Dövlət Komitəsinin sədri Gürcüstanın baş naziri və parlamentin vitse-spikerilə görüşüb

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Gürcüstanın Baş naziri Mamuka Baxtadze ilə görüşüb.

Bu barədə komitənin mətbuat xidmətindən daxil olan məlumata görə, yüksək səviyyədə və səmimi atmosfer şəraitində keçən görüş zamanı ikitərəfli münasibətlər ətraflı müzakirə olunub. M.Baxtadze bildirib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin Gürcüstanda yaşayan azərbaycanlılarla bağlı həyata keçirdiyi layihələrə çox müsbət yanaşır və bu fəaliyyəti yüksək şəkildə dəyərləndirir.

Baş nazir M.Baxtadze görüşdə iştirak edən Barış və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşviliyə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi ilə ikitərəfli münasibətləri daha da intensivləşdirmək, çoxsaylı birgə layihələr həyata keçirmək barədə göstəriş verib.   

Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və Dövlət Komitəsinin sədr müavini Faiq Quliyev də iştirak ediblər.

Elə həmin gün Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Gürcüstan parlamentinin sədr müavini, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Zviad Dziguri ilə də görüşüb.

Azərbaycan nümayəndə heyətini salamlayan Z.Dziquri Azərbaycanla Gürcüstanın strateji müttəfiq, xalqlarımızın isə dost və qardaş olduqlarını vurğulayaraq, ikitərəfli əlaqələrin daha da intensivləşdirilməsinin vacibliyini qeyd edib.MediaZona.Az