Media Klubu, yoxsa siyasi avantüra dərnəyi?

Hər bir ictimai fəaliyyət şəxsən mənim üçün müsbət haldır. Hələ bu fəaliyyət media ilə bağlıdırsa, əlavə olaraq marağımı kəsb edər, diqqətlə izlərəm. Üstəlik, burada qoyulan məsələlərə tənqidi yanaşma varsa, sağlam perspektivlərə xidmət edilirsə, xüsusi olaraq təqdir də edərəm. O baxımdan jurnalistikada ad çıxarmış insanların bir araya gəlməsi, müzakirə açması və təkliflər verməsi təqdirəlayiqdir.

Amma bəzən bu cür ülvi məqsədlərə xidmət etdiyini deyib konkret siyasi maraqların ifadəçisi kimi çıxış edənlər də olmaya…

Bugünlərdə Media Klubu adlı qeyri-rəsmi bir qurumun fəaliyyətlərini izləməkdəyəm. Açığı, orada iştirak edənlərin hamısını şəxsən tanımağım da marağıma maraq qatır. Onu da əlavə edim ki, iki dəfə məni də tədbirlərinə dəvət ediblər, Bakıda olmadığım üçün iştirak edə bilməmişəm. Ən azından maraqlıydı ki, nəyi və necə gördüklərini onların özləri ilə müzakirə edək.

Ötən şənbə günü də bu qurum toplantı keçirib. Azərbaycanda internet medianın durumunu müzakirə ediblər və… xoruzun quyruğu görünüb.

Tək tərəfli, alternativ fikir söyləyəcək kimsənin olmadığı müzakirədə birmənalı qənaətə gəliblər ki, Azərbaycanda media iflas edib. Özü də bunun səbəbi birbaşa dövlət, daha doğrusu dövlətin bu sahəyə məsul şəxsi – prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov və onun başçılıq etdiyi eyni adlı şöbədir…

Toplantı iştirakçıları açıq mətnlə iddia edib ki, Əli Həsənov dövlətin media siyasətini məhvolma həddinə çatdırıb: “Mətbuatın böhranının başlıca günahkarı kimi Prezident Administrasiyasının ictimai-siyasi şöbəsi və uzun illər müstəqil KİV institutunu məhv etmək siyasətini həyata keçirən şöbə rəhbəri Əli Həsənov göstərilib”. (Xural.com)

Tədbirdə iştirak edən “Turan” Agentliyinin direktoru Mehman Əliyev də eyni fikri təkrarlayıb: ““Onlayn KİV-in vəziyyətini yaxşılaşdırmaq üçün hansı təşəbbüsləri təklif edə bilərik?” sualına cavab olaraq “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev bildirib ki, KİV-in bu problemə uzun illər davam edən konstruktiv münasibət təcrübəsi uğursuz olub. Çünki bütün bu təşəbbüslər Prezident Administrasiyası tərəfindən hücuma məruz qalıb”.

Daha sonra Mətbuat Şurasının Prezident Administrasiyasının müdaxiləsi sonucu medianın böhranının təcəssümünə çevrildiyini iddia edən Mehman Əliyev çıxış yolunu görün, nədə görür: “kütləvi informasiya vasitələrinin böhranına səbəb olan şəxslər KİV sahəsində dövlət siyasətinin həyata keçirilməsindən uzaqlaşdırılmalı, dövlətin jurnalistikaya münasibəti dəyişdirilməlidir”.

Belə anlaşılır ki, internet medianın müzakirəsi üçün keçirilmiş tədbirin ən ümdə məqsədi konkret olaraq Əli Həsənovu hədəf kimi göstərmək, Azərbaycan dövlətinə uzun illər sədaqətlə qulluq etmiş bu yüksək peşəkar kadrı gözdən salmaqdır. Üstəlik bu fikirlərin məhz Mehman Əliyevin dilindən təkrarlanması da diqqətimizdən qaça bilməz. Çünki bu şəxs hələ ötən il vergi məsələsilə bağlı həbs ediləndə, onun həbsdən çıxması ən yüksək səviyyədə elə Əli Həsənovun da təşəbbüsüylə həll ediləndə belə bəyan etmişdi ki, həbsinin səbəbkarı məhz bu şəxsdir. Halbuki biz bilirik ki, Əli Həsənov onun azad edilməsi üçün nələr etdi, etməyə çalışdı…

Bütün bunları bir tərəfə qoyub Media Klubu adlı qurumun son toplantısındakı şəkillərə də nəzər yetirdik. Kimlər var burda? Hamısı tanıdıqlarımızdır. Hamısı narazılardır. Kimisi çox, kimisi az. Diqqətçəkən odur ki, bu adamların hər birisinin ya təşkilatı var, ya da media qurumu. Və bunların heç birinin fəaliyyətinə dövlət – elə ittiham edib hədəfə aldıqları Əli Həsənov heç bir formada maneçilik törətmir. Maraqlıdır, bu adamların belə fəaliyyətlərinə maneçilik edilmirsə, necə olur ki, iflasdan danışa bilirlər? Bəlkə iflas edən sadəcə özləri – onların həm ictimai sektorda, həm də media sektorunda yürütdükləri və geniş dəstək görməyən fəaliyyətləridir? Məncə də elədir. Bu adamların hər kəsi öz arşınlarıyla ölçdükləri şübhəsizdir.

Başa düşmək olar bunları. Çünki bir zamanlar Sorosun pullarıyla meydan sulayan, ümumilikdə, kim bilir neçə milyon dolları sağa-sola sovuran bu şəxslərin bir qisminin əli o imkandan çıxdığı üçün qəzəblidirlər. Səbəbsə elə hədəfə aldıqları Əli Həsənov və onun mənsub olduğu hakimiyyətdir.

Sorosun əl-ayağını ölkədən yığışdırmaqla Azərbaycan hakimiyyəti düzgünmü yol tutub? Heç şübhəsiz belədir. Çünki sağda-solda baş verən inqilablar, siyasi kataklizmlər sübut edir ki, o Soros hələ də buralarda qalmış olsaydı Azərbaycan da Ukrayna, Gürcüstan, Moldova, Suriya və İraq kimi qeyri-sabitlik girdabına yuvarlanacaq və ordan bir daha çıxa bilməyəcəkdi. Əli Həsənov media sahəsində bu bədheybətin əl-ayağını yığışdıra bilibsə, böyük adamdır demək. Belə olan halda onun hədəfə alınması da anlaşılmaz deyil.

Mehman Əliyevin məhz siyasi bəyanatla çıxış etməsi, toplantının da onun bu fikrini bəhbəhlə dəstəkləməsi bir daha göstərir ki, adamların məqsədi heç də medianın inkişafı deyil. Bunlar media adı altında siyasi dərnək qurublar, az keçməz hələ bir ölkədə inqilab çağırışı da edərlər.

İndi isə gələk bu adamların iddialarına. İddia edirlər ki, ölkədə media bərbad durumdadır. Özü də məhz Əli Həsənovun üzündən.

Doğrudanmı belədir? İndi biz ölkədəki internet media qurumları arasında bir sorğu keçirsək, onlardan neçə faizi Media Klubunun iddialarını dəstəkləyəcək? Əminəm ki, heç bir faizi belə o iddialara dəstək verməyəcək. Bir ölkədə ki, internet üzərindən media fəaliyyətinə dövlət heç bir müdaxilə etməyə, orada hansı bərbad siyasətdən danışmaq olar? Dövlət hər kəsə – bu tənqidçilərə də gen-bol imkan və azadlıq verib ki, istənilən formada internet media qurub işlətsinlər. Yalnız bir şərt var ki, media etikası və qanunlara sayğılı yanaşmaq lazımdır.

Ümumiyyətlə isə, əgər bunlar Əli Həsənovu hər şeydə ittiham edirsə, Azərbaycanın son 25 illik media həyatının bir parçası olaraq şəxsi qənaətlərimi paylaşmaq istərdim.

Zaman vardı ki, indi Media Klubunda toplaşmış şəxslərin bəziləri, konkret olaraq Mehman Əliyev, Arif Əliyev Əli Həsənov bizim üçün əlçatmaz olanda istədikləri vaxt onunla danışa və görüşə bilirdilər. Bu danışmalar və görüşmələr bir qayda olaraq onların qaldırdıqları məsələlərin həllilə yekunlaşardı. Elədirsə, necə olur ki, bunlar Əli Həsənovu medianı çökdürməkdə ittiham edə bilirlər?

Yaxud, o toplantıda bir şəxsi də görürük ki, adam media əhli arasında konkret şəxslərin mediaya pul paylamaqda vasitəçisi kimi tanınır. Hətta bir müddət öncə məhz Əli Həsənovun əleyhinə olan bir yazını saytlara 50 manatdan təklif etməklə dərc etdirməyə də nail olmuşdu. Düzdür, bütün saytlar bunu etməmişdi. Sadəcə bir neçəsi etmişdi, sonra da adam balası kimi dərhal da silmişdi. Onu da öyrənmişdik ki, Əli Həsənovun əleyhinə yazını sifariş edənlər hər sayt üçün 200 manat ayırıblarmış, bu qoçaqsa cəmi 50 manata onları satın almaq fürsətini qaçırmayıb. İndi bu cür adamların media siyasətinin məhz Əli Həsənovun üzündən iflasa uğradığını iddia etməsini kim necə qiymətləndirirsə, qiymətləndirsin.

Əli Həsənov o şəxsdir ki, bu sahəyə cavabdeh olduğu müddətdə Azərbaycan mediasının azad, lakin məsuliyyətli davranmasını təmin edir. Bəli, azad və məsuliyyətli. Bu gün onu tənqid edənləri də qane etməyən məhz o məsuliyyət məsələsidir.

Azərbaycan media sahəsində qanunlar baxımından da bir çox dünya dövlətlərinə örnəkdir. Özü də bunu biz deyil, Avropadan gələn çoxsaylı ekspertlər dəfələrlə deyib, deməyə də davam edir. Bu da Əli Həsənovun media siyasətinin nəticəsidir. Məhz onun və başçılıq etdiyi şöbənin çalışmaları, dünya media siyasətini təhlil edib ən yaxşıları örnək almaları Prezident İlham Əliyevin bu sahədəki uğuruna kölgə salınmasını birmənalı şəkildə əngəlləyir.

Belə olan halda bu şəxslərin Əli Həsənovu hədəfə alması təsadüfdürmü? Bir dəfə bir yazımda da yazmışdım: “Niyə məhz Əli Həsənov?”

O yazıda da bu suala cavab vermişdim. İndi də qısa olaraq toxunmaq istərdim: Əli Həsənov məhz media və QHT, siyasi partiyalar sahəsində Azərbaycan hakimiyyətinin əsas dayaqlarından ən öndə gələnidir. Prezident İlham Əliyevi zəif duruma düşürmək istəyənlər bunu bizdən də yaxşı anladıqları üçün Əli Həsənov üzərindən hücuma keçirlər. Onlar yaxşı anlayır ki, hər zaman dialoqa açıq olan, cəmiyyətin ən radikal kəsimlərilə belə danışmağı bacaran, Azərbaycanın bu sahəsini həm ölkə içində, həm də xaricdə yetərincə yüksək intellektual səviyyədə təmsil və təqdim etməyi bacaran Əli Həsənovu gözdən salıb vəzifədən uzaqlaşdırmaqla, hakimiyyəti ciddi şəkildə çətinliklərlə üz-üzə qoya bilərlər.

Bütün bunların işığında bir faktı da qeyd etmək istərdim: bu Media Klubu da bəlli bir müddət sonra tarixə qovuşacaq. Necə ki, məhz bu adamlar bir zamanlar alternativ redaktorlar birliyi, alternativ mətbuat şurası qurmaq iddialarını bəyan edib bəlli bir müddət sonra heydən düşmüşdülər, indi də elə olacaq. Hələ bu Media Klubunu bir tərəfə qoyub onu da qeyd edim ki, burada toplaşanların demək olar ki, hamısı öz sahəsində uğursuz adamlardır. Arif Əliyevin “Yeni Nəsil” Jurnalistlər Birliyinin varlığıyla yoxluğu bilinmir. Elçin Şıxlının başçılıq etməyə başladığı gündən Azərbaycan Jurnalistlər Birliyinin yalnız adı qalıb. (Allah Hacı Haciyevə rəhmət eləsin.) Mehman Əliyevsə bir zamanların ən tanınmış agentliyi olan “Turan”ı sadəcə havada saxlayır. Örnəkləri davam etdirmək də olardı…

Hər şey bir yana, bu adamlar Media Klubu adlı qurum yaradacaqlarına niyə özlərinin başçılıq etdikləri möhürlü-blanklı təşkilatları hərəkətə gətirmirlər? Kimdir onlara mane olan?

Belə anlaşılır ki, ortada bir avantüra var. Bunun əsas hədəfi, bəyan etdikləri kimi, ölkədə media mühitinə töhfə vermək deyil, konkret olaraq bu sahəyə cavabdeh olan Əli Həsənovu gözdən salmaqdır. Əminəm ki, bir müddət sonra hədəfə çatmadıqlarını görüncə yorulub geri çəkiləcəklər…

Ən maraqlısı isə, bilirsinizmi nədir? Əli Həsənova hücum edənlərin bir qismi siyasi cəhətdən müstəqil və müxalif görünsə də digər qismi hakimiyyətin içində konkret şəxslərə bağlıdır. Və bunlar iqtidarlı-müxalifli ümumi hədəfə qarşı birləşə bilirlər. Nahaqdan demirlər ki, qurd ağacı içindən yeyər…

Sözardı: Yazıda qeyd etdiyim “Niyə məhz Əli Həsənov?” adlı məqaləmdən sonra onunla bir tədbirdə ayaqüstü söhbətimiz olmuşdu. Mənə təşəkkür etməklə bərabər demişdi ki, belə yazılara – müdafiəyə ehtiyacı yoxdur. O, yalnız Prezident İlham Əliyevə – hakimiyyətə olan əsassız hücumlara cavab verməyi, dirəniş göstərməyi vacib sayır. Əminəm ki, Əli Həsənovun bu yazımdan da xəbəri olsaydı, yazmamağı tövsiyə edərdi. Amma mən də bir azad media fərdiyəm və düşünürəm ki, fikirlərimi yazmaqda sərbəstəm.

Daha bir sözardı: Çox istərdim ki, bu yazımı Media Klubunda iştirak edən saytlarda dərc etsinlər. Ümid edirəm ki, alternativ mövqe olaraq mənim bu yazımı dərc edə biləcəklər…

 

AZƏR HƏSRƏT, əməkdar jurnalist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir