Keçmişdən gələcəyə nə daşıyırıq?- YEDDİNCİ YAZI-YUNUS OĞUZ YAZIR

Fəlsəfi-tarixi-publisist düşüncələrim

Yunus OğuzEpiqraf

Hökumət o zaman özünə potensial üsyançılar hazırlayır ki, cəmiyyətdə xurafatlaşma, manqurtlaşma, cahilləşmə, zombiləşmə sürətlənir, riyakarlıq, saxtakarlıq baş alıb gedir. Bu zaman milli-mənəvi və maddi dəyərlərin, vətənpərvərliyin təbliği effekt vermir və dövlətçilik anlayışı məmur və ictimai status anlayışı ilə eyniləşdirilir.

Yunus Oğuz

  • Yeddinci yazı

a) Tarix ibrətdir

Özünü sovet rəhbərliyi adlandıran bu komitənin ilk bəyanatında aşağıdakılar qeyd olunurdu: “Yenidənqurma dalana dirənib, SSRİ-ni dağıtmaq və hakimiyyəti ələ keçirmək istəyən ekstremist qüvvələr ortaya çıxıblar. QKÇP ölkəni böhrandan çıxartmaq əzmindədir. Sovet vətəndaşları isə qısa müddətdə əmək nizam-intizamını bərpa etməli, istehsal gücünü qaldırmalı və ölkənin böhrandan çıxarılması səylərinə hərtərəfli yardım göstərməlidirlər”.

Daha sonra fövqəladə vəziyyətlə bağlı komitənin bir nömrəli qərarı hər saatda bir televizordan oxunurdu. Qərarda deyilirdi ki, SSRİ konstitusiyasına zidd olaraq fəaliyyət göstərən hakimiyyət və idarəetmə strukturları, hərbi birləşmələr buraxılsın, vəziyyətin normallaşmasına mane olan partiya və ictimai birliklərin fəaliyyəti dayandırılsın və tətillər qadağa olunsun, kütləvi informasiya vasitələrinin fəaliyyətinə senzura tətbiq edilsin.

Moskvaya ordu daxil olur. Ancaq bu komitənin qarşısına o zaman Rusiya Federasiyasının yeni seçilmiş prezindenti B. N. Yelsin çıxır və buna qarşı hərəkata başçılıq edir.

Fövqəladə vəziyyət elan ediləndə Yelsin Moskvada yox idi  və DTK-nın müavini Şebarşinə göstəriş verilmişdi ki, o paytaxta buraxılmasın. Alfa xüsusi təyinatlılar isə mitinqi dağıtsın. Şebarşin  xüsusi təyinatlılara mitinqi dağıtmamaq haqqında göstəriş verir və Rusiya prezidentini paytaxta buraxır, bununla da o mitinqçilər tərəfə keçir.

Bəlkə də bu komitə Yelsinlə mübarizədən qalib çıxsa idi, bilmək olmazdı ki, taleyimiz necə olacaqdı. Çünki respublikalarda hərəkat fəallarının həbs olunması üçün siyahılar hazırlanırdı. Yəqin ki, 1937-ci ildə olduğu kimi ən “yumşaq cəza” Sibirə sürgün olardı. Ancaq belə olmadı. Yelsinin rəhbərlik etdiyi hərəkat üç gün davam edən mitinqlərdən qələbə ilə çıxdı. Bir neçə nəfərin həlak olmasına baxmayaraq QKÇP-çilər məğlub oldular. Komitə üzvlərindən daxili işlər naziri Puqo özünü güllələdi, bir çoxları isə həbs olundular.

B. N. Yelsinsə məhşur kəlamını bu ərəfədə söylədi: “Kim nə qədər bacarırsa o qədər demokratiya götürsün”.

İranda səfərdə olan Ayaz Mütəllibov hadisələrin axarının hara gedəcəyini gözləmədən, elə oradan qiyamı dəstəkləyən bəyanat yaydı. Bakıda isə Xalq Cəbhəsi Yelsini dəstəkləyən çox güclü mitinq keçirdi. Azərbaycan rəhbəri Moskvadakı üsyandan elə ruhlanmışdı ki, xüsusi təyinatlılara mitinqi dağıtmaq haqqında göstəriş verdi. Mitinq çox amansızlıqla dağıdıldı, hətta aparıcılar, liderlər, millət vəkilləri çox ciddi yaralandılar, zərbə aldılar.

21 avqust 1991-ci ildə üsyan iflasa uğrayandan sonra məlum oldu ki, imperiyanın dağılmasına çox qalmayıb. Bu dörd aydan sonra baş verəcəkdi.

Təpədən dırnağa qədər silahlanmış ermənilərin qarşısına nə ilə çıxmaq lazım olduğunu heç kim bilmirdi. Əlbəttə könüllülər hardansa nəsə tapırdılar. Ancaq respublika hökuməti səviyyəsində deyildi. Müdafiə Nazirliyi yenicə yaranmışdı və bütün çabalara baxmayaraq əlimizdə olanlar heç “ilkin tibbi xidmət” göstərməyə yaramazdı. Hər şey dağınıq halında idi. Ordu yaratmaq işi çox ağır gedirdi. Buna bir tərəfdən ordu yaratmaq səriştəsizliyi, digər tərəfdən isə könüllü batalyonların birləşib vahid şəkildə idarə edilməməsi mane olurdu.  Ayrı-ayrı imkanlı adamlar şprisdən tutmuş silah və sursata qədər alıb könüllülərə göndərirdilər. Ancaq bu başıpozuq şəkildə həyata keçirilirdi. Buna görə də cəbhədə məğlubiyyətimiz çoxalırdı. Qarabağın içindən azərbaycanlılar yaşayan kəndlər boşalırdı. Bir sözlə müstəqilliyimizi elan edəcəyimiz günə “əliboş” yaxınlaşırdıq.

Bütün bunlara baxmayaraq 1991-ci il Azərbaycan xalqı üçün çox mühüm və şərəfli il hesab olunmalıdır və olunur da. Müstəqillik uğrunda mübarizə  özünün ən yüksək nöqtəsinə çatırdı. Qarabağda və bütövlükdə erməni cəbhəsində çox ciddi döyüşlər gedirdi. Indi bunun üstündən otuz il keçdikdən sonra, dönüb arxaya baxanda özümə sual verirəm: Bütün bu üç il ərzində xalq yalın əllə necə oldu ki, torpaqları qismən qoruya bildi? Yəni mən Naxçıvanı, Gədəbəyi, Qazaxı, Tovuzu və s. əraziləri nəzərdə tuturam. Bütün olanlar böyük dirənişdən xəbər verirdi. Xalq özünütəsdiq fazasına daxil olmuşdu, müstəqil dövlət olmasa da, birlik enerjisini təsdiq edirdi. O zaman bu birlik çox vacib idi. Bu birlik olmasaydı, müstəqillik uğrunda danışmağa dəyməzdi.

Təbiidir ki, belə vəziyyətdə möhtəkirlər, dəllallar, güdükçülər və fürsətçilər  də at oynadırdılar. Xalqın ağrısından, iniltisindən var-dövlət qazanmaq istəyən kifayət qədər idi. Orta təbəqəli məmur  vəzifəsinə keçmək istəyən müdirinə badalaq qurur, min bir hiylə işlədərək torbasının ağzını bağlayırdı. Özlərini vətənpərvər, millətçi, hətta bozqurd  göstərib min oyunlardan çıxanların şəxsən bu sətrin müəllifi kimi şahidi olmuşam. O zaman mən həm AXC idarə heyətinin üzvü, həm də “Ordu” qəzetinin baş redaktoru idim.

Həftəlik çıxan bu qəzetin tirajı otuz min, qırx min, bəzən əlli mini keçirdi. İndiki kimi o zaman qəzet bolluğu deyildi. İnsanlar həftəlik qəzetləri “Ordu”nu , “Aydınlığı”, “Səs”i, “Yeni Müsavat”, “Azadlığı”, “Azərbaycan”ı həsrətlə və intizarla gözləyirdilər. Köşklərdə uzun-uzadı qəzet almaq növbələri yaranırdı.

Təcrübəsiz olan bizləri güdükçülər və fürsətçilər çox asanlıqla ələ ala bilirdilər. Yox-yox, elə düşünməyin ki, bizim cibimizə gətirib pul qoyurdular. Əksinə, bizimlə elə millətçi söhbətlər edirdilər ki, özümüz qabağa düşüb, ya hansısa nazirdən kiminsə işinin həll olunmasını, ya da banklardan kiməsə kredit, yaxud ssuda verilməsini xahiş edirdik. Əslində, bunları bəzilərimiz bilərəkdən, bəzilərimiz isə bilməyərəkdən  edirdik. Fakt odur ki, bu dəllallara, möhtəkirlərə, fürsətçilərə imkan verirdik ki, milyonlar qazansınlar, gəlirli yerlərdə vəzifə tutsunlar. Bəlkə də bu düşünülmüş addımlar idi, çünki, gələcəkdə müstəqil dövlətin hökmən milli burjuaziyası, milli məmurları olmasını zəruri idi. Müstəqillikdən iyirmi doqquz il keçməsinə baxmayaraq bu seqmentlərin formalaşması çox ləng gedir.

Fakt odur ki, təkcə A. Mütəllibovun komandasından savayı, xalqın əksəriyyəti vahid enerjiyə çevrilib Moskva asılılığından qurtulmaq istəyirdi.  Burada bizim müstəqilliyimizi  istəyən yeganə dövlət Türkiyə idi.  İran fürsət gözləyirdi ki, SSRİ parçalansın və Azərbaycan zəif və ümidsiz halda ondan birləşmək haqqında xahiş etsin, yalvarsın. Mollabaşı yetkililəri elə düşünürdülər ki, bu xalq müstəqil yaşamağı bacarmır, ən azı bunun başının üstündə başqa bir xalqın lideri dayanmalıdır. Elə Moskva da o cürə düşünürdü.  Azərbaycan uğrunda geosiyasi oyunlar gedirdi və özünü güc hesab edənlər Azərbaycanı asılı vəziyyətə salmaq istəyirdilər. İndi o hadisələrin üstündən illər keçib. Azərbaycan dövləti püxtələşib, Qarabağ problemini həll edə bilməsə də, dünyanın istehsal elədiyi ən müasir silahlarla silahlanıb, hətta xaricə silah və hərbi ləvazimatlar satır, qonşu dövlətlərə, bəzənsə qonşu olmayanlara borc pul da verə bilir, kimlərəsə maddi və mənəvi dəstək göstərir. Amma, 1991-ci il belə deyildi. Bizim özümüzə maddi və mənəvi dəstək lazım idi. Bunu isə yalnız təmənnasız Türkiyə edirdi, xalq əzab çəkirdi. Kimsəsizlik onu bezdirirdi. Bəlkə buna görə idi ki, xalq daxildən birləşməyə çox ehtiyac duyur və buna görə də irəli addımlayırdı.

Bütün bunları indi niyə yazıram? Bir məsəl var: “El bir olsa zərbi kərən sındırar”. Qoy o dövr bizə ibrət olsun. Xalqın zərbi doğurdan da kərən sındırdı, çünki bir idi, diriliyə doğru gedirdi, heç bir atalar məsəli bu məsəl kimi öz təsdiqini tapmamışdı. 1991-ci il sübut etdi ki, belə məsəllər elə belə deyilmirmiş.

O dövrlər  Milli Azadlıq hərəkatının əsas şüarı belə idi: “Azadlıq verilmir, ALINIR”. Xalqın bir olması, təkidli etirazları, respublikanın sənayesini, ali məktəblərin, elmi institutların iflic vəziyyətə gətirilməsi, nəhayət “zərbi kərən sındırdı”.

1991-ci ilin bir payız günü, oktyabrın 18-də xalqın təzyiqi ilə üzləşən rəhbərlik, istəməsə də Azərbaycan Respublikasının Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olundu.

O günləri diri yaşayan, yəni gecə-gündüz gözümüzü bir an belə qırpmadan çalışan və hadisələrin şahidi kimi  qeyd edə bilərəm ki, sevincimizin həddi-hüdudu yox idi. Hər kəsin gözündən qələbə yaşı axırdı. Tanıdı-tanımadı, küçələrdə hamı bir-birini öpüb təbrik edirdi. Çünki rus süngüsünü və tanklarını 20 yanvarda görmüşdük. Qanımızla, canımızla hiss etmişdik. Ermənistan deyilən Qərbi Azərbaycandan sürgün edilənlərin ağrılarının istisini hələ də üzərimizdə hiss edirdik. Mən hələ Qarabağda qətlə yetirilənlərin  sayının artmasını və bu ağrıların altında necə əzab çəkdiyimizi demirəm. 1988-ci ildən sonra üzümüz yalnız 18 oktyabrda güldü.

Maraqlı xəbərləri Mediazona.Az Facebook səhifəmizdən izləyin.