“Bunu Cavanşir Feyziyevdən yox, jurnalistikamızı bu günə gətirənlərdən soruşun”
“Milli Məclisə də Cavanşir Feyziyev təyin edilənlərdən deyil, xalqının və elinin məhəbbəti ilə seçilənlərdəndir”
Əvəz Zeynallı! “Uman yerdən küsərlər”. Səndən küsmək istəmirəm.
Bu dəfə dostum, siyasi mübarizəsinə hörmətlə yanaşdığım Əvəz Zeynallıya açıqdan məktub yazıram. Çünki bir-birimizə ərkimiz var. Ən azı uzaq illərin dostuyuq. “Hər şeyin təzəsi, dostun köhnəsi”- deyib dədələrimiz. Dədələrimiz onu da deyib ki, “Uman yerdən küsərlər”. Çünki xətrimin ailəlikcə yanınızda necə əziz olduğundan arxayınam. Sən və xanımın mənə hər zaman dəyər vermisiniz. Jurnalistlərin adı ev siyahısına yazılanda, mənim adımı birinci yazan sən oldun. Çünki hansı zəhmətlər, hansı mücadilələrdən keçdiyimi yaxşı bilirsiniz. Onu da bilirsiniz ki, heç zaman nə satmadım, nə də satılmadım. Ona görə də bu gün işsiz-gücsüzəm. Əqidəm sənin əqidən kimi DÖVLƏTÇİLİK oldu. Və bizi birləşdirən dəyər də budur. Biz bir dövrün adamlarıyıq ki, bu dövlətin qurulması üçün canımızdan keçdik, söz deməkdən, düz və doğrunu göstərməkdən usanmadıq.
Əvəz, sənin hazırladığın bütün verilişlərini izləyirəm. Münasibət bildirdiyin məsələlərdə razı olduğum da olur, razılaşmadığım məqamlar da olur. Və bu fikirlərimi elə bir neçə gün bundan əvvəl dəyərli Məlahət xanımla da bölüşdüm. Yəqin ki, söhbətimizi sənə çatdırdı.
Mənim çox gec tanıyıb, dost olduğum bir dəyərli Vətən oğlu haqqında dediklərindən qeyzləndim. Səni necə inandırım ki, yanlışsan.
Mən Cavanşir Feyziyevi publisistik yazıları ilə tanımışam. Günlərin biirndə Azərbaycan jurnalistlərinin atası Şirməmməd Hüseynov haqqında yazdığı bir məqaləni oxuduqdan sonra, ona telefon açıb, minnətdarlığımı bildirdim. Çünki bir böyük, bir ustad haqqında belə gözəl bir yazını ancaq, səmimi, geniş qəlbli insan yaza bilərdi. Beləcə dostluğumuz başlandı. Günlərin bir günü məni “Discovery Azərbaijan” jurnalına işə dəvət etdi. Bu jurnalda “Turan burdan başlanır” rubrikasını mənə verdilər. Mərkəzi Asiyadan qayıtdıqdan sonra, Arif Alışanovun, Prezident Admnistrasiyasının qadağasından sonra, hər kəs üzümə qapı bağlayanda, bir-iki yazılarım vasitəsilə məni tanıyıb, işlə təmin edən kişi oldu. Sayəsində 3 ildən sonra nəhayət mən də evimə, xəstə anama çörək apara bildim. Və sonradan bildim ki, Cavanşir Feyziyevin vasitəsi ilə evinə nə qədər insanlar çörək aparır, ocağında qazanı qaynayır.
2016-cı ilin aprel ayındakı döyüşlərimizdə “Vətəni qibləgah edən şəhidlər” rubrikası ilə şəhid evlərindən reportajlar yazdım. Bu reportajları sevə-sevə “Xural”da yayımlayanlardan biri də sən Əvəz Zeynallı oldun. Çünki bu ölkədə “Şəhid və Vətən”- sözlərinin dəyərini və ağırlığını bilən və anlayanlardan biri də sənsən. Ancaq ki, yəqin ki, sən bilmədin ki, Azərbaycanın ucqar rayonlarına gedəndə mənim jurnaldan aldığım əmək haqqımın üzərinə bir qədər qonorar da yazdı ki, o evlərə rahat gedib, rahat qayıda bilim. O idealları yaşadanlardan biri də həmin Cavanşir müəllim idi. “Qalibiyyət: şahidlər və şəhidlər” II cildlik kitabımın da hazırlanıb, çap olunmasında öz köməyini əsirgəmədi. Şəki rayonunda aprel ayında 5 şəhid düşmüşdü. Mən oradakı evləri və şəhidlərin qohumlarının da evini gəzdim. O ağır günlərdə, aylarda Cavanşir Feyziyevi bir daha kəşf etdim. Adı çəkiləndə, hər kəs ondan yalnız yaxşılıq və xeyirxahlıq gördüyünü dedi. Kiş kəndinin şəhidi Orxan Hümbətovun yarıtikili evini tikərək, uçuq evdə qurd kimi ulayan anasına təsəlli verdi. Orxanın adına tikilən evdə, ana oğlunun ömür yolunun muzeyini yaratdı.
Yəni bir iş adamı daha neynəməlidir? Məgər Milli Məclisdə biznesi olan təkcə Cavanşir Feyziyev idimi? Bu gün Millət vəkilinin verdiyi açıqlamalardan da məlum oldu ki, hazırda heç bir biznes fəaliyyəti ilə məşğul olmur. Yəni şəhidlərin qan pulunu, torpaq sahəsini, haqqını yeyən digər biznesmen və deputatlardan fərqli olaraq, Cavanşir müəllim Feyziyev həm də hər bir şəhid ailəsinin dərdini-kədərini öz kədəri bilən kişilərdən, oğullardandır. Kişi kişinin qazandığı pulu saymaz. Bacarır qazanır. O həmin işi bacarır, biz də yazıb-pozmağı. Tanrı hərəninin ruzisini bir yerdən verir. Buna görə kişini topa-tüfəngə götürməzlər.
Əvəz Zeynallı, bizim hər birimizın ədalət, haqq tərəfində olduğumuz türkçülüyümüzdən irəli gəlir. Cavanşir Feyziyevi el-oba, xalqlar-millətlər içərisində güclü və hörmətli edən bir də onun türk dünyasına, türkçülüyə bağlılığıdır. 2017-ci ildə türk dünyasına verdiyi tövhələrə görə Beynəlxalq Türk Akademiyasının “Qızıl Medalı”nı alan 15-ci türkçü, 1-ci azərbaycanlı oldu. Türkçülük ideyasıını təbliğ edən əsərləri bu gün türkdilli və türkdilli olmayan universitetlərdə belə əlavə dərs vəsaiti kimi tətbiq edilir.
Bizi bir-birimizlə dost edən türkçülük ideyalarımızdır. O zaman türkçü bir Vətən oğluna bu hücum haradan qaynaqlansın?
2005-ci ildə Qazaxıstanda prezident seçkilərini izləyən müşahidəçi jurnalistlərdən biri də mən idim. O zaman seçkiyə gecikən seçicilər qapıdan geri dönmək istəmirdilər ki, biz Nursultan Nazarbayevə səs verməyə gəlmişik. Bu il Şəkidə seçki prosesini izləsəydin, Cavanşir Feyziyevə də seçicilərinin belə məhəbbət və sevgi ilə səs verdiklərinin şahidi olardın. Buna görə də bildirmək istəyirəm ki, bu ilki Milli Məclisə də Cavnşir Feyziyev təyin edilənlərdən deyil, xalqının və elinin məhəbbəti ilə seçilənlərdəndir. Həmin seçki prosesini gedib yaxından izləsəydiniz görərdiniz ki, Şəkinin seçki dairələrində namizədliyi verilənlərdən ən layiqlisi Cavanşir Feyziyev idi. Orada, onun seçildiyi dairədə seçki bülletenləri saxtakarlıqla gəlmirdi.
Artıq bir çox yerlərdən və hətta Milli Məclisin deputatı Cavanşir Feyziyevdən də təkzib gəldi ki, Avromed Şirkəti onun səlahiyyətindən 5 ildir ki, çıxıb. Lap deyək ki, onun səlahiyyətindədir. Topdansatış bazadan gedib möhtəkirlərlə alver edəcək dərəcədə ucuz adam deyil Cavanşir Feyziyev! Bəli iş adamıdır, bacarıqlıdır, Tanrı gördüyü işin hər birinin ruzi-bərəkətini verir ona. Bundan biz niyə qeyzlənməliyik ki? Bu ölkəyə dərmanı da, mandarini də, paltarı da gətirən olmalıdır da… Bəs kim gətirsin? Artuşa, İvanamı həvalə edək?
Ölkədə biznesi olan başqa deputat da yoxdurmu? Sənin və mənim Azərbaycanımızda bu gün bütün məmur və nazirlərin, icra başçılarının hamısının biznesi və ya biznes ortağı var. Bu isə bütün dünyada belədir? Artıq özün də şahid olursan ki, həmin köhnə sistem cənab prezident İlham Əliyevin iradəsi ilə dağılmağa başlayır.
Metroda satılan “maska”lara Cavanşir Feyziyevmi nəzarət etməlidir? Bu nə absurddur? Yəni Cavanşir Feyziyev o qədər kasıbdır ki, metroda “maska satdırsın?”. “Qardaş” deyirəm sənə, bu qədər də olmaz. Hirsin, hikkənin də bir qədəri, miqdarı olar. “Maskalara” aid olan dialoqunuzu diqqətlə dinlədim. Milli Onkologiya Mərkəzində möhtəkirliyi də gətirib Cavanşir Feyziyevdə toparlamaq isə qərəzdən başqa bir şey deyildir.
Və yaxud da ki, “Reklamınız yoxdur, gərəksiz qəzetlərə 300 min manat pul ayrılır”. Buna Cavanşir Feyziyev neyləsin? Bunun davasını Vüqar Səfərli ilə edin, həmişəki kimi, jurnalistikamızı, mətbuatımızı bu günə gətirənlərlə edin. Reklama görə türk dünyasına könül vermiş bir şəxsiyyəti hədəf seçmək sənə yaraşan deyil. Məgər ölkədə dərman və maska satışı təkcə Feyziyevin adı ilə bağlıdır?
Bu günlərdə Bosniya Hersoqovinadan qayıtmışam. Sarayevo şəhərində ən böyük ticarət mərkəzlərindən, kiçik apteklərdən virusdan qorunmaq üçün antiseptik vasitə istədim ki, əllərimi tez-tez təmizləyim. Sumqayıt boyda bir şəhərdə 1 həftə ərzində əlimi təmizləməyə vasitə tapa bilmədim. Geri qayıdanda bir gün İstanbulda qaldım. Kadiköy məhəlləsində gecələdim. Buradakı apteklərdə və ətriyyat mağazalarında da əlimi təmiz saxlamaq üçün antiseptik tapa bilmədim. Yaxşı, bəs görəsən Sarayevoda və Kadıköydə də antiseptikləri gizlətmişdilər?
Tapılmayan aspirin, yod, maska üçün şərəfli bir adama belə çirkab atmaq olmaz. Hər şeyin bir həddi var. Axı, Cavanşir Feyziyev Avropa Parlamentində bizim davamızı edən bir ziyalıdır. Bloqer Mehman Hüseynov məlum adamların sifarişi ilə həbs olunanda buna ilk etiraz edən də Cavanşir Feyziyev olmuşdu. Lazımi yerdə, lazimi adamlara demişdi ki, “Mən Avropa Parlamentində nüfuzumuzu qaldırıram, siz isə bir bloqerdən qorxub, Azərbaycanın nüfuzunu ayaqlar altına atmaq istyəyirsiniz”. Buna görə deyirəm ki, millət vəkilimiz Cavanşir Feyziyev çox gözəl bilir ki, güc ədalətdədir. Onunla işiniz olmasın. Onu bilən bilir.
Dostum, qardaşım Əvəz Zeynallı! “Uman yerdən küsərlər”. Səndən küsmək istəmirəm. Məni və mənim kimi ədalət, haqq sevərləri özündən küsdürmə!!! Sənə siyasət meydanında uğurlar arzu edirəm!
Aida Eyvazlı