Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar Əbu-Dabidə təntənəli mərasim keçirilib

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümü Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) təntənəli mərasimlə qeyd edilib.

Azərbaycanın BƏƏ-dəki səfirliyi tərəfindən təşkil olunmuş tədbirdə ölkənin xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Yaqub Yusif Al Husayni, hökumət təşkilatlarının yüksəkvəzifəli rəsmiləri, şeyxa Fatimə bint Mübarəkin başçılıq etdiyi Ali Qadınlar İttifaqının rəsmi nümayəndələri, səfirlər və diplomatik korpusun digər təmsilçiləri, incəsənət xadimləri, beynəlxalq təşkilatların nümayəndələri, sahibkarlar, Azərbaycan icmasının, KİV-lərin təmsilçiləri iştirak ediblər.

Azərbaycanın və BƏƏ-nin dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə səfir Daşqın Şikarov çıxış edərək, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və fəaliyyəti, müsəlman Şərqində ilk demokratik respublika yaradıldığı zaman qarşıda duran çətinliklər və onların öhdəsindən gəlmək uğrunda o zamanın tarixi şəxsiyyətlərinin keçdiyi yol, AXC müstəqilliyini itirənədək baş verən hadisələr barədə ətraflı məlumat verib. Səfir 71 ildən sonra müstəqilliyini bərpa etməyə nail olmuş Azərbaycan Respublikasının müasir inkişaf tarixi barədə də danışıb, ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin və dünyada azərbaycançılıq ideologiyasının möhkəmləndirilməsi naminə göstərdiyi xidmətlər, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin regionda və dünyada möhkəm mövqe qazanması, bütün sahələrdə əldə edilmiş inkişaf barədə də ətraflı məlumat verib. Səfir Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümünün xalqımızın dahi oğlu Heydər Əliyevin anadan olmasının 95 illiyi və BƏƏ-nin qurucusu Şeyx Zayed əl Nəhyanın 100 illiyi ilə üst-üstə düşdüyünü qeyd edib. Azərbaycan və BƏƏ arasında əlaqələr barədə də danışan diplomat bu münasibətlərin İslam Əməkdaşlıq Təşkilatının Mərakeşdə keçirilən tədbiri çərçivəsində Heydər Əliyev və şeyx Zayed Əl Nəhyanın görüşündən sonra yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, dövlətlərarası münasibətlərin inkişafında və möhkəmləndirilməsində ölkələrimizin liderlərinin xüsusi rolunu vurğulayıb. 1992-ci ildə ölkələrimiz arasında diplomatik münasibətlər yaradılandan sonra sürətlə inkişaf edən dostluq əlaqələrinin Azərbaycan və BƏƏ tarixində yeni mühüm səhifə açdığını vurğulayan Daşqın Şikarov hər iki ölkənin uğurlu inkişaf yolu keçərək regionun mühüm dövlətlərinə çevrildiyini, bu illər ərzində münasibətlərin sürətlə inkişaf etdiyini, rəsmi şəxslərin çoxsaylı görüşləri, qarşılıqlı səfərlərinin həyata keçirildiyini, müxtəlif tədbirlərin təşkil olunduğunu diqqətə çatdırıb. Səfir xüsusilə Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı ildə BƏƏ-yə və BƏƏ-nin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdulla Əl Nəhyanın 2017-ci ildə Bakıya rəsmi səfərinin ikitərəfli əlaqələr üçün yeni perspektivlər yaratdığını vurğulayıb, Prezident İlham Əliyevin BƏƏ ilə əlaqələrə önəm verdiyini, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın və şeyxa Fatimə bint Mübarəkin ikitərəfli əlaqələrin inkişafında maraqlı olduqlarını qeyd edib. Səfir çıxışında erməni işğalına toxunaraq Azərbaycanın işğal altında olan torpaqlarının Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tezliklə azad ediləcəyini və növbəti bayramların Şuşada, Laçında qeyd olunacağına Azərbaycan xalqının əmin olduğunu bildirib.

İkitərəfli iqtisadi əlaqələr barədə danışan səfir Azərbaycan ilə BƏƏ arasında əməkdaşlıq üçün sağlam hüquqi bazanın yaradıldığını, ticarət, sərmayə, turizm və aviasiya sahəsində uğurlu əməkdaşlığın olduğunu, hazırda ölkələrimiz arasında Azərbaycan Hava Yolları, Etihad Hava Yolları, Silk Way, Flydubai və AirArabia aviaşirkətlərinin sərnişin və yük daşınması ilə məşğul olduğunu, birbaşa hava əlaqəsinin iqtisadi və ticarət əlaqələrinə töhfə verdiyini vurğulayıb, həmçinin Azərbaycan məhsullarının BƏƏ bazarında daha çox tanıdılması və yayılması məqsədilə görülən işlər barədə məlumat verib. Səfir məhz BƏƏ ilə əməkdaşlığa verilən xüsusi önəmin nəticəsi olaraq Azərbaycanın xarici ölkələrə göndərdiyi dörd ticarət nümayəndəsindən birinin də BƏƏ-yə təyin edildiyini diqqətə çatdırıb.

Tədbirdə qonaqlar Səbuhi İbayev, Ceyhun Muradov, Rəvanə Qurbanova, Kamal Nuriyevin ifasında Azərbaycan muğamlarını dinləyib, səfirliyin nəzdində fəaliyyət göstərən “Qarabağ inciləri” qrupunun ifasında milli rəqslərə baxıblar. Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra Azərbaycan icmasının nümayəndələrinin iştirakı ilə şənlik davam edib.

Tədbir çərçivəsində salonda Azərbaycanda istehsal olunan məhsulların və turizm xidmətlərinin sərgisi təşkil edilib, Azərbaycan şirkətlərinin məhsulları nümayiş etdirilib, mədəniyyətimizi və incəsənətimizi təcəssüm etdirən suvenirlərdən, Azərbaycan, ümummilli lider Heydər Əliyev, Prezident İlham Əliyev, ölkəmizin turistik məkanları barədə kitab və çap materiallarından hazırlanmış hədiyyələr iştirakçılara paylanılıb.

İştirakçılara Azərbaycan, Ərəb və Avropa mətbəxlərindən yeməklər, şirniyyatlar təqdim olunub. Tədbir boyunca Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Ədəbi ezamiyyət” sənədli filmi, Azərbaycan və BƏƏ arasında rəsmi təmaslar, Azərbaycanın təbiəti, tarixi, görməli yerləri və s. barədə təbliğat videoçarxları nümayiş etdirilib.

Tədbir zamanı ali qonaq, xarici işlər nazirinin müavini Yaqub Yusif Al Husayni mətbuata açıqlamasında yüksək səviyyədə olan BƏƏ-Azərbaycan münasibətlərindən danışaraq, bu əlaqələrin siyasi, diplomatik, iqtisadi, humanitar və digər sahələrdə dinamik inkişaf etdiyini vurğulayıb. Yaxın keçmişdə Azərbaycana səfər etdiyini xatırladan nazir müavini Prezident İlham Əliyevlə görüşünün təəssüratlarını bölüşüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir