Bərdə və Gəncə şəhərlərində ermənilərin törətdiyi vandalizm ABŞ azərbaycanlılarını ayağa qaldırıb

ABŞ-ın Texas ştatının Hyuston şəhərində yaşayan soydaşlarımız işğalçı
Ermənistan ordusunun Azərbaycanın Bərdə və Gəncə şəhərlərində, eləcə də
digər yaşayış məntəqələrində törətdikləri terror aktlarını dünya ictimaiyyətinə
çatdırmaq məqsədi ilə Hyuston şəhər meriyasının binası qarşısında icazəli
aksiya keçirib.
ABŞ-Azərbaycan Qarabağ Atları Xilası Birliyi (USACRA), Bakı-Hyuston
Qardaşlaşmış Şəhərlər Assosiasiyası və Amerika–Azərbaycan Mədəniyyət
Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutan aksiya Azərbaycanın Dövlət
Himninin səsləndirilməsi ilə başlayıb. Azərbaycan bayrağı ilə yanaşı, dost
ölkələrin bayraqlarının da dalğalandırıldığı aksiyada Bərdə və Gəncə
şəhərlərində ermənilərin törətdiyi vandalizm aktları kəskin pislənilib,
şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İşğalçı Ermənistan ordusunun münaqişə zonasından kənarda yaşayan dinc
sakinləri hədəfə almasının insanlıq əleyhinə yönəlmiş müharibə cinayəti və
soyqırım olduğunu xatırladan aksiya iştirakçıları, dünya ictimaiyyətini
Ermənistanın hərbi təxribatlarına biganə qalmamağa səsləyiblər. Aksiyada
"Qarabağ Azərbaycandır!", “Erməni işğalına son qoyun!”, “Erməni
terrorçuluğuna son soyun!”, “Uşaq ölümünə son qoyun!”, "Gəncə üçün dua
et!", “Mülki insanlar toxunulmazdır!”, “Biz terrora yox deyirik!”, “Bərdə
üçün dua et!” və s. kimi şuarların əks olunduğu plakatlar qaldıran
həmvətənlərimiz Azərbaycanın haqlı mübarizəsinə hər cür dəstək verməyə
hazır olduqlarını bildiriblər.