Prezidentin islahatları dərinləşdikcə cəbhədə döyüşlər intensivləşəcək-YUNUS OĞUZ

Yunus Oğuz: “Cəbhə xəttində baş verən son proseslərə səbəb olan amillərdən biri də Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının 31-ci xüsusi sessiyasının  çağrılmasıdır”

Ötən gündən başlayaraq Ermənistanla sərhəd xəttində gərginlik müşahidə edilir.  Erməni silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində həyata keçirdiyi təxribat və hücum cəhdi nəticəsində bir neçə hərbiçimiz şəhid olub və yaralılar var. Ancaq Azərbaycan Ordusunun əks hücumu nəticəsində düşmən ciddi şəkildə itki verərək geri çəkilib.

Cəbhə xəttində baş verən gərginliyin səbəbləri, Ermənistan və ona havadarlıq edən dairələrin əsas məqsədləri barədə Milli Vəhdət Partiyasının sədri Yunus Oğuzla söhbətləşdik.

-Yunus bəy, ötən gündən etibarən cəbhənin Tovuzla sərhəd xəttində gərginlik artıb və erməni təxribatı nəticəsində iki hərbiçimiz şəhid olub. Həmçinin əks zərbə nəticəsində düşmən ciddi şəkildə itki verərək geri çəkilib. Cəbhədə baş verən gərginlik gözlənilən idimi?

 -Cəbhənin Tovuz istiqamətində baş verən erməni təxribatı və döyüşlərin bir çox səbəbləri var.  Əvvəla, bu günlərdə Cənab Prezidentin Xətai rayonunda modul tipli hospitalın açılışı zamanı televiziya kanallarına verdiyi müsahibədə ATƏT-in Minsk Qrupunu haqlı olaraq  kəskin şəkildə tənqid etməsi bu prosesdə öz rolunu oynayır.  Həmçinin ölkədə ciddi kadr islahatlarının həyata keçirilməsinin bu prosesə təsiri mümkünlüyünü qeyd edə bilərik. Bildiyiniz kimi, ölkədə korrupsioner məmurlara qarşı ciddi mübarizə başlayıb və proses artıq Xarici İşlər Nazirliyinə də   toxunur. Mətbuatdan da qeyd edildiyi kimi Xarici İşlər Nazirliyində “beşinci kolon”a, xarici dairələrə işləyən kifayət qədər insanlar var.  Düşünürəm ki, bunlar da açılacaq. Digər tərəfdən ölkədə aparılan islahatlar, Azərbaycanın və onun prezidentinin dünya miqyasında lider mövqeyə çıxması, dövlət başçısının təklifi, təşəbbüsü ilə pandemiya ilə bağlı BMT Baş Assambleyasının 31-ci xüsusi sessiyasının çağrılması da cəbhədə gərginliyin artmasına səbəb olan amillərdən sayıla bilər.  Həmçinin, bura Ermənistan daxilində baş verən prosesləri də aid etmək olar. Çünki bu gün Ermənistanda tibbi, iqtisadi, siyasi və hərbi böhran hökm sürür. O baxımdan tibbi böhran deyirəm ki, hazırda Ermənistanda pandemiya tüğyan edir və onun qarşısını ala bilmirlər. 2 milyon əhalisi olan Ermənistanın pandemiya səbəbindən itkiləri Azərbaycandan çoxdur. Son zamanlar bəzi sabiq məmurların Ermənustan hakimiyyətini tənqid etməsi də proseslərin tərkib hissəsi sayıla bilər.

-Sizcə, erməni təxribatlarının Qarabağ cəbhəsində deyil, Ermənistanla sərhəddə həyata keçirilməsi nəyə hesablanıb?

-Son vaxtlar müşahidə edirik ki, erməni təxribatları əsasən sərhəd xətti istiqamətində, Tovuz, Qazax və.s də baş verir. Ancaq Qarabağ cəbhəsində bu təxribatlar edilmir. Eyni zamanda Naxçıvanda da bunu müşahidə etmirik. Çünki Qars müqaviləsindən dolayı ermənilər Naxçıvanda bu təxribata cürət etmirlər.  Ona görə də ermənilər üçün ən rahat variant Tovuz-Qazax istiqamətidir. Yəni, bu istiqamətdə Azərbaycanı təxribata çəkib Ordumuzun Ermənistan ərazisinə daxil olmasına imkan yaratmaq, bununla da ölkəmizi  beynəlxalq oyuna çəkmək planları var. Burada məkrli plan olmasaydı, ermənilər ən azı 2016-cı ildə itirdikləri Lələtəpəni, Talış yüksəkliklərini geri almaq məqsədilə əməliyyata  başlayardılar. Yəni, burada əsas məqsədlərdən biri də  Azərbaycanı təxribata çəkməklə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını proseslərə cəlb etməkdir. Yəni, bu zaman Azərbaycan kifayət qədər zəif mövqedə olacaq.

Qeyd etdiyim kimi, cəbhə xəttində baş verən son proseslərə səbəb olan amilərdən biri də Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının 31-ci xüsusi sessiyasının  çağrılmasıdır. Düşünürəm ki, dövlət başçısı tərəfindən həmin sessiyada çox ciddi məsələlər qoyulacaq. Xüsusi sessiyada təkcə pandemiya deyil, eyni zamanda Qarabağ məsələsi də ciddi şəkildə dövlət başçısı tərəfindən gündəmə gətiriləcək.  Eyni zamanda ATƏT-in yarıtmaz fəaliyyəti ortaya qoyulacaq. Görünür, bundan əndişələnən dairələr, hətta həmsədr ölkələrin özləri belə, mövqelərini qorumaq, Minsk qrupunun 27 illik yarıtmaz fəaliyyətlərini davam etdirmək üçün  belə bir addım ata bilərlər. Belə bir hadisənin baş verməsi isə ona gətirib çıxaracaq ki, yenidən ATƏT-ə təmas xəttində monitorinq aparmaq üçün müraciət olunsun.  Beləliklə, ATƏT-in fəaliyyəti guya yenidən bərpa olunur və ATƏT, yaxud Qarabağ məsələsi BMT Baş Assambleyasının 31-ci xüsusi sessiyasında müzakirə edilməyəcək. Bütün bunlarla yanaşı ölkə içində vəziyyəti qarışdırmaq, ölkədə xaos yaratmaq kimi məkrli planlar da gündəmdə var. Ancaq düşünürəm ki, bütün bunların hamısını Azərbaycan vətəndaşları görür və əhalinin mütləq əksəriyyəti ölkədə xaosun yaradılmasında maraqlı deyillər. Düşünürəm ki, bütün bunların fonunda biz düzgün addım atmalıyıq. Bu arada Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın “Elə bu dəqiqə Piter forumu və Bakıda “Jara” çatışmır. Siz anlayırsınız…” kimi ikibaşlı açıqlaması diqqət çəkməyə bilməz. Yeganə qardaş Türkiyə dövləti olaraq bəyan etdi ki, Azərbaycan hansı addımı atsa, onun yanındayıq. Ancaq təəssüflər olsun ki, biz eyni mövqeni İrandan görə bilmirik. Düşünürəm ki, bütün bunların hamısı Azərbaycanı sakit halda yerində oturtmaq, onun inkişafına mane olmaq üçün atılan addımlardır. Görünən odur ki, ona da nail olmadılar.

-Aprel döyüşləri ərəfəsində olduğu kimi, indi də mənfi tendensiya müşahidə  edilir. Belə ki, bəzi radikal siyasi dairələr iddia edirlər ki, Azərbaycan daxildəki sosial gərginlikdın diqqəti yayındırmaq üçün cəbhə xəttində manevrlər edir. Belə bir cəfəng iddia ilə çıxış etmək nə dərəcədə milli maraqlara zidd mövqedir?

-Həmin siyasilər və onların təmsil olunduğu partiyalar özbaşına deyillər. Onları  da bu fikri deməyə məcbur edirlər. Əgər illərlə onları dolandırıb, maddi yardım edib ayaqda saxlayıblarsa, indi də bu və ya digər fikri söyləmələrini istəyirlər. Azərbaycanda xarici ölkələrin maraq dairəsində olan partiyalar, QHT-lər, saytlar, hətta qəzetlər var və həmin qəzetlər də dərc olunur. Onlara “beşinci kolon” deyirlər. Onlar həm mütəxəssis hazırlayır, onları məmur, siyasi partiya rəhbəri kimi yetişdirirlər. Belə bir fikir bildirmələri üçün, ilk növbədə əllərində fakt olmalıdır. Digər tərəfdən dediyi fikrin məsuliyyətini daşımalıldır. Məsələn, keçmiş müdafiə naziri Rəhim Qazıyev, yaxud bir başqası iddia edir ki, bu döyüşlərdə məqsəd Qazax və Ağstafanı ermənilərə verməkdir. Bu adamları, həmin əsassız xəbərləri yayanları məsuliyyətə cəlb etmək lazımdır. Yəni, hökumətimiz oturmamalıdır. Yayılan yalan, qərəzli informasiyalara adekvat cavab verilməlidir.

-Maraqlıdır ki, son həftələrdə həm Rəhim Qazıyev, həm də Surət Hüseynovun KİV-lərdə bir aktivliyi müşahidə edilir. Sizcə, bu təsadüfdür, yoxsa bu və ya digər formada son hadisələrlə bağlılıq var?

-Təbii ki, onlar da elə bu cür vəziyyətin yarannmasını gözləyirlər. Hesab edirəm ki, Prezidentin islahatları dərinləşdikcə cəbhədə döyüşlər intensivləşəcək. Bakıdakılar mövqelərini əldən vermək istəmirlər. Onlar da sabiq məmurlardır. Milyonlar, milyardlar yığlblar, indi də mövqelərini vermək istəmirlər və açıq döyüşə gedirlər. Adlarını qeyd etdiyimiz sabiqlərin də bütün bunların fonunda fəallaşması müşahidə edilir. Törətdiyiniz cinayətlərə görə neçə illər həbsxana həyatı yaşadınız, çıxandan sonra da bəyan etdiniz ki, siyasətə qoşulmayacağıq. İndi nə oldu? Çıxıb deyirsiniz ki, Qazax, Ağstafa ermənilərə veriləcək. Bu fikri hansı əsasla söyləyirsən? Onları istintaqa çağırmaq lazımdır ki, əlində bununla bağlı hansı fakt var. Hər halda hökumətimiz, müvafiq strukturlar bununla ciddi məşğul olmalıdırlar.

Füzuli

 

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21  WHATSAPP