Beynəlxalq Muğam Mərkəzi muğamsevərləri bir araya toplayıb

Beynəlxalq Muğam Mərkəzinin və “Mədəniyyət” kanalının “Muğamat var olan yerdə” adlı birgə layihəsi çərçivəsində Əməkdar Artist Təyyar Bayramov və dördüncü beynəlxalq muğam müsabiqəsinin qalibi Aytən Məhərrəmovanın konserti keçirilib.

Muğam Mərkəzindən AZƏRTAC-a bildirilib ki, konsertdə ilk olaraq ansamblın ifasında “Çahargah dəramədi” səslənib.

Sonra səhnəyə gənc xanəndələr çıxaraq ilk olaraq muğam kompozisiyasını ifa ediblər. Gecədə Əfrasiyab Bədəlbəylinin “Dumanlı Təbriz” pyesindən Qönçələbin mahnısı, “Bayatı-Şiraz” təsnifi, Ələkbər Tağıyev və Süleyman Rüstəmin “Sədaqətim var”, Əlibaba Məmmədov və Əliheydər Qəmbərovun “Şadlanasan, güləsən”, Bəhram Nəsibovun “Qal sənə qurban”, Kərkük xalq mahnısı “Ninnə yarım”, “Segah” təsnifi, Məmmədbağı Bağırzadə və Zivər Ağayevanın “Qarabağ”, Rauf Hacıyev və Ənvər Əlibəylinin “Azərbaycan” mahnıları tamaşaçılar tərəfindən gur alqışlarla qarşılanıb.

Gecəyə Əməkdar artist, bədii qiraətçi Azad Şükürovun ifalar arasında səsləndirdiyi qəzəllər xüsusi rəng qatıb.

Konsert proqramı tamaşaçıların gur alqışları ilə başa çatıb.