Virusa yoluxanlar- YUNUS OĞUZ YAZIR

Yunus Oğuz

Felyeton

Koronovirus gəzə-gəzə bizə doğru gəlir.

Bah, gör üstümüzə kim yox ha, nə gəlir?

Virus!

Xox! Qorxduq…

Qorxuruq, yoxsa qorxmuruq? Ehtiyatı əldən veririk, ya vermirik? A kişi, nə qorxmaq, nə ehtiyat? Biz heç Allahımızdan qorxmuruq,  yerdə olan kimdən (yox, deyəsən yerdə olan kimdən qorxuruq) qorxmuruq, onda qalmışdı ki, virusdan qorxaq. Sadəcə olaraq   tez küyə düşənik. Küyə düşəndə də əl-ayağımız dolaşır, özümüzü tez itiririk. Şükürlər olsun ki, bu axsaqlıq bizdən çox sürətlə ötüb keçir.

Biz virusdan niyə qorxaq ki? Bax, beş qəpiklik maskanın qiymətini (Allahdan qorxmurlar da) qaldırıb qoydular minbər başına. Apteklərə də girirsən, gözünü o saat  bu elan deşir: “Maska yoxdur”. İndi heç kimin  gözünə canan-zad görünmür, ancaq maska görünür, o da qəhətə çıxıb. Apteklərdə maska yoxdur, şəhərə çıxırsan bir nəfər maskalı görəsən, ya görməyəsən… Bəs deyirdiz qorxuruq? Yox, aşna, biz qorxub – eləyən deyilik. Biz qorxmayıb eləyənlərdənik, nöşün ki, qorxan gözə çöp, buruna isə virus düşər.

Sadəcə olaraq, bizdə maskalara məhəbbət yaranıb. Buna da səbəb, bunun da günahı o milli televiziyalarımızdadı. O gün xalqın ürəyindən tikan çıxardan süjetdə qara maskalı oğlan məmuru nə təhər qapazdayıb, heç  peysərindən  də  yapışmadı “əngirboy” eyləyib göndərdisə  “qoduqluğa”, ta ondan sonra ərə getməyən qızlar ağ atlı- zad yox,  qara maskalı xilaskarı gözləyirlər.  Az qalır ona “Zorro” desinlər. Burada siz “qoduqluq” deyəndə başqa bir şey düşünməyin, ha. Elə bilərsiz ki, qara maskalı aparıb onun cah-cəlallı eşşək fermasına ki, bəs heyvanları saysın. Yox canım, “qoduqluq” deyəndə, yəni içəri- “dörd barmaq”lıq arxasına atıb.

Gördüz, bir anın içində qara maskalıya necə məhəbbət yarandı? Yoxsa, siz də deyirsiz ki, xalq virusdan qorxur, beş-beş, on-on maska alır. İndi hamı oturub televizor qarşısında gözləri ilə ekrandan qara maskalı axtarır. Elə ki, ekranda qara maskalı göründü, istər ağ olsun, istər qara, hamı bir nəfər kimi ona dəstək olmaq üçün maskalarını geyinəcək və bir ağızdan deyəcək ki: “Qadan alım, xilasımız, nicatımız səndədir. Bəs bu neçə illərdir, hardaydın? Gəl qadan alım, gəl başına dönüm”.

Görürsüz xalq öz qəhrəmanını necə sevirsə, maskalar qəhətə çıxır. Mən hələ “Torqovı”da ərəblərin üstünə qaçan “maska”ların necə qəhətə çıxdığından yazmıram. Onları da şanlı polisimizin qara maskalı oğlanı qəhətə çıxardıb. Əsl virus “Torqovı”dakı “maska”lar idi. Üz qaraldan, göz qapadan, könül bulandıran virus “maska”lar.

Bir dəfə felyetonumun birində yazmışdım ki, Azərbaycan xalqı çox istedadlı xalqdır. Çörək pulunu daşdan, palçıqdan, nə bilim aydan, ulduzdan çıxara bilər. Şəraitini yaradın, durun qıraqda baxın. Görün nə xarüqələr yaradır bizim istedadlı, kreativ, hər şeyə pul prizmasından yaradıcı baxan xalqımız.

Di baxın, maskaların qiymətinə. Maya dəyəri üç qəpiyə başa gələn tənzifin böyrünə də sapdan qulağa keçirilən ip 50 qəpiyə. Özü də bu möhtəkir, dəllal “musla”larımız əvvəlcə piar, təşviş yaradır, sosial şəbəkəni işə qoşub hay-küy salırlar, sonra isə qiymətləri kəllə-çarxa qaldırırlar. Bizdə də məsələ belədü də “bir kərə qalxan qiymət, bir daha enməz”.

Sən hələ spirtin qiymətinə bax, e, necə qaldırdılar. Qardaş, spirt içən “bomj”ların, əyyaşların bazarını nöş öldürürsən? Aptekdə əlli qramı otuz-qırx qəpiyə olanda bunlar gəlirdilər aptekə (çünki 24 saat işləyirdi) bir şüşə alıb çəkirdilər  başlarına, heç su ilə də qarışdırmırdılar , di get. Bütün günü kefli gəzirdilər. İndi bunun qiymətini eləmisiniz iki manata. Ay qardaş, onun iki manatı olsa idi, gedib “çubuş” alıb vurardı bədənə. Niyə bunlara zülm edirsiniz, yazıq deyillər? Məzlumların ahından (onlardan üsyan edən olmaz,  işi-peşəsi araq axtarıb içməkdir) qorxmursunuz?

Yox, qorxmazlar, çünki bu möhtəkirlər, dəllallar elə bir virusa yoluxublar ki, koronovirus onun yanında qələt eyləyir. “Qaz vurub, qazan doldurmaq” virusu əbədidir. Koronovirus gələr gedər, amma bu virus elə mərəzdir ki, axırda da xalqını özünü möhtəkir, dəllal virusuna yoluxdurar. Bir gün gözünü açıb görərsən ki, cümlə əhali buna yoluxub.

Hələ mən saxtakarlıq virusunu demirəm. Bu sovetlərdən qalma saxtakarlıq virusu canımıza necə hopubsa, o de onu MSK-da Məzahir müəllim də çıxarda bilmir. Seçki gör neçə vaxtdır bitib, amma Məzahir müəllim bunu məntəqələrin canından qopartmaqda acizdir. Niyə? Çünki, bu virus canımıza-qanımıza hopub. Elə bil anadan olanda bu virusla doğuluruq. Saxtakar da doğuldun, ta heç zad. Gözünə döndüyüm həkim də uşaq dünyaya gələnə qədər onun dədəsinə, atasına (pul qopartmaq üçün, şirinlik və nəmər öz yerində) anasına yox, a, atasına o qədər yalan, saxta məlumat verir ki, ananın qarnındakı cocuq məcbur olub saxtakar virusuna yoluxur. Bəs, nə bilmişdiniz? Ana südü əvəzinə saxta-saxta genetik modifikasiya olunmuş yeməklər verəndə uşaq necə böyüyəcək? Saxtakar, yalançı viruslar canına yapışacaq, təbii ki. Yaşayır da. Anadan olandan ta ölənə qədər bu virus sənin Allahındır, dədən və anadır. Axırda da sonuncu rüşvətini qəbir yerinə verib gedirsən inkir-minkirin hüzuruna.

Hələ bir sağalmaz virus da var, ondan heç qurtula bilmirik. Bu virus  yapışıb peysərimizdən elə sıxır ki, bu sağalmayan mərəzdən başqa kor da olsa gözümüz bir şey görmür. Hə düz tapmısınız. Bu virusun adı rüşvət və korrupsiyadır. Sən canın, bundan qurtulanı heç gördünmü? Özü də bu, elə şirin virusdur ki, adama necə yapışırsa qopmur, heç sən də  şirin virusdan ayrılmaq istəmirsən, axı çox şirindir, özü də necə şirin, e…

Bu mərəzlə elə yol gedirsən ki, heç ananla, qardaşınla belə getmirsən. Get, ha get, bir də görürsən ki, bu şirin virus qaldırıb qoyub səni dağın başına. İstəyirsən aşağı düşəsən, qoymurlar, axı sən şirin virussan. O zirvədən ancaq itələyib dombalaq vəziyyətdə dərəbaşı aşağı düşə bilərsən. Dərənin də dibində yaltaqlıq virusları səni gözləyir. Hələ mən bir yazıda bizdə nə qədər virus var,  açıb göstərə bilmirəm, çünki hamısı cilid-cilid kitablara sığmaz.

Bax, tamah virusu var. Nəfs, həsəd, qarayaxma, mənəmlik, özündənrazı, baştutan, şamtutan, üzəduran… oho…o… Gör nə qədərdi… e… Dedim axı.

Gördünüz nə qədər milli viruslarımız var. Koronovirus, qıyıqgözlülərin yaratdığı mərəz bizimkinin yanında heç nədir.

Biz milli virusa çoxdan yoluxmuşuq. İslanmışın yağışdan nə qorxusu? Onsuz da biz öz viruslarımıza sadiq qalmalıyıq. Qaranquş gəldi gedərdi, sənə sərçə qalacaq, çünki həmişə yanındadır, yeməyini də özü tapır. Hə di bəsdi.

Bu sətirlərin də müəllifi, yəni mən yazmaq virusuna yoluxduğumdan, çarəsizlikdən yazdım. Yazmaq virusu məcbur edir, neyləyim?

26. 02. 20

Maraqlı xəbərləri Mediazona.Az Facebook səhifəmizdən izləyin.