AŞPA-nın qərəzli,ədalətsiz,ikili standart yanaşması ilə üzləşdik

Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşündə Serj Sərkisyanın və ardından da digər Ermənistan rəsmilərinin bu danışıqlardan böyük gözləntilərinin olmadığını bildirmələri artıq çox şeydən xəbər verir. İlk növbədə ondan xəbər verir ki, danışıqlar öncəsi Rusiyanın öz forpostuna silah almaq üçün daha 100 milyon dollar kredit ayırması təsadüfi sayıla bilməz.
Xatırladaq ki, hər iki ölkənin prezidentlərinin sonuncu görüşləri keçən ilin iyununda Rusiyanın moderatoluğu altında Peterburqda keçirilmişdi. Əgər Moskva doğrudan da danışıqlarda irəliləyiş istəsəydi, prezident Putin cəmi beş gün sonra Cenevrədə bir araya gələcəklərini nəzərə alaraq, MDB dövlət başçılarının Soçi zirvəsi çərçivəsində tərəflərlə Qarabağ məsələsiylə bağlı ya ayır-ayrılıqda, ya da birlikdə qısa da olsa görüşərdi.
Belə bir görüş olmadısa, üstəlik də Cenevrə danışıqları öncəsi Ermənistana daha 100 milyon dollarlıq silah göndəriləcəyi açıqlanırsa, Serj Sərkisyan və komandası bu görüşdən böyük gözləntilərinin olmadığını deməyib də nə deyəcəkdilər ki.
Moskvanın heç öz moderatorluğu altında deyil də neytral bir məkanda-Cenevrədə keçirilən danışıqlara niyə bu cür yanaşdığı aydındır. Məsələ burasındadır ki, danışıqlarda hər hansı irəliləyişin olması üçün qərbdəki bəlli çevrələr də yetərincə prinsipiallıq və qətiyyət göstərmirlər. Əgər prinsipiallıq göstərsəydilər, yüz minlərlə adamın haqqını pozaraq etnik təmizləmə aparan işğalçı Ermənistana qarşı AŞPA-da sanksiya tətbiqi haqda qətnamə çıxarılardı ki, Cenevrə görüşü öncəsi hərbi xunta özünü konstruktiv aparsın. Çıxarıldımı, yox. Əksinə biz həmən qurumu yönəldən və yönləndirənlərin qərəzli, ədalətsiz, ikili standart iyi verən yanaşmasıyla üzləşdik.
Elə buradan da görünür ki, Sərkiysanı Cenevrəyə aparan və apartdıran ancaq Azərbaycanın gücü, bu gücə dayanan cəbhədəki mövqe üstünlüyü, həmən üstünlükdən irəli gələn əks-təxribat əməliyyatlarıdır.
Dövlət başçımızın işğaı altındakı torpaqları qaytarmaq üçün hər bir addımı atacağımız, ötən ilin aprelində baş verənlərin yenidən təkrarlanacağı haqda ən müxtəlif kürsülərdən etdiyi xəbərdarlıq olmasaydı və hay havadarlarıyla himayədarları bunun üçün qətiyyətli şəkildə hazırlıqlar(burda, sadəcə, keçirilən təlimlər və müdafiə naziri Zakir Həsənovun son bir aydakı səfərlərinı xatırlatmaq yetər)da görüldüyünü bilməsəydilər, Sərkisyan Cenevrəyə göndərilməyəcəkdi.
Bəli, Sərkisyan bu görüşə getmir, gözdən pərdə asmağa, sülh danışıqlarına forpostun guya hazır olduğu, belə bir perspektivin hələ qaldığı təsəvvürünü yaratmağa göndərilir. Bütün bu reallıqları hər kəsdən daha yaxşı bilən dövlət başçımız cənab İlham Əliyev bir stol arxasında əyləşməkdən, yumşaq desək, heç də məmnunluq duymadığı bu adamla danışıqlara ona görə razılıq veirir ki, məsələnin ilk növbədə sülh yoluyla çözümünə çalışdığını, qan tökmək istəmədiyini, ancaq buna sövq edildiyini növbəti dəfə ortaya qoysun. Ortaya qoysun ki, ötən ilin aprelindəkilər yenidən təkrarlanacağı halda, haylara havadarlıq edənlər özlərini elə təqribən keçən ilin aprelindəki kimi aparmaq zorunda qalsınlar. Yəni bizim qələbəmizdən məmnunuluq duymasalar da, yaranmış reallığı çar-naçar həmz etsinlər, necəki ötən il həzm etmişdilər.