Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar idman yarışı keçirildi

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı və S-1 peşəkar döyüş liqasının birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar idman yarışı keçirildi. Pirallahı rayon İdman Kompleksində baş tutan turnirə Bakı və Sumqayıt şəhərlərini təmsil edən 90 nəfər  aşağı və orta çəki dərəcələrində idmançı qatılmışdı. Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri və S-1 peşəkar döyüş liqasının prezidenti Hikmət Şikarov Xocalı faciəsi qurbanlarının xatirəsini 1 dəqiqəlik sükutla yad etməyi təklif etdi.

Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu. Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirirlər. Azərbaycan xalqı 1948-ci il 9 dekabr “Soyqırım cinayətinin xəbərdarlıq edilməsi və cəzalandırılması” konvensiyasını rəhbər tutaraq, Ermənistan Respublikasına qarşı BMT-nin Beynəlxalq məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir. Dünya bilməlidir ki, bu cinayət, təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün sivilizasiyalı dünyaya, bəşəriyyətə qarşı yönəldilmişdir. Azərbaycan xalqı və dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 yanvar2019-cu il tarixli Sərəncamı ilə  Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün qeyd olunması  haqqında tədbirlərin keçirilməsi bunun bariz nümunəsidir”. Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri, S-1peşəkar döyüş liqasının prezidenti Hikmət Şikarov çıxışının sonunda Azərbaycanda idmanın inkişafının dövlətimizin inkişaf strategiyasının əsas istiqamətlərirdən biri olduğunu qeyd edərək  turnir iştirakçılarına uğurlar  arzuladı.

Gənc məşqçılər Zaur Əsgərov,Muxtar Allahyarov, Elnur Cəfərov və Emin Əsgərovun rəhbərlik etdikləri “Əli fayt”, “Hüseyn” , “Uraqan” və “Zağulba” idman klublarının aşağı və orta yaş qruplarında döyüşən idmançılarının çıxışları Pirallahı idmansevərləri tərəfindən böyük coşqu ilə qarşılandı. Turnirin sonunda qaliblərə medal və diplomlar verilməklə yanaşı turnirin təşkilində əməyi olanlar S-1 peşəkar döyüş liqası prezidentinin Sərəncamı ilə Fəxri Fərmanla təltif olundular. Təltifetmə mərasimində S-1 peşəkar döyüş liqasının prezidenti Hikmət Şikarov, birinci vitse-prezident İsmayıl Əliyev, vitse prezident, əməkdar idman ustası  Mərdan Vəliyev,  S-1 döyüş liqasının direktor müavini Fizuli Vəliyev və baş katibi Məhəmməd Babayev iştirak etdilər.MediaZona.Az