Mənim Yalançı Pəhləvanlarım
Dünən dostlarımdan ikisi mənimlə bir “YouTube” linki paylaşdı və baxmağımı məsləhət gördülər. Video dünənki yazımın qəhrəmanları olan “uğursuz xəyalpərəstlər”in mənim və tanınmış jurnalist Aidə Eyvazlının millət vəkili Cavanşir Feyziyevə atılan böhtanlara qarşı etirazımızı bildirməyimizə təşviş dolu bir reaksiyadan ibarət idi. 1 saata yaxın yalançı pəhləvana tamaşa etmək nə qədər cansıxıcı olarsa, bir o qədər ürəyim sıxıldı. 1 saata yaxın nə qədər nadan və riyakara qulaq asıb əziyyət çəkmək olarsa, bir o qədər də əziyyət çəkdim. Amma peşiman olmadım. Ən azı ona görə ki, əvvəlki yazımda bu iki virtual varlığa qoyduğum diaqnozun (şizofreniya) nə qədər dəqiq olduğuna bir daha əmin oldum.
Mən Adəm övladının yalnız təkamül etdiyi müddətcə yaşadığına inanan birisiyəm. Başqa sözlə, əgər insan bu gün dünənindən daha ağıllıdırsa, deməli yaşayır. Hər gün əvvəlki gündən daha yaxşı və vicdanlı yaşamağa çalışırsa, deməli şəxsiyyətdir. Şəxsiyyəti şəxsdən fərqləndirən əsas meyar isə onun etdiyi hərəkətlər və verdiyi qərarlarla bağlı həm cəmiyyətə, həm də özünə hesab verə bilmə qabiliyyətidir. Bu qabiliyyətdən məhrum olanlar nadandır. Ümumiyyətlə, vicdan qarşısında hesabat anlayışından uzaq olanlara isə heç insan da demək olmaz. Onlar məncə, insanabənzər məxluqlardır.
Dünən axşam internet məkanında “YouTube” üzərindən yayımlanan Reaksiya TV-də Əvəz Zeynallı və Zaur Qəriboğlunun təşkil etdikləri şou-da səsləndirdikləri sərsəm fikirlər məni yenidən bu mövzuya qayıtmağa vadar etdi. Bu insanabənzər məxluqlara baxdıqca aşağıdakı hekayəni xatırladım.
Mən bunun harasını düzəldim axı?!
Heyakə qısaca belədir: Günlərin bir günü bir gənc bir alimə Qurbanlıq haqqında cavabını tapa bilmədiyi suallarının olduğunu deyir və cavablandırmaqda alimin kömək etməsini xahiş edir. Alimin razılığından sonra gənc deyir: “Bilirik ki, uşağı olmayan Həzrəti Davud Allaha dua edib ki, ona bir qız uşağı versin, o da bu qız uşağını Allahın yolunda qurban edəcək. Sonra dua qəbul olunub və Davud peyğəmbərin qızı olub, qızın adını Ayşə qoyub. Ayşəni qurban vermək vaxtı gələndə Əzrail göydən bir keçi gətirib və Ayşənin əvəzinə bu keçini qurban etməyi deyib”. Söhbəti kənardan dinləyənlərdən biri gəncin sözün kəsib, alimə gəncin hər şeyi səhv dediyini və onu niyə düzəltmədiyini sorğu edib. Alim də “mən bunun harasını düzəldim axı?! Hər şeyi səhv deyir, Həzrəti Davud deyildi, Həzrəti İbrahim idi, qız deyildi, oğlan idi, Ayşə deyildi, İsmayıl idi, Əzrayıl deyildi, Cəbrayıl idi, keçi deyildi, qoyun idi”.
Dünən Əvəz Zeynallı və Zaur Qəriboğlunu dinlədikcə özümdə qeydlər aparmağa başladım ki, bəs bunu düz demirlər, digər bir məqamı da, başqa birini də, sonra birini də, daha sonra daha birini də və sair. Sonda yuxarıdaki hekayəni xatırlayıb, qeyd aparmaqdan vaz keçdim. Doğrudan da, axı hansı birinə reaksiya verib, hansı birini düzəldəsən.
İndi cəmi iki-üç gün öncə dediklərini inkar edirlər. Deyirlər ki, “…biz demirik ki, tibbi maskaların və spirtin qeybə çəkilməsini Cavanşir Feyziyev edib, aptekdə satıcı deyir”. Bərəkallah! Kimliyi bəlli olmayan bir aptek işçisinin sözü ilə başqa bir insana təhqir (tənqid deyil, məhz təhqir!) söyləmək nə vaxtdan söz azadlığı sayılmağa başlayıb? Mən küçədə birindən sizin haqqınızda eşitdiklərim əsasında sizə istənilən təhqiri edə, böhtanı ata və sonra bunu “söz azadlığı” donu altında müdafiə edə bilərəmmi?! – Əlbəttə, heç bir şüurlu insan bunu etməz, amma zaur Qəriboğlu və Əvəz Zeynallı edər.
Və yaxud da deyirsiz ki, “biz dedik dedik də, gərək Cavanşir Feyziyev bizimlə bir şəkildə əlaqəyə girəydi, deyəydi ki, bu belə deyil” və sair. Nadanlığın dərəcəsini görürsünüzmü? Məgər jurnalistikada belə bir qayda var? Siz harada və hansı mütəxəssisdən bu təhsili almışınız. Ümumiyyətlə, siz heç ali təhsil almısınızmı, bunu hələ araşdırmaq lazımdır. Jurnalist eşitdiyi hal və hadisə haqqında heç bir araşdırma aparmadan və faktları yoxlamadan insanlar haqqında ağlına və ağzına gələn hər yalanı və böhtanı atmalı, sonra da bu yalana, təhqirə və böhtana məruz qalan insanların sizinlə əlaqəyə çıxmalarını və özlərinə haqq qazandırmalı olduğunu düşünürsünüz? Bu dələduzluq və şantaj deyilmi?
Guya ədalətsizliklərə qarşı mübarizə apardığını iddia edən Əvəz Zeynallı və Zaur Qəbiroğlu deyirlər ki, “…bəlkə də biz səhv etmişik, zəng edib, bizə sübut edə idi ki, onun bu işlərlə heç bir əlaqəsi yoxdur”. Hüquq təhsili aldığını iddia edən Əvəz Zeynallıya və heç bir ali təhsili olmayan Zaur Qəriboğluna “yurisprudensiya” sözünü necə anladacağımı bilmirəm. Amma onların şousundan onu başa düşdüm ki, bunların nəinki hüquqi terminlərdən, hətta hələ uşaq bağçasında öyrənməli olduqları adi ədəb qaydalarından belə xəbərləri yoxdur.
Digər bir sıra ağıla və məntiqə sığmayan iddialar: “türkçü olan adamın övladlarının bahalı maşınları ola bilməz”; və ya “Cavanşir Feyziyevin varidatı bütün türk dünyasının türkçülərinin sərvətindən çoxdur”; yaxud da “məhz Cavanşir Feyziyev kimilərinə görə türk dünyası bu günə düşüb, bir araya gələ bilmir” və s. buna bənzər sayıqlamalar. Ağılsızlıqlarına güləsən, yoxsa düşdükləri hala ağlayasan, ədalətsizliklərinə etiraz edəsən, yoxsa düçar olduqları xəstəliyə görə dua edəsən, vallah bilmirəm. Millətini, milli kimliyini sevmək, türkçü kökü ilə fəxarət hissi duymaq, türk dünyasının yaxın və ya orta gələcəkdə yenidən qovuşması üçün (inşallah yaxın gələcəkdə) dəridən-qabıqdan çıxmaq üçün Cavanşir Feyziyevin və ya başqa türkçülərin mütləq səfalət içindəmi olması gərəkir? Sərvət sahibi olan insanın qəlbinin Turan məfkurəsi ilə döyünməsi mümkün deyil deyə bir qaydamı var? Deməli, siz maddi zənginliyi olan birisinin mənəvi zənginliyini qoruyub saxlaya bilməyəcəyinə dair bir aksioma ortaya qoyursunuz, eləmi? Axı belə bir qafilliyin içinə düşüb, sonra normal ağıla sahib olduğunu iddia etmək nə qədər doğrudur, Əvəz Zeynallı?! Efirdə dedin ki, sən onun kitablarını oxumamısan. Mən əminəm ki, oxusaydın belə sən nümayiş etdirdiyin ağlınla heç bir şey anlamazdın.
Bu yalançı pəhləvanlar deyirlər ki, Cavanşir Feyziyevi heç vaxt tanımayıblar. Guya hansısa aptekdə onun adını eşidiblər və dərhal onunla bağlı “siyasət meydanı” qurmaq haqqını özlərinə tanıyıblar. Sizdən fərqli olaraq onu 10 ildən çox yaxından tanıyan, şəxsiyyəti və ideyalarına görə, ölkəsi, milləti və Turançılıq idealı üçün döyünən ürəyinə görə onunla fəxr edən bir dostu olaraq mənim Cavanşir Feyziyevə edilmiş haqsızlığa qarşı öz fikirlərimi yazmaq haqqımı niyə tanımaq istəmirsiniz? Niyə saytlara zəng vurub bu yazını vermələrini tələb edirsiniz? Siz ağlınıza gələni danışmalısız və heç kim sizə cavab verməməlidir? Budurmu sizin söz azadlığı haqqında dünyagörüşünüz?
Vallah sözüm yoxdur. Amma ona görə yox ki, danışmağa sözüm qurtarıb. Mən həm ana dilimi, həm Azərbaycan dili qədər doğma saydığım Türk dilini, həm də daha bir neçə dili sərbəst danışıram, lakin bu qədər fərqli dillərdə sahib olduğum söz lügətimdə sizdəki həya yoxsulluğunu ifadə edəcək söz tapa bilmirəm. Yaradan sizi islah etsin, görünən odur ki, Yaradanın yaratdığı biz yaradılanlar bunu bacarmayacağıq.
Ümid edirəm ki, bu yazımda Zaur Qəriboğluya çox diqqət ayırmadığım üçün məndən küsməz. Çünki dünən sahibi olduğu internet televiziyasının “YouTube” kanalına baxış sayını artırmaq üçün etdiyi çağırışlardan və verilişə “su” olaraq qatılan Əvəz Zeynallını “od”a çevirmək üçün eyni sualları təkrar-təkrar verməkdən başqa
ondan bir şey eşidə bilmədim. Hə, az qala unutmuşdum, bir də dünənki yazımı dərc edən mətbu orqanlarından birinin Baş redaktoruna etdiyi təhdidlərdən başqa. Dünənki verilişdə virtual qəhramanlarımız ekrandan ona-buna demokratiya dərsi keçməyə çalışsalar da, özlüklərinin demokratiya anlayışına çox uzaq olduqlarını çox açıq göstərdilər. Adamlar öz yanaşmalarını, faktiki olaraq, “ya bizimləsən, ya da bizə qarşı” prinsipi əsasında qururlar. Dolayısı ilə məqsədləri, eyni ilə xarakterləri kimi, çox bəsitdir və aydındır: qorxu psixologiyası yaratmaqla, təhdidlər yolu ilə onlardan fərqli düşünən çoxluğu neytrallığa, neytral qalanları isə onlara tərəf olan azlığa doğru sürükləmək. Orta əsrlərdən qalma makiavelizmin ən bəsit siyasi ideyalarından qaynaqlanan və müasir dünyanın demokratik dəyərləri ilə heç cür ayaqlaşmayan abdal bir yanaşma. Axı buna nə gərək var?! Gəlin, Dədəm Qorqud demişkən: “Doğru yolu görürkən, əyri yoldan gəlməyəlim”.
Son olaraq, bugün dahi siyasi xadim, AXC-nin ən görkəmli simalarından biri olan, dünyada ilk türk respublikasının qurucusu Məmməd Əmin Rəsulzadənin əbədi dünyaya köçməsindən 65 il ötür.
Dünən videonun sonunda mənim uğursuz xəyalpərəstlərim – Əvəz Zeynallı və Zaur Qəriboğlu bunu da qeyd etdilər. Əvəz bəy, madam ki, ruhu qarşısında hər zaman fəxrlə baş əyəcəyimiz şəxsiyyətin məzarı başına çox gedirsiniz və virtuallıqdan reallığa qayıdaraq onun məzarı ilə dərdləşirsiniz (əgər doğrudan da belədirsə), o zaman növbəti gedişinizdə bir dəyərli insana atdığınız böhtanın və etdiyiniz təhqirin də mühasibatlığını aparın özünüzlə. Bəlkə o uca dəyərlə dərdləşmək sizə virtuallıqdakı səhvlərinizi və real həyatdakı doğruları göstərər.
P.S. “Ən böyük türkçü mənəm” deyib videoda bağıran Əvəz bilməlidir ki, Rəsulzadə adını dilə gətirməyə heç kimin cürət etmədiyi bir vaxtda Cavanşir Feyziyevin “Bir kərə yüksələn bayraq…” məqaləsi çap olunmuşdu. Görəsən, virtual dünyanın “ən böyük türkçüsü” – yalançı pəhləvan bu məqaləni oxuyubmu? Özünün dediyi kimi, türkçü olsaydı oxumalı idi və oxumuşdusa o da bizim kimi Cavanşir Feyziyevi o vaxtdan tanımalı idi. Mənim yalançı pəhləvanlarım, şər-böhtan uydurmaqdan boş vaxtınız olarsa, məhz elə bugün Cavanşir Feyziyevin şəxsi veb-səhifəsinə girib, onun dahi insan Məmməd Əmin Rəsulzadə ilə bağlı digər yazısını – “İstiqlalımızın Bayraqdarı” yazısını da oxuyun.
Babək Ağayev