də nəzərə almaq lazımdır ki, hər kəs bədii əsər yaza bilmir. Çünki, yazıçının baxış bucağı oxucunun baxış bucağından xeyli dərəcədə fərqlənir. Fərqlənməsə, o əsər uğursuz ola bilər.

– Dekabrın 23-ü 60 illik yubileyinizdir. “Olaylar” adından sizi doğum gününüz münasibətilə təbrik edir, uzun ömür, can sağlığı, fəaliyyətinizdə uğurlar arzulayırıq.

– Təşəkkür edirəm.

– İnsan arzuları tükənməzdir deyirlər. Yeni yaşınızda gerçəkləşməsini istədiyiniz arzunuz nədir?

– Bir azərbaycanlı olaraq hər birimizin arzusu işğal edilmiş torpaqlarımızın düşmən tapdağından azad edilməsi idi. Vətən müharibəsindən sonra torpaqlarımız geri qayıtdı. Hətta, mən orda səfərdə oldum, ziyarət etdim. İllər boyu əsərlərimdə də bu mövzuda yazanda Qarabağı təsvir edirdim. Mənə deyirdilər ki, sən necə olur görmədən bu qədər gözəl təsvir edirsən. Lakin, səfərdə olanda düşmənin dağıtdığı, yerlə -yeksan olan əraziləri gördüm. Əlbəttə, o əraziləri görəndə insanın gözündə müəyyən xatirələr canlanır. Arzu edirəm ki, dağıdılan ərazilər yenidən inşa edilsin və Qarabağa gediş-gəliş bərpa olunsun. Mən də gedib orada yaşayım.

Bununla yanaşı, dekabrın 24-ü hörmətli cənab prezident, Ali Baş Komandan İlham Əliyevin də doğum günüdür. Onun da 60 yaşı tamam olur. Mən ona cansağlığı, uzun ömür arzu edirəm. Hər zaman dövlətimizin, xalqımızın, millətimizin başında dayanmağı, ailəsi ilə birlikdə olmağı arzulayıram. Çox yaşasın, xoş yaşasın. Həmişə bizə zəfərlər bəxş etsin.

– Sizin arzularınız bütün azərbaycanlıların arzusudur. Tezliklə gerçəkləşməsi diləyi ilə, vaxtınızı ayırdığınız üçün təşəkkür edirəm.

– Buyurun, mən təşəkkür edirəm.

Röyalə Xəyal

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 055 461 71 21 WHATSAPP