Əbədiyaşar Heydər Əliyev dühası

Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarını yaratmış, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirmiş fenomen şəxsiyyətdir. Dünyamiqyaslı ictimai-siyasi xadim Heydər Əliyevin titanik əməyi, qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur.

Azərbaycan xalqının görkəmli oğlu Heydər Əliyevin irsi olduqca zəngindir. Öz həyat və fəaliyyəti ilə ölməzlik zirvəsinə yüksələn Heydər Əliyevin keçdiyi ömür yolu bizim üçün zəngin həyat məktəbidir. Çünki o böyük insanın ömür yolu Azərbaycan tarixinin şərəfli bir hissəsidir. Biz o tarixi öyrənməli və bizdən sonra gələn nəsillərə çatdırmalıyıq. Bizdən sonra gələnlər də bilməlidirlər ki, Azərbaycanın dünyanın hegemon dövlətləri ilə bir sırada dayanması, beynəlxalq qurumlara tam hüquqlu üzv olması, haqq səsimizin beynəlxalq kürsülərdən eşidilməsi Heydər Əliyevin yorulmaz fəaliyyətinin nəticəsidir. Çünki Heydər Əliyev nadir tarixi şəxsiyyətlərdəndir ki, mükəmməl dövlət quruculuğu konsepsiyasını işləyib reallaşdıra bildi. Əvvəlcə Azərbaycanı böyük bir fəlakətdən xilas etdi, sonra isə dövrün tələblərinə yüksək dərəcədə cavab verən müstəqil, demokratik dövlət quruculuğu konsepsiyasını işləyib hazırladı, Azərbaycanın dünyada layiqli yerini tutması üçün uzun illər çalışdı, müstəqil Azərbaycanın memarı və qurucusu kimi tarixdə yerini tutdu. Məhz bu səbəbdən Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış bir dövr daxil oldu . Bu dövr 1969-2003-cü illəri əhatə edir. Həmin illər ölməz bir insanın Vətəninə, xalqına xidmət göstərdiyi illərdir. O illərdə tarixə yazılan hər səhifə xalqımızın həyatında yeni bir eraya çevrildi. 1969-cu il iyulun 14-də Azərbaycanda siyasi hakimiyyətə irəli çəkilən Heydər Əliyev ilk gündən hər cür ideoloji-siyasi baryerlərə sinə gərərək xalqın milli özünüdərki üçün zəruri tədbirlər həyata keçirməyə başladı, cəmiyyəti bütün sahələr üzrə mənəvi yüksəlişlərə ruhlandırdı, hər bir kəsdə milli heysiyyatı gücləndirmək, onu şanlı keçmişinə, soy-kökünə qaytarmaq,habelə zəngin mədəni irsini yaşatmaq naminə bir sıra tədbirlər reallaşdırdı.  Bütövlükdə, Ulu öndər Heydər Əliyev hakimiyyətinin birinci dövründə xalqımıza misilsiz xidmətlər göstərdi. Bu, təkcə sosial-iqtisadi inkişafla bağlı deyildi, eləcə də milli şüurun oyanmasında özünü göstərirdi. O, elm və təhsilin inkişafına xüsusi diqqət yetirirdi, kadr potensialının gücləndirilməsi üçün gənclərimizi keçmiş ittifaqın nüfuzlu ali təhsil müəssisələrinə oxumağa göndərirdi. Hər il həmin gənclərlə də görüşürdü. Bütün bunlar Ulu öndər Heydər Əliyevin Azərbaycanın uğurlu gələcəyi üçün atdıqları addım idi.

Daha sonra isə Ulu öndərimiz Kremldə yüksək vəzifəyə irəli çəkildi. Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin olunması çox yüksək bir qərar idi. Yəni xalqımızın oğlu bu dövlətin rəhbərlərindən biri oldu. O, Moskvaya vəzifəyə getsə də, Azərbaycanı unutmadı, respbulikanın  problemlərinin həlli ilə yaxından məşğul olurdu. Eləcə də, SSRİ miqyasında çox böyük işlər gördü. Bunun nəticəsidir ki, keçmiş SSRİ respublikalarında bu gündə Heydər Əliyev böyük hörmətlə xatırlanır. Hələ də belə fikir səslənir ki, əgər Heydər Əliyev SSRİ-nin rəhbəri olsaydı, bu dövlətin taleyi başqa cür olardı. Keçmiş SSRİ-nin xarici işlər naziri Qromıkonun oğlu öz kitabında yazırdı ki, atam Heydər Əliyevi yüksək  təşkilatçılıq bacarığı, insanları arxasınca aparmaq qabiliyyəti olan nüfuzlu şəxsiyyət kimi xarakterizə edib. Qromıko da etiraf edib ki, məhz müsəlman-azərbaycanlı olduğu üçün Heydər Əliyevin SSRİ-nin rəhbəri seçilməsi mümkün olmayıb.

Xalqın şüurunda Heydər Əliyev təkcə 1970-80-ci illərdəki quruculuq fəaliyyəti ilə deyil, həm də blokada şəraitində yaşayan Naxçıvandakı gördüyü işlərlə Azərbaycanın gələcəyinə ümidlə baxmağa əsas yaradırdı. Hamı başa düşürdü ki, ölkəni bu fəlakətlərdən yalnız Heydər Əliyev xilas edə bilər. 1993-cü ilin iyun hadisələri zamanı xalqın təkidli tələbi ilə Ulu öndər Heydər Əliyev Bakıya gəlməyə razılıq verdi. Hətta o zamankı hakimiyyət də Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur oldu.

Təsəvvür edin ki, o zaman parlamentdə hamı, o cümlədən də vaxtilə Ulu öndərimizə qarşı çıxış edənlər də Heydər Əliyevin namizədliyinə səs verməyə hazır idilər. Çünki anlayırdılar ki, Ulu öndər Heydər Əliyev olmadan Azərbaycanı ağır vəziyyətdən xilas etmək mümkün deyil. İyunun 15-də Heydər Əliyev Ali Sovetə sədr seçildi və bu gün Azərbaycan xalqının və dövlətçiliyinin Milli Qurtuluş Günü kimi tariximizə həkk olundu.

1990-cı illərin əvvəlində isə – olduqca mürəkkəb bir mərhələdə, Azərbaycanın müstəqilliyini itirmə astanasında, torpaqlarımızın xarici və daxili separatçıların fəaliyyəti nəticəsində bölünməsi təhlükəsi yarananda Heydər Əliyev Azərbaycanın suverenliyinin qarantına çevrildi, dövlətimizi qorudu və parçalanmaqdan, məhv olmaqdan xilas etdi. Bu çətin prosesin bütün ağırlığı, məsuliyyəti bir lider kimi Heydər Əliyevin, bəhrəsi isə bütün Azərbaycan xalqının payına düşdü. Azərbaycanın dövlət müstəqilliyini xilas etməklə yanaşı, ölkəmizi vahid ideologiya – azərbaycançılıq ideologiyası ətrafında birləşdirməyi bacaran bu böyük şəxsiyyətin rəhbərliyi ilə Azərbaycanda müasir dövlətçilik fəlsəfəsinin vahid, bölünməz və qüdrətli Azərbaycan dövlətinin əsası qoyuldu. Milli kimliyimizin əldə olunması, tariximizin özümüzə qaytarılması istiqamətində mühüm addımlar atıldı, Azərbaycan məhv olmaqdan, parçalanmaqdan xilas oldu, Azərbaycanın başı üstünü almış təhlükələr aradan qaldırıldı. Qanunsuz silahlı birləşmələr və quldur dəstələri ləğv edildi, ölkənin parçalanmaq təzahürləri dəf edildi, vətəndaş müharibəsi dayandırıldı, ordu yaradıldı. Dövlət çevrilişi cəhdlərinin, terror aktlarının qarşısı alındı. Asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu. Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişəsinin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. Azərbaycanın haqq səsi dünya birliyi tərəfindən dəstəkləndi. İdarəetmə sistemi yaradıldı, insanlara öz qüvvələrinə inamı qaytarıldı. Bütün bunlar Heydər Əliyevin dühası, çox böyük nüfuzu və insanları Öz arxasınca aparmaq bacarığı sayəsində mümkün oldu.

Bu gün müstəqil Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və şöhrəti durmadan artmaqdadır. Azərbaycan Respublikası bütün dünyada demokratik, hüquqi, dünyəvi dövlət nüfuzu qazanıb. Heydər Əliyev zəkasının məhsulu olan Əsas Qanunumuz dünyanın ən demokratik, ən mükəmməl konstitusiyalarından biridir və beynəlxalq aləmdə Vətənimizə böyük rəğbət qazandırır. Yurdumuzda hökmranlıq edən sabitlik, həyata keçirilən daxili islahatlar xarici ölkələrlə ədaqələrimizin genişlənməsinə müsbət təsir göstərir. Özünün xarici siyasətini bərabərlik və qarşılıqlı mənafe prinsipləri əsasında quran Azərbaycan Respublikası dünya dövlətləri üçün açıq ölkəyə çevrilib. Çağdaş Azərbaycan bu gün demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda uğurdan uğura qovuşur. Tarixin ən qanlı burulğanı içərisində çabaladığımız günlər arxada qalıb. Azərbaycan dövlətçiliyi məkrli düşmənlərin caynağından həmişəlik xilas edilib. Xalqımız özünün daha parlaq gələcəyinə doğru inamla irəliləyir. Bütün bunlar üçün biz ilk növbədə Ümummilli liderimiz Heydər Əliyevə borcluyuq.

Təbii ki Heydər Əliyev yolunun Azərbaycana qazandırdığı uğurları qısa bir yazı çərçivəsində əhatə etmək qeyri-mümkündür. Bu yol Azərbaycanın bugünkü reallıqlarıdır. O reallıqlar ki, Azərbaycan bu gün regionun aparıcı qüvvəsi, dünya birliyinin fəal üzvüdür. Azərbaycan bu gerçəkliklərə əsaslanaraq yeni-yeni hədəflərə doğru inamla addımlayır. Şübhəsiz ki, Heydər Əliyevin  xalqımız qarşısında xidmətlərini sonadək öyrənmək də qeyri-mümkündür. Ulu öndərimizin böyüklüyü, onun xalqımızın rifahı naminə həyata keçirdiyi mühüm tədbirlərin mahiyyətini tam dərk etmək üçün böyük zaman tələb olunur. Zaman keçdikcə isə bu dahi insanın adı Azərbaycan xalqının simvoluna, əməlləri isə hünər rəmzinə çevrilir.

Çox sevindirici haldır ki, bu gün Ümummilli lider Heydər Əliyevin siyasəti Onun layiqli davamçısı, siyasi varisi cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ötən zaman birmənalı şəkildə göstərdi ki, Ümummilli liderin fiziki yoxluğu dövründə ölkəsini, millətini düşünüb, müstəqilliyimizin əbədi olması uğrunda qətiyyətlə mübarizə apara biləcək lider məhz Prezident İlham Əliyevdir. Əldə edilən çoxsaylı nailiyyətlər sübut edir ki, Ulu öndərimizin müstəqil Azərbaycanın gələcəyi üçün nəzərdə tutduğu bütün işlər böyük uğurla həyata keçirilir. Bu gün hər bir vətəndaşımız ölkəmizin uğurlarından qürur duyur. Biz inanırıq ki, hörmətli Prezidentimiz İlham Əliyevin müdrik rəhbərliyi altında Azərbaycan öz ərazi bütövlüyünü tezliklə bərpa edəcək, soydaşlarımız doğma yurdlarına qayıdacaq, Azərbaycan dövləti daim regionun aparıcı dövləti olaraq qalacaq, xalqımız Heydər Əliyev ideyalarından, Heydər Əliyev dühasından əbədi bəhrələnəcəkdir.MediaZona.Az