Hüseyn Cavidin “Maral” və “Şeyda” əsərləri bolqar dilində

Görkəmli Azərbaycan dramaturqu və şairi Hüseyn Cavidin anadan olmasının 135 illiyi münasibətilə ədibin “Maral” və “Şeyda” əsərləri bolqar dilində çap edilib.

Olaylar bildirir ki, hər iki kitabın tərtibçisi və ön sözün müəllifi AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlıdır. “Maral” əsərini bolqar dilinə tərcümə edənlər – Momçil Şopov, Janet Nikolova, redaktoru Sofiya Şiqaevadır. “Şeyda” əsərinin bolqar dilinə tərcüməçisi Sofiya Şiqaeva, redaktoru isə Veneta Yankovadır.

Nəşrlərin Bolqarıstanda təqdimatı keçiriləcək. Tədbir Azərbaycanın Bolqarıstandakı Səfirliyi, AMEA Hüseyn Cavidin Ev Muzeyi və Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutacaq.

Kitablar Bolqarıstanın Müqəddəs Kiril və Mefodi adına Milli Kitabxanası da daxil olmaqla, digər aparıcı kitabxanalara, eləcə də həmin ölkənin ali təhsil müəssisələrinin kitabxanalarına hədiyyə ediləcək.