Satqın və xəyanətkar müxalifət özünü ifşa edir

Aqillər deyiblər ki, həqiqəti ört-basdır etmək olar, amma o gec-tez üzə çıxacaq. Bu ifadəni hazırki radikal müxalifət nümayəndələri gərək unutmasınlar. Son günlər onların sosial şəbəkələrdə bir-birini təhqir və tənqid etmələri fonunda bəzi həqiqətlərin suyun üzünə çıxması xəyanətkar və antimilli ünsürlərin əsl mahiyyətini çılpaqlığı ilə təsdiqləmiş oldu. İfrat müxalifət düşərgəsində aparılan didişmələr bir daha təsdiqlədi ki, mühacirətdəki “qonorar ovçuları” və radikal müxalifətdə təmsil olunan nümayəndələr Azərbaycan xalqının və dövlətinin maraqlarını güdmür, ancaq və ancaq antimilli xarici ünsürlərin destruktiv maraqlarına uyğun davranmağı daha məqbul sayırlar.

Xatırlayırsınızsa, mayın 9-da Helsinki Komissiyası tərəfindən ABŞ Konqresində Azərbaycanla bağlı dinləmələr keçirilmişdi. Həmin dinləmələrə qatılan Emin Milli Əli Kərimli və onun timsalında radikal müxalifət nümayəndələri barəsində tənqidi fikirlər səsləndirmişdi. Antimilli ünsürlərin cəbhəsində qızışmaqda olan son mübahi-sələr E.Millinin tənqidi fikirlərinin radikal müxalifət düşərgəsində bomba effekti yaratması barədə reallığı gün işığına çıxarır. Bəs Əli Kərimlini və digər radikal müxalifət nümayəndələrini qəzəbləndirən nədir? E.Milli dinləmələrdə nə demişdi ki, okeanın bu tayında, xəyanətkar radikal müxalifətçilər düşərgəsində qəzəb dalğasının yaranmasına səbəb oldu?

Cavab sadədir: E.Milli radikal müxalifətin rəhbərlərini və onun satellit QHT-lərinin “haqqını” və ayrılan qrantları təkbaşına mənimsəməyə cəhd göstərməkdə ittiham etmişdi. Bu da “qrantyeyən” radikalların qəzəbinə səbəb oldu. Tərəflərin bir-birilərinə od və təhqir püskürmələri sosial şəbəkələrə də sıçrayır və qrant uğrunda apardıqları savaş açıq şəkildə özünü biruzə verir. Xüsusilə də ABŞ-da yaşayan Sevinc Osmanqızı ilə Xədicə İsmayılın didişmələri diqqəti çəkir. Xədicə İsmayıl Sevinc Osmanqızının “MeydanTV”-nin rəhbəri olmaq üçün mübarizəyə girişdiyini və bu istəyinə görə oradan qovulduğunu bildirir. Bundan başqa, X.İsmayıl Sevinc Osmanqızını Rəsul Quliyevin vəsaiti hesabına proqram hazırlamaq istədiyini açıqlayır. Həmişə özlərini siyasi nəzakət qaydalarına uyğun apardıqlarını iddia edən bu xanım “müxalifətçilər”in bir-birilərinin ünvanına söylədikləri qeyri-etik ifadələr onların necə kobud və ədəbsiz olduqlarını göstərir. Belə olmasa idi, S. Osmanqızı onu ittiham edən X.İsmayılı “xəstə” adlandırmaz və ən azından ittihamın doğru və ya yalan olduğunu ört-basdır etməyə çalışan zaman etik normalardan kənara çıxmazdı. Bu, düşərgə yoldaşını “xəstə” adlandıranların mübahisə etmək “mədəniyyətini” də üzə çıxarır.

Natiq Adilov adlı sosial şəbəkə istifadəçisi də mübahisələrə qoşularaq, Emin Millini saxtakarlıqda və qrant üçün fəaliyyət göstərməkdə ittiham edir. Radikal müxalifət düşərgəsinin təmsilçisi olan N.Adilovun müxalifəti fəaliyyətsizlikdə günahlandıran vəkil Aslan İsmayılov haqqında da tənqidi status yazdığı diqqəti çəkir. N.Adilov düşünür ki, Aslan İsmayılov sadəcə sifarişlə işləyən müqəvvadır. Aslan İsmayılov mayın 14-də yazdığı statusda radikal müxalifəti bacarıqsızlıqda ittiham etmişdi: “…müxalifətin əsas vəzifəsi …mitinq keçirmək deyil. Real nəticələr yoxdursa, demək bacarmadınız. Bacarmayanlar isə geri çəkilib meydanı gənclərə verməlidirlər. Bunu etmək istəmirsiniz, heç olmasa onda gənc fəallara qarşı qarayaxma kampaniyasını aparmayın”.

Bundan başqa, “Emin Milliyə 1 milyon dollar lazımdı, təcili. Dünən təmiz söhbət etdi. Mənə hər şey əyandı, daha…”, – yazan N.Adilov E.Millinin ABŞ-dakı brifinqdə cəbhəçilərlə bağlı mövqeyini tənqid edir. Habil Azəri adlı sosial şəbəkə istifadəçisi isə Aslan İsmayılova cavabında radikal müxalifətə olan münasibətini belə açıqlayır: “Aslan müəllim,…bir dəfə müxalifəti tənqid etməklə az qalır sizi erməni dəyirmanına su tökən adlandırsınlar. Çox təəssüf…Biz bu dünyagörüşü ilə çox uzağa gedə bilmərik.”.

Emin Millinin radikal müxalifət düşərgəsi haqqında dediklərini həzm etməyənlərdən biri də Milli Şuranın sədri Cəmil Həsənlidir. O, “Meydan TV”-nin aldığı qrantları doğrultmadığını yazır: “Bəzi dostlar unudurlar ki, “Meydan TV” onların öz vəsaitləri hesabına deyil, demokratik qurumlardan aldıqları qrant vəsaitləri hesabına fəaliyyət göstərir”. Görünən odur ki, “Meydan TV”-yə ayrılan irihəcmli qrantlar Cəmil Həsənlini narahat edir. Belə anlaşılır ki, bütün radikal müxalifət düşərgəsində qrant uğrunda amansız mübarizə gedir. Əli Kərimli düşərgəsinin üzvü olan Kamil Vəli Nərimanoğlu isə Emin Millini təhqir edərək, onu Emin Zilli adlandırır. Bu istifadəçi hətta “Meydan TV” rəhbəri haqqında eşşək ifadəsini işlədir: “Ah…biz eşşəklər-deyirdi Əziz Nəsin rəhmətlik”.

Göründüyü kimi, Azərbaycan xalqına ağıl dərsi keçməyə can atan, meydana çağıran müxalifət başçıları və “5-ci kolon” nümayəndələri qrant uğrunda didişir və bu mübarizədə bir-birilərini təhqir etməkdən də çəkinmirlər. Qənimət üstündə bir-birilərinə qənim kəsilən radikal müxalifət nümayəndələrinin daha yaxşı şərtlər qarşılığında milli mənafeləri düşünmədən ayaqlar altına ata biləcəkləri şübhə doğurmur.

Bir sözlə, radikal müxalifət düşərgəsinin başbilənləri üçün ictimai-siyasi həyatda bir prinsip var: nəyin bahasına olursa-olsun hakimiyyəti ələ keçirmək və bu yolda hər vasitəyə əl atmaq. Bu yolla ölkəmizi ləkələmək, Azərbaycan haqqında yanlış məlumat yaymaq, destruktiv niyyətli qrant verənlərlə birləşmək radikal düşərgədə məqbul sayılır. Azərbaycan xalqı kimin kim olduğunu görür. Dağıdıcı müxalifət heç bir halda ölkəmiz üçün faydalı olacaq addım atmır. Əksinə, son dövrlərdə baş verən proseslər isə bir daha onu göstərir ki, bu insanlar sadəcə beynəlxalq aləmdə fəaliyyət göstərən antimilli, antiazərbaycan mərkəzlərin yerlərdəki təzyiq qrupları funksiyasını yerinə yetirirlər. Ancaq Azərbaycanda “xalq-iqtidar” birliyi belə məkrli planların baş tutmayacağına əminlik yaradır.