Azərbaycanda ərzaq məhsullarının bahalaşma faizi açıqlandı
Bu ilin yanvar-iyul aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 14%, o cümlədən ərzaq məhsullarının qiymətləri 18,2%, qeyri-ərzaq məhsullarının qiymətləri 12,6%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 9,6% artıb.
Aktor.Az xəbər verir ki, bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata görə, 2017-ci ilin iyul ayında iyun ayına nisbətən istehlak məhsulları və xidmətləri 0,1%, o cümlədən qeyri-ərzaq mallarıi 1,6%, əhaliyə göstərilən ödənişli xidmətlər 0,4% bahalaşıb, ərzaq məhsulları isə 1% ucuzlaşıb.
Ay ərzində unun, qarabaşaq və manna yarmasının, makaron məmulatlarının, toyuq ətinin, yumurtanın, balıq məhsullarının, günəbaxan və qarğıdalı yağlarının, şəkər və şəkər tozunun, bananın, almanın, armudun, alçanın, şaftalının, qarpızın, yemişin, pomidorun, badımcanın, yerkökünün, kartofun, tütün məmulatlarının qiymətlərində azalma, mal və qoyun ətinin, pendirin, kərə və zeytun yağlarının, limonun, soğanın, sarımsağın qiymətlərində isə artım müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
İyul ayında iyun ayı ilə müqayisədə qeyri-ərzaq mallarından parçaların, ayaqqabıların, inşaat materiallarının, benzinin, mebel və ev əşyalarının, xalça və digər döşəmə örtüklərinin, kiçik elektrik cihazlarının, soyuducuların, tozsoranların, alət və avadanlıqların, velosipedlərin, minik avtomobilləri üçün ehtiyat hissələrinin qiymətlərində artım, geyimin, səs və təsvir yazılışı üçün daşıyıcıların, kondisionerlərin, fərdi kompüter və mobil telefonların qiymətlərində isə azalma müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
İyul ayında əvvəlki aya nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən paltarların təmizlənməsi, təmiri və kirayəsi xidmətinin, dəmiryol və taksi nəqliyyatı ilə sərnişindaşıma xidmətlərinin, Azərbaycandan kənara istirahət turlarının qiymətlərində artım, ev və məişət xidmətlərinin, hava nəqliyyatı ilə sərnişindaşıma xidmətinin qiymətlərində isə azalma müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.