Azərbaycan və Pakistan silahlı qüvvələri arasında əlaqələrin daha da genişləndirilməsi məsələləri müzakirə edilib

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, ordu generalı Zubair Mahmud Hayatla görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə təcavüzkar Ermənistanın Azərbaycana qarşı vaxtaşırı həyata keçirdiyi təxribatlar, Dağlıq Qarabağ və Kəşmir məsələlərinin BMT-nin qəbul olunmuş qətnamələri əsasında həllinin zəruriliyi, Azərbaycan və Pakistanın silahlı qüvvələri arasında hərbi-texniki sahədə əməkdaşlığın daha da gücləndirilməsi, təcrübə mübadiləsinin artırılması və yeni birgə layihələrin həyata keçirilməsi haqqında fikir mübadiləsi aparılıb.

Söhbət zamanı Zubair Mahmud Hayatın Azərbaycana nəzərdə tutulan səfəri müzakirə edilib.

Zübair Mahmud Hayat Dağlıq Qarabağ münaqişəsinin və Kəşmir məsələsinin həll olunmaması nəticəsində günahsız insanların daim həyatlarını itirdiklərini bildirib. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana dəstəyinin bundan sonra da davam etdiriləcəyini və Azərbaycana səfəri zamanı iki ölkənin silahlı qüvvələri arasında əməkdaşlığın daha da genişləndirilməsi imkanlarının müzakirə olunacağını vurğulayıb.