Prezident İlham Əliyevin əfv Sərəncamı respublikamızın humanizm prinsipləri əsasında inkişaf yolu seçdiyini bir daha nümayiş etdirdi

Yeni Azərbaycan Partiyası ( YAP ) Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov İlham Əliyevin əfv sərəncamı haqda danışıb. Hikmət Şikarov  prezident İlham Əliyevin bu sərəncamı respublikamızın humanizm prinsipləri əsasında inkişaf yolu seçdiyini bir daha nümayiş etdirdiyini söyləyib. 

Demokratik dəyərlərin başlıca meyarlarından sayılan insan hüquq və azadlıqlarının təmin olunmasına və müdafiəsinə diqqətlə yanaşan Azərbaycan hakimiyyəti cəmiyyətdə humanizm ənənələrinin təşəkkül tapmasına və möhkəmlənməsinə də hər zaman həssaslıqla yanaşmışdır. Məhz ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra demokratikləşmə ilə yanaşı, cəmiyyətimizin bütövlüyünə xidmət edən humanizm ənənələrinin təməli qoyulmuşdur.

Heydər Əliyev bütün dövrlərdə humanizm məfkurəsindən çıxış edərək, mərhəmət və insanpərvərlik kimi ən ali keyfiyyətləri əldə rəhbər tutmuşdur. Heydər Əliyevin həyata keçirdiyi dövlət siyasətinin mahiyyətini özündə əks etdirən humanistliyin nəticəsində əfv və amnistiya təsisatları yaradılmış, 1995-2003-cü illərdə 7 amnistiya aktı və 32 əfv fərmanı qəbul edilmişdir. Ulu öndərin humanizm siyasəti ənənələrinə sadiqlik Prezident İlham Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. Heydər Əliyevin möhkəm təməllər üzərində əsasını qoyduğu humanizm siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev əfvetmə institutunun çevik və işlək mexanizm əsasında fəaliyyətini təmin edib, hər zaman mərhəmət, insanpərvərlik və humanizm məfkurəsindən çıxış edərək cinayət törətmiş şəxslərin bağışlanması ənənəsini yaşadıb, inkişaf etdirib. Bu baxımdan Prezident İlham Əliyevin məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin əfv haqqında müraciətlərinə baxaraq məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq, o cümlədən humanizm prinsiplərinə əsaslanaraq 16 mart 2019 – cu il tarixində imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamı cəmiyyətdə böyük sevinclə qarşılandı. Sərəncam ümumilikdə 431 nəfərə şamil olundu. Bir sıra xarici ölkə vətəndaşları məhkumluqdan azad olundu, eyni zamanda ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş beş nəfərin cəzası yüngülləşdirildi. Bu isə bayram ərəfəsində məhkum edilmiş şəxslərin əfv olunması, onların ailələrinə qovuşması yüksək humanizmin, ölkə vətəndaşlarına ali diqqətin bariz nümunəsidir. Çünki Azərbaycan dövləti hər zaman öz vətəndaşının maraqlarını qoruyub, onlara yenidən şans verib.

Ölkə baçşısının son əfv Sərəncamı respublikamızın humanizm prinsipləri əsasında inkişaf yolu seçdiyini bir daha nümayiş etdirdi. Hər zaman penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və alternativ cəza üsullarının tərəfdarı olan İlham Əliyev bir daha göstərdi ki, həyata keçirdiyi siyasətə bütün hallarda sadiqdir. Bu Sərəncamla əfv olunanlar isə dövlətin onlara etimadını doğrultmalı, azadlığın qədrini qiymətləndirməli, layiqli vətəndaş kimi cəmiyyət həyatına öz töhfələrini verməlidirlər.MediaZona.Az