Dneprdə Xocalı soyqırımı ilə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlanıb

Ukraynanın Dnepr şəhərində Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Xocalı soyqırımının günahkarlarının cəzalandırılması üçün beynəlxalq təşkilatlara müraciət qəbul olunub.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Dneprpetrovski vilayəti təşkilatının təşkil etdiyi tədbirdə Dneprpetrovski Vilayət Admnistrasiyasinın nümayəndələri, ali təhsil ocaqlarının rektorları, elm və mədəniyyət xadimləri, diaspor və kütləvi informasiya vasitələri nümayəndələri iştirak edib.

Xocalı hadisəsinin XX əsrin ən dəhşətli soyqırım aktı olduğunu deyən BUAK-nin Dneprpetrovski vilayəti təşkilatının sədri Qüdrət Hacıyev çıxışında bu faciənin dünya dövlətlərində tanıdılmasında diasporun üzərinə böyük vəzifə düşdüyünü qeyd edib. Onun sözlərinə görə, Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu xalqımıza qarşı apardıqları soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi.

BUAK-nin Dneprpetrovski vilayəti təşkilatının sədr müavini Nəcəf Əhmədov çıxışında bildirib ki, Xocalı soyqırımı öz amansızlığına və qəddarlığına görə bəşəriyyətə və insanlığa qarşı törədilən cinayət idi.

O qeyd edib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə elan edilən “Xocalıya ədalət!” kampaniyasının səmərəsi ildən-ilə artır. Bu kampaniya çərçivəsində keçirilən tədbirlərin məqsədi Xocalıdakı cinayətə hüquqi-siyasi qiymətin verilməsinə, bütün dünyanın Xocalı soyqırımını tanımasına nail olmaqdır.