Onun “Xalq yazıçısı” adını daşıması əyyaşın hacı titulu daşıması kimi bir şeydir
Rüstəm İbrahimbəyov “Qafqaz triosu” filmi ilə öz soydaşlarına qarşı “vəhşi azərbaycanlı” ittihamını irəli sürərək öz ampluasında qaldığını bir daha təsdiq elədi. Ötən əsrin əvvəllərində babaları Şamaxıda və Bakıda erməni qırğınlarının şahidi olan “yazıçı” təəssüf ki, Xocalıda baş verənlərə, Qarabağ həqiqətlərinə yenə də biganə qaldı. Bu, o Rüstəm İbrahimbəyovdur ki, bütöv bir cəmiyyət Əkrəm Əylislinin alçaldıcı “Daş yuxular” romanına qarşı etiraz edəndə “əqidədaşı”nın müdafiəsinə qalxmışdı. “Əlvida, cənub şəhəri”nin, “Qafqaz triosu”nun ideyası ilə Əkrəm Əylislinin “Daş yuxuları”ı arasında elə də ciddi fərq yoxdur. Hər iki “mütəfəkkir” azərbaycanlıları eyni dərəcədə alçaltmağa çalışıblar. Hələ bu azmış kimi ermənilərin düşmən olmadığını deyən Rüstəm İbrahimbəyov “Milli Şura” sədri olanda Rusiya mətbuatına Qarabağın münaqişəli ərazi olduğunu demişdi. Belə bir adamı isə özünü ana müxalifət adlandıranlar prezident görmək istəyirdi. Artıq R.İbrahimbəyov etdiyi xəyanətlə Azərbaycan adına aldığı titulların üzərindən xətt çəkmiş oldu və artıq ictimaiyyət ondan bu titulların geri alınmasını tələb edir.
Mövzu ilə bağlı “Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev “Qafqaz üçlüyü” filminə baxdığını, eyni zamanda baxmayanlara da məsləhət görmədiyini qeyd etdi: “Çünki boş vaxt itkisidir. Renegatlığı, manqurtluğu və satqınlığı heç kimə sirr olmayan, azərbaycanlılara həmişə yuxarıdan aşağı baxan tərbiyəsiz və soysuzun biri, soyadındakı “bəy” sözü sizi aldatmasın, burada da öz ampluasındadır. Yox, bəzi dostlar yanılır, o, Əkrəm Əylislidən fərqli olaraq bu filmin ssenarisini Nobel almaq eşqiylə yazmayıb. Burada haylara yalanmaq da ikinci plandadır. Siz bütövlükdə filimdəki atmosferə, eləcə də bəzi səhnələrə, məsələn, neft anlaşmasıyla bağlı hissəyə diqqət yetirsəniz görəcəksiniz ki, bu zatıqırıq yenə də xidmətində durduğu çevrələrin marağına uyğun nökərlik etməyə çalışıb. Necə ki Milli Şuraya sədrliyinin və Azərbaycana “rəhbərlik” cəhdinin arxasında da bu dayanırdı.
Milli Şuradan söz düşmüşkən, o dərnəyin rəhbərliyindəkilərin nədən keçmiş liderlərinin bu yaramazlığına reaksiya vermədiklərinə təəccüblənənlərə bildirmək istəyirəm ki, mənim üçün həmişə Rüstəm İbrahimbəyov Milli Şura, Milli Şura isə Rüstəm İbrahimbəyov anlamı daşıyıb. Bu zatın oradakılardan fərqi sadəcə, onlardan bir balaca istedadlı olmasındadır. O üzdən də aralarından durub deyən yoxdur ki, kül başımıza, gör kimi özümüzə sədr seçimişik”.
Deputat əlavə etdi ki, bu məsələdə R.İbrahimbəyova ən böyük cəza elə ictimai qınaqdır: “Biz də bunu görürük. Ümumiyyətlə, mən elə gəlir ki, bu cür adamların hərəkətlərinə artıq təəccüblənməyə dəyməz. Bu adam əvvəl nə idisə, indi də elədir. Bilirsiniz, elə adamlar var ki, onların vətəni də, mənliyi də, dövləti də, xalqı da, vicdanı da mədəsindədir. Rüstəm İbrahimbəyov da həmin adamlardandır. Bu, sadəcə elə adamların istedadlı tiplərindəndir”.
S.Alıyev vurğuladı ki, titullar adamı bəzəmir. Onun sözlərinə görə, adam öz mənliyi, şəxsiyyəti, mövqeyi və xidməti ilə kimliyini ortaya qoyur: “Bu baxımdan, Rüstəm İbrahimbəyov deyiləndə hər bir azərbaycanlının gözünün önündə hansısa bir orden və ya ad daşıyıcısı canlanmır. Onun gözünün önünə satqın, imperiya nökəri, vicdansız və öz kökünə bağlılığını birdəfəlik unutmuş, nəinki unutmuş, hətta daşıdığı soya nifrət edən birisi gəlir. Əslində Rüstəm İbrahimbəyov öz hərəkətləri ilə çoxdan adını və ordenlərinin, titullarının üzərindən xətt çəkib. Hazırda Rüstəm İbrahimbəyovun “Xalq yazıçısı” adını daşıması əyyaşın hacı titulu daşıması kimi bir şeydir”.
Millət vəkili Elman Məmmədov bildirdi ki, R.İbrahimbəyov haqqında danışanda “insan” sözünü işlətmək düzgün deyil: “O insanlıqdan kənar bir ünsürdür. Elədiyi qələtlər o dərəcədədir ki, onu Azərbaycan xalqı tarixin heç bir dövründə bağışlaya bilməz. Çünki məxsus olduğun milləti bu dərəcədə aşağılayərsansa, təhqir edirsənsə, deməli, ancaq kağız üzərində bu millətin nümayəndəsi hesab olunursan. Əslində sən canınla, qanınla, kimliyinlə bu millətə düşmənsən. Rüstəm İbrahimbəyovun bu millətə aidiyyatı yoxdur”.
E.Məmmədov qeyd etdi ki, R.İbrahimbəyov Azərbaycandan nələr əldə edibsə, hamısından məhrum olunmalıdır: “Azərbaycanla bağlı nə qədər titulları, təltifləri varsa, ondan məhrum edilməlidir. Mən çağırış da etmək istəyirəm. Bizim Rusiyada yaşayan soydaşlarımız, təşkilatlarımıza, səfirlik və konsulluqlarımız bunu tələb rtməlidirlər. Rüstəm İbrahimbəyovu orada yerində oturtmalıdırlar. Bu gün Azərbaycandan kənarda, elə Rusiyanın özündə yüz minlərlə soydaşımız yaşayır. Rüstəm İbrahimbəyov əgər azərbaycanlılarımızı alçaldırsa, bu, orada yaşayan insanlara da təhqirdir. Buna hamı cavab verməlidir. Son olaraq onu qeyd edim ki, əgər bizim dövlətimiz, millətimiz təhqir olunursa, hüquq müstəvisində buna qiymət verilməlidir. Bu nankor, namərd, xəyanətkar bizə Zori Balayan, Silva Kaputikyan, Sarkisyan, Koçaryan kimilərindən çox zərbə vurub. Rüstəm İbrahimbəyov yerinə oturdurmalıdır və cəzasını almalıdır”.
Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa bildirdi ki, bu məsələdə ictimai qınaq kifayət edir: “Digər tərəfdən, bu film sənət baxımından da çox keyfiyyətli bir əsər deyil. Başqa bir tərəfdən isə burada bir az siyasi sifariş elementləri güclüdür. Yəni, təkcə müəllifin özünün kini, azərbaycanlılara nifrəti ilə bağlı məsələ deyil. Burada bir erməni ilə müqayisə zəminində azərbaycanlının aşağılanması yanlışdır. Ola bilər ki, azərbaycanlı ilə bağlı bir komediya filmi çəkilə bilər. Hətta fərqli bir tanıtım da ola bilər, hansısa personaj gülüş hədəfinə çevrilə bilər. Ədəbiyyatda azərbaycanlının aşağılanması deyə, bir qayda yoxdur. Bu motivdə bir şeylər çəkilə və yazıla bilər. Amma söhbət başqa bir məqamdan gedir. Məhz bunu erməni ilə müqayisə kontekstində götürmək və erməninin humanist obrazını yaratmaq dolayı yolla onların azərbaycanlılardan daha fərqli dəyərlərə sahib olduğu məqsədini güdür. Bu isə yolverilməzdir və həqiqətən də utandırıcı bir məsələdir”.
F.Mustafa əlavə etdi ki, tanınmış bir yazarın hansısa motivlə belə bir addım atması yanlışdır: “Başa düşürük ki, Rusiya kəşfiyyat orqanlarının maraqlarını uyğun addım atmağı düşünüb və buna məcburdur. Amma bu o demək deyil ki, müharibə şəraitində bir-birinə düşmən vəziyyətində olan ölkələrin müqayisəsində üstünlüyü ermənilərə verəsən. Bu, yolverilməzdir”.
BƏXTİYAR
Oxunub:
1. 173