Əli Həsənov: “Türk Dünyasının gözü və ürəyi Bakıdadır”
Əli Həsənov: “Türk Dünyasının gözü və ürəyi Bakıdadır”
Oktyabrın 14-də Bakıda Mətbuat Şurası və Qlobal Jurnalistlər Şurasının təşkilatçılığı ilə “Qlobal Medianın inkişaf trendləri: Risklər və İmkanlar” mövzusunda Bakı Beynəlxalq Media Konfransı keçirilib. Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, Şərq-Qərb qovşağında yerləşən Azərbaycan tolerantlıq, beynəlxalq tədbirlərin keçirildiyi məkandır. Ə. Amaşov son dövrlər sosial medianın imkanlarının artması ilə media azadlıqlarının da artdığını söyləyib: “Neqativ hallar da nəzərdən yayınmamalıdır. Bu isə qarşılıqlı əməkdaşlığımızın dərinləşməsindən asılıdır. Söz və mətbuat azadlığı kimi fundamental dəyərlərdən sui-istifadə hallarına qarşı birgə çıxmaq lazımdır. Azərbaycan ikili standartlarla üzləşir: “Hər an bir sıra proseslərdə ikili standartlı, dünyada qeyri-obyektivliyin, qərəzliyin şahidi oluruq. İnanırıq ki, bu konfrans belə hallara qarşı çıxan platforma kimi özünü təsdiqləyəcək. Əminəm ki, bu formatda toplantımız davam edəcək, aparıcı media nümayəndələrini öz sıralarında birləşdirəcək. İnanıram ki, bu konfrans dünyaya mesaj verən tribuna kimi özünü təsdiqləyəcək”. Ə. Amaşov Türkiyənin Suriyanın şimalında terrorçulara qarşı “Barış bulağı” əməliyyatı aparmaqda haqlı olduğunu da vurğulayıb.
Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov qeyd edib ki, bu gün Türk Dünyasının gözü və ürəyi Bakıdadır. Bakıda Türk Şurasının Zirvə Görüşü keçirilir. Bu ildən Türk Şurasına sədrlik Azərbaycana keçir və Türk Şurası ilə bağlı mühüm qərarlar Bakıda qəbul olunacaq: “Qlobal Jurnalistlər Şurasına və Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğluna bu toplantının Bakıda keçirilməsində dəstəyinə görə təşəkkür edirəm”. Azərbaycanın gördüyü işin haqlı, ədalətli olduğunu vurğulayan Ə.Həsənov bildirib ki, Azərbaycanda müxtəlif xalqlar və dinlərin nümayəndələri mültikultural cəmiyyətdə yaşayır: “Azərbaycançılıq ideologiyası ölkəmizdə yaşayan bütün xalqların və dinlərin nümayəndələrinin birliyini, vahid amal uğrunda mübarizəsini, dövlətin onların yanında olmasını hədəfləyən bir ideologiyadır. Təəssüf ki, bu gün dünyada haqqa, ədalətə qarşı olan dövlətlər var və onların qurduğu rejimlər sülhü də təhdid edir, xalqları öz yurd-yuvasından didərgin salır. Bu gün Yaxın Şərqdə, Avropada yaşanan qaçqın-köçkün fəlakətini 20 il əvvəl biz yaşamışıq. Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib, 1 milyondan çox insanı yurd-yuvasından didərgin salıb. Biz o insanlar üçün haqq, ədalət arayırıq. Beynəlxalq təşkilatarın qəbul etdiyi qərarlar ikili standartlar nəticəsində həyata keçmir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində torpaqların qeyd-şərtsiz azad edilməsi, insanların torpaqlarına qaytarılması əks olunub. Ancaq 20 ildən çoxdur ki, qətnamələr yerinə yetirilmir. Təəssüf ki, müasir dünyanın ədalətsizlikləri fonunda bu işğal davam edir. Görün o böyüklükdə Türkiyənin başına oyun açmaq üçün hansı ədadətsizliklər edirlər. 100 il əvvəl olmayan hadisə ilə bağlı Türkiyəni soyqırımda ittiham edirlər”. Prezidentin köməkçisi qeyd edib ki, erməni daşnaklar dəfələrlə Azərbaycan və Anadolu türklərinə qarşı soyqırımlar törədiblər: “1915-ci ildə Türkiyəni parçalamaq üçün hərəkat yaradanlar Türkyiədə yaşayan satqın ermənilər və onlardan yaradılan dəstələr olub. Ondan sonra dünyada çoxlu sayda Türkyə diplomatını qətlə yetiriblər. 20-ci yüzillikdə 3 dəfə -1905-1907, 1918-1920 və 1988-1993-cü illərdə azərbaycanlılara qarşı soyqırımlar törədiblər”.
Ə.Həsənov deyib ki, “Qlobal medianın inkişaf trendləri: Risklər və İmkanlar” Bakı Beynəlxalq Media konfransı Azərbaycan həqiqətlərini çatdırmaq üçün yeni imkan yaradır: “Azərbaycanın mövcud inkişafını isə görürsünüz. Ölkəmiz bu gün bölgənin və dünyanın ən inkişaf etmiş ölkələrindən biridir. Azərbaycan neft-qaz gəlirləri qeyri-neft sektorunun inkişafına yönəldilib. Azərbaycan mediasının inkişafı üçün bu imkanlardan istifadə edərək gözəl şərait yaratmışıq. Azərbaycanda media azad şəkildə inkişaf edir. Bu gün ölkədə 10 milyon insandan 8 milyonu internet istifadəçisidir. 3 milyon insanımız sosial şəbəkələrdə informasiya ehtiyaclarını ödəyirlər. Sosial media Azərbaycan mediasının beynəlxalq media ilə əlaqələrinin inkişafına mühüm təsir göstərir. Dövlət azad mediaya dəstək verir. Azərbaycan azsaylı dövlətlərdəndir ki, medianın inkişafı üçün qrantlar, maliyyə yardımı ayrılır, media təmsilçiləri üçün evlər tikilir, onların lazımi təhsil almasına dəstək verilir. Qəzetlərin borcları silinib. Azərbaycan dövləti plüralist cəmiyyətin tərəfdarı olub və buna dəstək verib. Biz medianın imkanlarından istifadə edib həm Türkiyənin, həm Azərbaycanın problemlərini dünyaya çatdırmağa çalışırıq. Biz hər iki dövlətin sülh və inkişafı dəstəklədiyini dünyaya çatdırmağa çalışırıq. Təəssüf ki, bu gün dünyada İslama və türklərə qarşı müəyyən siyasətlər həyata keçirməkdədir. Bəzi qüvvələri, media qurumları bizə qarşı fəaliyyət aparır”.
Ə.Həsənov əlavə edib ki, Azərbaycan dövləti Türkiyəyə Suriyada başlatdığı əməliyyatla bağlı dəstək verir. Onun bildirdiyinə görə, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin ayrıca bəyanatı olub: “Mənim də bununla bağlı ayrıca şərhim olub. Azərbaycan dövləti bütün haqq işində, sülh istiqamətindəki bütün tədbirlərdə Türkiyənin yanındadır, dəstəkləyir və dəstəkləməkdə davam edəcək”. Ə.Həsənov bildirib ki, Azərbaycanla Türkiyə arasında əlaqələrin təməli sağlam qoyulub: “Ulu öndər Atatürk tərəfindən zamanında bəyan olunan “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” və ümummilli lider Heydər Əliyev tərəfindən səsləndirilən “bir millət, iki dövlət” formulu bu gün bizim bütün sahələr üzrə birliyimizə xidmət göstərir. Tək millətin iki mətbuatı ola bilməz, tək millətin iki diasporu ola bilməz. Biz həm mətbuatımızı, həm diasporumuzu birləşdirməliyik və beynəlxalq aləmdə bizə tuşlanan güclərə qarşı birgə müqavimət göstərməkdə davam etməliyik”.
Qlobal Jurnalistlər Şurasının sədri Mehmet Ali Dim bildirib ki, bu gün burda olmalarının iki önəmli səbəbi var: “Bunlardan birincisi Türk Şurasının 10-cu ildönümü, ikincisi, Türkiyənin haqlı olduğu Suriyada təhlükəsiz bölgə qurmaq üçün apardığı “Barış pınarı” əməliyyatıdır. Türk coğrafiyasında türk dövlətlərinin baxışı və fikirləri eynidir. Millətçiliyi heç vaxt geri plana atmamalıyıq, Türkiyəyə ən böyük dəstəyi Türk coğrafiyası verir. Azərbaycanla çoxlu ortaq yönümüz var. Azərbaycanla bizim tarixdən gələn qohumluq və qan bağımız mövcuddur. Çanaqqala zəfərində çoxlu Azərbaycan türkü şəhid olub. Milli mücadilənin başladığı vaxt Atatürkün xahişi əsasında Nəriman Nərimanov türk ordusunu qarşılıqsız olaraq neft və yanacaqla təmin etmişdi. Bundan əlavə, pula ehtiyacı olan və yenidən müraciət edən Atatürkə pul yerinə qızıl göndərir, bunun borc deyil, qardaşlıq yardımı olduğunu bildirir”.
Konfrans öz işini panel iclaslarla davam etdirib.MediaZona.Az