Susmaq – qızıldan qiymətli dəyərləri erməni riyakarlığına qurban vermək deməkdir

Hələ keçən ilin sonlarında Ermənistanın baş naziri Paşinyan Ermənistanla Dağlıq Qarabağı birləşdirəcək 3-cü avtomobil yolunun çəkiləcəyi haqqında açıqlama vermişdi.

Keçən həftə isə bu ölkənin Təhlükəsizlik Şurasının katibi nəzərdə tutulan yolun Gubadlı və Cəbrayıl rayonları ərazisindən keçərək Ermənistanın Qafan rayonunu Dağlıq Qarabağın Xocavənd rayonu ilə birləşdirəcəyini və tikinti işlərinin yaxın 2-3 il ərzində başa çatdırılacağını bildirib. Azərbaycan XİN işğalçı ölkənin rəhbərliyi tərəfindən ortaya atılan növbəti təxribatla bağlı ATƏT-in Mİnsk Qrupu həmsədrlərinə müvafiq Bəyanatla müraciət edib. Lakin həmişə olduğu kimi, bu dəfə də Minsk qrupunun həmsədrləri susmağa üstünlük verirlər. “Susmaq qızıldır” deyiblər. Amma bu həmişə belədirmi? Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi 30 il ərzində görünən odur ki, beynəlxalq təşkilatların susqunluğu işğalçı ölkənin status-kvo vəziyyətini uzatmaq və işğal olunmuş ərazilərdə möhkəmlənmək cəhdlərini stimullaşdırır.

Təcavüzkar Ermənistan ATƏT-in Mİnsk Qrupu çərçivəsində münaqişənin həlli üzrə apaılan danışıqların hər vəchlə uzadılmasına və hətta pozulmasına çalışır. BMT üzvü olan müstəqil dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına zəmanət verən beynəlxalq təşkilatlar dünyada sabitliyin və təhlükəsizliyin təmin olunması, beynəlxalq siyasi sistemin beynəlxalq ədalət prinsipləri əsasında fəaliyyət göstərməsi üçün Ermənistan kimi işğalçı ölkələrin apardığı destruktiv siyasətə kəskin münasibət bildirməli və dünyanın bütün bölgələrində ölkələrarası münasibətlərin harmonik inkişafına öz töhfəsini verməlidir. Elə buna görə də Avropa Parlamentinin yüksək səviyyəli rəsmiləri – Cənubi Qafqaz ölkələri üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri xanım Marina Kalyurand, Azərbaycan üzrə Avropa Parlamentinin məruzəçisi xanım Jelyana Zovko və Ermənistan üzrə məruzəçi cənab Trayan Basesku Birgə Bəyanat verərək növbəti erməni təxribatına qarşı qəti etirazlarını bildiriblər.

Bəyanatda bildirilir ki, Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələri ərazisində xalqları bir-birinə yaxınlaşdıracaq, insanlararası təmasları canlandıracaq bütün nəqliyyat dəhlizlərinin açılmasını alqışlamaq istərdi. Lakin Ermənistan tərəfindən irəli sürülən layihənin Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirilməsi nəzərdə tutulur və belə bir layihənin reallaşması Azərbaycan Respublikasının icazəsi olmadan mümkün deyil. Bəyanatda həmçinin qeyd olunur ki, bu layihə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə töhfə vermir, əksinə işğal olunmuş ərazilərdə möhkəmlənməyə xidmət edir və Ermənistan hökümətinin atdığı addımlar beynəlxalq qanunlara ziddir. Avropa Parlamenti rəsmiləri hər iki ölkəni ATƏT-in Mİnsk Qrupu çərçivəsində münaqişənin sülh yolu ilə həllinə töhfə verməyə çağırıblar. Bəyanat Avropa Parlamentinin Beynəlxalq Əlaqələr Komitəsinin rəsmi Twitter səhifəsində də yayımlanıb. Göründüyü kimi, Avropa Parlamentinin Cənubi Qafqaz ölkələri üzrə səlahiyyətli şəxsləri açıq mətnlə Dağlıq Qarabağın və ona bitişik rayonların məhz Ermənistan tərəfindən işğal olunduğunu bir daha vurğulayır və bu ərazilərdə Azərbaycanın razılığı olmadan Ermənistan tərəfindən hər hansı bir fəaliyyətin aparılmasına etiraz edirlər.

Bəyanat Ermənistan daxilində böyük rezonans doğurub. Müxtəlif siyasi partiyalar və cərəyanlar Avropa Parlamenti tərəfindən belə obyektiv münasibətin açıqlanmasında bir-birini günahlandırır və eyni zamanda Bəyanat müəlliflərinin ünvanına saysız-hesabsız şantaj və təhdidlərlə dolu müraciətlər göndərirlər. Beynəlxalq təşkilatlar tərəfindən o qədər də tez-tez rastlaşmadığımız belə bir ədalətli yanaşma həqiqətən alqışa layiqdir. Onların bu cəsarətli addımını Azərbaycan dövləti tərəfindən aparılan təmkinli, ardıcıl və sülhsevər siyasətə verilən yüksək qiymət kimi dəyərləndirmək olar. Avropa Parlamentinin belə cəsarətli addımına rəğmən, digər beynəlxalq təşkilatların susqunluğu, regionda sülhə və sabitliyə təhlükə yaradan addımlara laqeyd münasibəti Ermənistana öz işğalçılıq siyasətini davam etdirməyə imkan verir və mövcud status-kvo vəziyyətinin mümkün qədər uzadılmasına şərait yaradır.

Bu baxımdan, bilavasitə Dağlıq Qarabağ münaqışəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupu həmsədrləri tərəfindən vaxtaşırı olaraq Ermənistanın atdığı təxribatçı addımlara etiraz bildirilməməsi təəssüf doğurur. Avropa Parlamentinin rəsmiləri tərəfindən erməni özbaşınalığına qarşı verilən adekvat reaksiya Avropa Şurası və ATƏT Parlament Assambleyalarının da bölgəmiz üzrə rəsmi məruzəçiləri üçün gözəl bir nümunədir. Lakin erməni lobbiçilərinin təlimatına uyğun olaraq Azərbaycan əleyhinə qarayaxma kampaniyalarında mütəşəkkil şəkildə fəllaşan AŞPA məruzəçiləri bu dəfə də erməni diasporunun səxavətinə sığınaraq susmağa üstünlük verirlər. Bəli, “susmaq qızıldır” deyiblər. Amma ədalət naminə həqiqəti söyləmək və müdafiə etmək bəşəri dəyərdir. Deməli, susmaq – qızıldan qiymətli dəyərləri erməni riyakarlığına qurban vermək deməkdir.Bölgəmizdə sülhə və sabitliyə nail olmaq üçün Azərbaycan cəmiyyəti ATƏT-in Mİnsk Qrupunun, Avropa Şurasının və onun Parlament Assambleyasının da Ermənistan höküməti tərəfindən aparılan təcavüzkar siyasətə qarşı səsini qaldırmasını və ədalətli mövqe sərgiləməsini gözləyir.

 

Cavanşir Feyziyev

Millət vəkili, Fəlsəfə doktoru

 

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin