Hikmət Şikarov: Azərbaycan hakimiyyətinin yürütdüyü sosial siyasət öz növbəsində inqilabi xarakter daşıyır
Son 16 ildə ölkəmiz sosial – iqtisadi inkişaf göstəricilərini ardıcıl şəkildə yaxşılaşdırmağa nail olub. Bu baxımdan 2019 – ci ilin birinci yarısı da istisna təşkil etməyib. Prezident İlham Əliyevin 2019 – cu ilin sosial islahatlar ili olacağı ilə bağlı verdiyi proqnozlar özünü yüksək səviyyədə doğruldur. Bu gün Azərbaycan dövlətinin sosial sahədə atdığı addımlar öz miqyasına, təsir dairəsinə, əhəmiyyətinə görə heç bir ölkədə müşahidə olunmur. Azərbaycan hakimiyyətinin yürütdüyü sosial siyasət öz növbəsində inqilabi xarakter daşıyır. 2019 – cu ilin əvvəlində imzalanan sosial tədbirlər paketi 4 milyondan çox insanı əhatə edir. İlk sosial paket 3 milyon insanı əhatə etməklə illik maliyyə tələbi 1,6 milyard manata bərabər idi. İkinci paket isə sentyabr ayından icra olunacaq və bu da 1 milyondan çox insanı əhatə edəcək. Ümumilikdə isə iki sosial paketin maliyyə tutumu bu il üçün 2,3 milyard manatdır. Prezident İlham Əliyevin uğurlu sosial islahatlar proqramı təkcə bu il ərzində minimum əməkhaqqının təqribən iki dəfəyə yaxın artırılmaqla 130 manatdan 250 manata çatdırılması əhalinin rifahına ciddi dəstək olan mühüm sosial uğura nail olmağa imkan verib.
Ölkəmizdə milli iqtisadiyyatın ayrı – ayrı istiqamətləri, o cümlədən də qeyri – neft sektoru üzrə inkişaf dinamikası ildən – ilə artmaqdadır. Ötən altı ay ərzində ölkədə müəyyən edilən strateji xəttə uyğun dayanıqlı iqtisadi inkişaf təmin olunub, kompleks islahatların həyata keçirilməsi nəticəsində makroiqtisadi sabitlik möhkəmləndirilib, biznes və investisiya mühiti daha da yaxşılaşdırılıb, iqtisadiyyatın şaxələndirilməsi, regionların və sahibkarlığın inkişafı sürətlənib, qeyri – neft ixracı artıb. Təkcə ölkəmizin son altı ayında büdcə daxilolmaları Vergilər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin xətti ilə 440 milyon manatdan çox artıb, ölkə iqtisadiyyatına 6 milyard dollardan çox sərmayə qoyulub. Ölkə iqtisadiyyatı 2,4 faiz, qeyri – neft sektoru 3,2 faiz, qeyri-neft sənayesi 15,7 faiz artıb, ticarət dövriyyəsi 20 faizdən çox, əhalinin gəlirləri 6,6 faiz artıb.
Ötən illər ərzində reallaşdırılan məqsədyönlü siyasət sayəsində Azərbaycan bütün sahələrdə böyük uğurlara nail olub. Bu dövrdə bütün dünyada iqtisadi cəhətdən Azərbaycan kimi dinamik inkişaf edən ölkələrin sayı xeyli az olub. Son 16 ildə reallaşdırılan məqsədyönlü siyasət sayəsində respublikanın iqtisadi müstəqilliyinin təmin olunması, maliyyə imkanlarının genişləndirilməsi Azərbaycanın özünəinam hissini artırır və ölkənin siyasi müstəqilliyini təmin edir. Bu gün Azərbaycan regional və qlobal miqyasda gedən proseslərə təsir göstərmək iqtidarında olan güclü aktora çevrilib. Təsadüfi deyil ki, respublikamız regionda qlobal əhəmiyyətli əksər layihələrin moderatoru rolunda çıxış edir. Məqsəd dövlətimizin daha da gücləndirilməsi, xalqın rifah halının daha da yüksəldilməsidir. Ölkəmizin inkişaf göstəricilərinin beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapması isə Azərbaycan həqiqətlərini bir daha dünyaya nümayiş etdirmiş olur. Dünya Bankının “Doing Business” proqramı çərçivəsində Azərbaycanın 10 ən islahatçı ölkə kimi tanınması və ölkəmizin 32 pillə irəliləyərək hazırda 25 – ci yerdə qərarlaşması dediklərimizin bariz nümunəsidir. Bütün bunlar Azərbaycan xalqının, dövlətinin nailiyyətləridir və bunu qorumaq hər bir azərbaycanlının müqəddəs borcudur. Bugünkü inkişaf edən Azərbaycan hər bir azərbaycanlının qorumalı olduğu sərvətdir. Azərbaycan hökuməti bu uğurların davamlı olmasını əsas götürərək daha da inkişaf etmək, yeni – yeni uğurlara, nailiyyətlərə sahib olmaq üçün qarşıda duran başqa vəzifələri də ardıcıl olaraq reallaşdıracaqdır.MediaZona.Az