Sükan arxasında danışan sürücülər cəzalandırılmayacaq – Milli Məclis dəyişikliyi təsdiqlədi

Nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirakla bağlı və banı zədələnmiş nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanının təmirə aparma ilə bağlı icazə məhdudiyyətinə görə sanksiya ləğv edilib. “Olaylar”ın məlumatına görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 342.1.2 maddəsi (nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməyə görə) ləğv edilib. 345-ci maddədə (2-ci bənd) banı zədələnmiş nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan təmirə qəbuluna görə 250 manat cərimə cəzası qaldırılır. Layihədə bildirilir ki, təcrübəyə əsasən 345-ci maddədə ləğv edilməsi təklif edilən 2-ci bənd tətbiq olunmur. Eyni zamanda bu bəndin tətbiq olunmasına ehtiyac olmadığından onun çıxarılması təklif edilib. Belə ki, son dövrlər Daxili İşlər Nazirliyinin maddi texniki bazasının və elektron informasiya sistemlərinin, ehtiyyatlarının inkişaf etdirilməsi hər hansı qanun pozuntusunun aşkar edilməsinə imkan yaradır. Bu səbəbdən də banı zədələnmiş nəqliyyat vasitələrini təmirə qəbul edərkən müvafiq icra hakimiyyəti orqanının icazəsinin olmasına ehtiyac qalmır.Qanuna dəyişiklik səsə qoyularaq qəbul edilib.