“Yaxşı ki mən jurnalistikadan vaxtında getdim…” MÜSAHİBƏ

Onu xüsusi tanıtmağa, titullarını saymağa ehtiyac yoxdu. Sadəcə Qənirə Paşayeva desək, kifayətdi. Təkcə, Azərbaycanda yox, bütün türk dünyasında tanınan Qənirə Paşayeva. Sevənləri çox olduğu kimi, istəməyənləri də (biz bu sözü cəsarətlə yazırıq, çünki bütün istedadlı, bacarıqlı, fədakar adamları sevməyənlər olduğu kimi onun da bədxahları var – müəll) kifayət qədərdir. Çünki Vətənini, Millətini, Dövlətini canı qədər sevir. Vətən fədaisi, millət fədaisi, dövlət fədaisi, bir sözlə “kamikadze” Qənirə Paşayeva qonağımızdı.

-Qənirə xanım, ilk sualım belədir:  Valideynlərinizin istədiyi sənəti oxuyub, başqa sahədə fəaliyyət göstərən insanlardansınız. Həkimlik oxudunuz,  amma jurnalistikaya  gəldiniz. Bu işin çətinliyini görəndən sonra  peşman olmadınız ki?

– Xeyr, peşman olmamışam. Birincisi, mən orta məktəbdə oxuyanda divar qəzetinin baş redaktoru idim. O zaman qayda belə idi ki, məktəbin ən yaxşı şagirdi təhsil müəssisəsində hər hansı bir vəzifəni tuturdu. Pioner baş dəstə rəhbərləri olardı, komsomol katibi, sinif nümayəndəsi olardı. Mən məktəbi bitirənədək şəklim Şərəf lövhəsində həmişə birinci olub. İctimai işlərdə fəal olmuşam. Lakin vəzifə tutmaqdan hər zaman imtina edir, istəmirdim.Sadəcə divar qəzetinin işini istəyirdim.  Jurnalistika mənim üçün çox maraqlı idi. Gözəl divar qəzeti çıxardırdıq. Çox məsuliyyətlə, zamanında. Həm də önəmli mövzulara toxunurduq  və mənim üçün ən gözəl vəzifə qəzetin aşağısında  “baş redaktor Qənirə Paşayeva”  yazılması idi. Sənədlərimi Tibb Universitetinə hazırlayanda ədəbiyyat müəllimim çox pis olmuşdu. Hətta zarafatla deyirdi ki, get gizlincə sənədlərini jurnalistikaya ver. Mən də deyirdim ki, yox,  anama söz vermişəm. Amma o zaman anam özü bir sıra insanları misal çəkirdi, deyirdi ki, bax, o da Tibb Universitetini oxuyub,amma yazır və ya jurnalist fəaliyyətilə məşğul olur.Sən də tibbi oxuyaraq jurnalistika ilə məşğul ola bilərsən. Bu mənim üçün çox önəmli bir nöqtə idi və indi mənim Tibb Universitetindəki qrup yoldaşlarım deyir ki, (gələcək planlarımı onlara da söyləmişdim- Q. P.)  o vaxtlar sən deyəndə biz qəribə baxırdıq. Necə yəni Tibb Universitetində oxuyursan, onda niyə jurnalist olacaqsan?Təbii ki, mən onlara bunun səbəbini anladırdım ki, deyirdim nənəmin, anamın istəyidi ki, mən həkim olum. Evdəkiləri də yaxşı başa düşürdüm, axı o vaxt media bu səviyyədə deyildi. Jurnalistikanın imkanları sonradan açıldı. Elə Tibb Universitetində oxumağa başladığım illərdə jurnalistikaya gəldim. Amma valideynlərimə deməmişdim. Sadəcə yoxlamaq istəyirdim ki, bu iş məndə alınır, ya yox. İlk süjetim gedəcəkdi televiziyada, atam işə gedəndə dedim ki: “Bir az olar gec gedəsən, indi mənim süjetim göstəriləcək”. Açığı sanki atam buna psixoloji hazır idi.Heç soruşmadı ki, sən niyə bu addımı atmısan, çünki onlar uşaqlıqdan mənim içimdə olan istəkləri bilirdilər.Yadımdadı, atam qayıtdı, mənim ilk süjetimə baxdı və xeyr-dua verdi ki, get işləyə bilərsən. Sonra anama dedik. Bunu çox faciə ilə qarşılamadı, amma bir şərti oldu ki, Tibb Universitetini atmayacam. Anam qorxurdu  bundan, çünki Tibb Universitetində oxumaq çox ağır idi. Mən o çətinlikəri yaşadım, həm işləyirdim, həm oxuyurdum, digər tərəfdən valideynlərim yanımda deyildi. Həm paltarlarımı yuyurdum,yeməyi bişirirdim, hər bir şeyi özüm edirdim. Mən çox tez- 16 yaşımda Tibb Universitetinin pediatriya fakültəsinə daxil olmuşdum, ona görə də anam bu çətinlikləri görüb Universiteti atacağımı düşünürdü. Düzünü desəm, müəyyən dövrdə, işim çox ağır olanda bu fikir beynimdən keçirdi, amma edə bilməzdim. Bizdə ailədə söz verildisə, bitdi. İllər sonra düşünürdüm ki, nə yaxşı ki, fikrimdən dönmədim, çünki tibbdə oxumaq mənə çox böyük biliklər verdi. Həm jurnalist fəaliyyətimdə, indi isə millət vəkili kimi işlərimdə çox önəmli yer tutur. Tibb Universitetini bitirən kimi Bakı Dövlət Universitetinin Beynəlxalq Əlaqələr, Beynəlxalq Hüquq fakültələrini oxudum,oranı bitirdikdən sonra Dövlət İdarəçilik Akademiyasında oxudum, sonra müdafiə elədim ( siyasi elmlər üzrə fəlsəfə doktoru-red). Məncə  oxumaq heç zaman gec deyil. Ona görə də yaxşı ki, Tibb Universitetini oxudum deyirəm. İndi bunu xüsusi deyirəm. Milli Məclisin Səhiyyə komitəsində çalışıram, səhiyyəni bildiyim üçün qanunvericilik məsələlərində aktiv iştirak etməyə çalışıram, fikirlərlə və yaxud təkliflərlə.Tibb sahəsində yenilik olduqda dərhal oxuyuram,sonra buna dair cəmiyyətə çağırış olan yazılar yazıram. Qeyd edim ki, bu yazılarımı kitab şəklində çap elədim. “Sağlamlığın öz əlində” adında.

-İndi  gördüyünüz işləri sadaladıqca insana elə gəlir ki, siz yatmırsız…

 – Bəli, çox az…Mən çox az yatıram.Bu illərin vərdişidi, amma, başqasının birdən- birə bu vərdişə keçməsi çətin olar. İllərlə, yavaş-yavaş bunu vərdiş halına çevirmək lazımdı. Təbii ki, sağlamlığa da təsiri olur, asan deyil, gərginlik, bəzən yuxusuzluq, bəzən aşırı yuxusuzluq. Amma mən ümumiyyətlə uşaqların çox yatmağını məsləhət görmürəm.Normada yatın.Mən şəxsən 7-8 saatı çox hesab edirəm. 6 saat, amma bunu özünüzü yavaş-yavaş alışdıraraq etmək lazımdı.İnsan gənclik illərində yuxuya çox yol verərsə,həyatda bir çox şeyləri qaçıra bilər.

-Qadın Qənirə, yoxsa millət vəkili Qənirə? Bunlardan hansı həyatınızda mühüm rol oynayır?

– Onlar bir-birindən ayrılmır.Ayrıla da bilməz. Bir dəfə sual verdilər ki, millət vəkili Qənirə Paşayeva evdə necədir,dedim evimizin kandarından o tərəfə millət vəkili Qənirə Paşayeva yoxdur. Tehran Nağıyevanın qızı Qənirə var. Bir ananın qızı, qardaşların bacısı, bacısının bacısı. Mən evimin qadınıyam, xanımıyam,Millət vəkili mənim işim,mənim səlahiyyətimdir, təbii ki, bunları üz -üzə qoymaq doğru deyil.Biz millət vəkili olaraq qadın funksiyalarımızın da üzərimizə düşdüyünün fərqindəyik. Mən həmişə fərqində olmuşam. Bir az öncə söylədim ki, anam-atam yanımda olmayıb. Qardaşımla bir evdə qalırdıq və evin idarə edilməsi həmişə mənim üzərimə düşüb. Sonra atamgillə bərabər yaşamışıq, nənəm xəstə olduğu üçün anamla bərabər ailənin yükünü qadın olaraq mən də çəkmişəm.Amma bunun üçün insan yetişdirilməlidir. Məsələn, 20 yaşında bir qız deyir ki, yemək bişirə bilmirəm. Mən bu şeyləri qəbul etmirəm. Bizim kişilərlə haqqlarımız bərabərdi,amma biz dünyaya qadın gəlirik. Bizim işimiz çoxdu, hər gün yetişdirə bilmirik, amma istədiyimiz anda evdə anamıza, ailə üzvlərimizə yemək bişirməyi bacarmalıyıq. Axı həyatı bilmək olmaz.İnsan hər zaman zəngin olmur, hər zaman yanında həyat yoldaşı olmaya bilər, uşaqları ilə tək qala bilər, maddi imkanı zəif ola bilər və bu hamımızın başına gələ bilər. Bir qadın, bir ana bu işləri bacarmalıdı.Mən bu məsələdə şanslıyam ki, biz belə yetişdirilmişik. Atam da işləyirdi, anam da.Həyət-baca işlərini anam heç yüzdə iyirmisini görməyib.Hamısını biz eləmişik. Düşünürdük ki, anamız işləyir ona kömək etmək lazımdı. Uşaqlıqdan mətbəxə öyrənmişik. Mətbəx işini sevə-sevə edirəm, amma desəm ki, hər gün yemək bişirirəm, yox, hər gün bişirmirəm. Bizdə çox böyük ailə sayı da yoxdur. Mən də ancaq işlərimi bitirdikdən sonra evə gedirəm.Amma zaman olunca gözəl bir süfrə hazırlamaq mənim əlimdə 15-20 dəqiqəlik işdi.

-İndi bütün dünyada, son vaxtlar da Azərbaycanda sosial şəbəkələrin bağlanmasını təklif edirlər.Necə fikirşləşirsiz, bütün dünyanın bir ovuca sığdığı zamanda buna ehtiyac varmı?

– Mən bu təklifləri dəstəkləmirəm. Biz sosial şəbəkəni necə bağlaya bilərik? Bunun nəsə effekt verəcəyini düşünməyən insanlardanam. Sadəcə edəcəyimiz bir şey var,mən bir beynəlxalq konfransa getmişdim, adı təxminən belə idi: “Gənclik və Media Sosial şəbəkələr”.Biz məktəblərimizdən,universitetlərimizdən başlayaraq “gənclər və sosial şəbəkələr” istiqaməti altında seminarlar təşkil etməliyik.Mətbuat və media vasitəsilə bu yöndə ciddi maarifləndirmə aparmalıyıq. Böyüyən uşaqlarımız,gənclərimiz psixoloji asılılığa düşürlər, zamanlarının necə keçdiyinin fərqində olmurlar. Sosial medianın yaxşı tərəfləri də var.Siz tez informasiya oxuya bilərsiniz,uşaqlara da məhz bu yaxşı tərəfi öyrətmək lazımdı. Bundan əlavə ölkəmizin təbliği istiqamətində, Qarabağ həqiqətlərinin təbliğı istiqamətində. Tutaq ki, bizdə bağlandı, axı başqalarında bağlanmır.Onlar Azərbaycan əleyhinə kampaniyalar aparacaqlar. Düzdümü? Onlara cavab vermək üçün, bu platformadan daha səmərəli istifadə edə bilməmiz üçün uşaqlarımıza öyrətməyimiz lazımdı. Öyrədəcəyimiz şey bunlar: 1.Sən günün 24 saatını sosial şəbəkəyə nə qədər vaxt ayıra bilərsən. 2.Daha çox nədə istifadə edə bilərsən ki, o sənin inkişafında xidmət göstərsin 3.Bizim virtual ordumuz olmalıdı.Azərbaycanın virtual məkanda mübarizəsini aparsın, müdafiəsini aparsın. Gənclərə məhz bunları aşılamaq lazımdı.Uşaqlara qadağa qoymaqla bir şey əldə olunacağına inanmıram. Hər məsələdə qadağalar hər şeyi həll etmir, tam əksinə maarifləndirmə daha lazımlıdır.Mən bunu təklif də etmişəm. Dillər Universiteti, Slavyan Universiteti, Turizm Universiteti və İdman Akademiyasının rəhbərləri gənclərlə görüş, konfrans təşkil etmişdilər. İndi sadaladığım fikirləri orada da gənclərin nəzərinə çatdırmışam. Digər məsələ isə Azərbaycanın maraqlarıdır. Biz ölkəmizlə bağlı məsələlərdə, Azərbaycan adı gələndə  diqqətli olmalıyıq ki,dostla bərabər düşmən də bunu görür.Bundan başqa gənclərimizə tənqid və təhqirin nə olduğunu izah etməliyik.Maarifləndirmə olmasa cəmiyyətimiz nə hala gələr? Düzdü, bəzi başqa məqsəd daşıyan qruplar var, istər xaricdə, istər burada. Onlar təhqirləri məqsədli edirlər. İkinci qrup heç bir məqsəd daşımayan, tənqid etmək istəyib təhqir yazanlardı.Bu halların yaşanması gənclərimizin kitab oxumamasından da qaynaqlanır…

-Gənclərimiz kitab az oxuyur deyirsiz, bəlkə bu satışda olan kitabların qiymətlərinin yüksək olmasından qaynaqlanır?

– İcazə verin opponentlik edim.Kitabların əksəriyyəti elektron variantda var. Sosial şəbəkələrdə boş vaxt keçirincə elə o kitabı oxuya bilərik. Lazımsız, faydasız keçirilən o zamandansa elə orda kitab oxumaq olar. Bu ki, pulsuzdu. Kitabxanaları hər gün dolu görsəydim,  arqumentinizi qəbul edərdim. Bu gün Axundov kitabxanası elekton şəkildə də fəaliyyət göstərir. Bu qədər zəngin xəzinə var, kitabxanalar var, niyə istifadə etmirik? Axı bunun üçün pul istəmirlər. Ola bilər bir faiz intellektual toplum var, onlar istədiklərini tapa bilmir kitabxanalardan.Sizin dediyiniz qrup var,amma onların sayı çox deyil. Məsələn, alış-veriş mərkəzlərinə gedirik və orada ucuz şeylər olmur. Brend mağazalarda gördüyümüz adamlar qədər, kitab mağazasında insan görmürük. Kasıbın deyək ki, imkanı yetmir kitab almağa,axı biz  bir paltara 1000 manat verən varlı təbəqəni də kitab mağazasında görmürük. Mənim atamın çox zəngin kitabxanası var idi. Mən o mənzərə üçün darıxıram. Adamlar gəlirdi bizə deyirdi filan kitab lazımdı. Deyirdik ki,o kitabı filankəs aparıb,o filankəsdən sonra başqası istəyib.O bitirəndə sənə verəcəyik. Dövlətin dəstəyilə gənclərimizə kitab oxumaq vərdişini aşılamalıyıq.Hamımız oturub bunun çıxış yolunu axtarmalıq.Məsələn, mən bu təklifi irəli sürdüm, daha sonra Mədəniyyət və Turizm Nazirliyi Axundov adına Kitabxana ilə birgə bunu elədi. Axundov Kitabxanasının yanındakı bağda açıq kitabxana təşkil elədilər. O vaxtı məsələ qaldırmışdım ki, əgər vətəndaşlar kitabxanaya getmirsə, kitabı vətəndaşın ayağına aparaq. Dedim ki, gəlin parklarımızda dəmirdən hazırlanmış xüsusi kitab rəfləri qoyaq. Bu layihədə hətta vətəndaşdan da dəstək istəyirik “Mən oxudum,sən də oxu”adını qoyaq. İnsanlar öz kitablarını verib kömək etsə, böyük nailiyyət əldə edə bilərik. Bəhanə etmək asandı,  bu yöndə çalışmalıyıq. Mən bu layihəni “BakuBus” rəhbərliyinə də danışmışam ki,  avtobusların içində balaca bir yer ayırıb kitab qoyulsun. İnsanlar yol gedə-gedə ən azı jurnaldı, kitabdı, vərəqləyib baxsınlar.Bundan başqa kitab satış nöqtələrini artırmaq lazımdır. Məsələn, bölgələrimizdə kitab dükanları yoxdu.Təbii ki, bu ərzaq dükanı kimi pul gətirməyəcək, bu özü-özünü idarə eləsə belə böyük bir uğurdu.Bizim bu yöndə fədakar iş adamlarımızın artmasına ehtiyac var. Deyək ki, pul qazanır başqa yerdən, amma burdan qazanmasın. Onun qazancı cəmiyyətin savadlanması  olsun. Rayonlarımızda yazarlar, şairlər, bu sahənin insanları ilə görüşlər keçirilməli  və bu görüşlər çox olmalıdır. Mən  rayonda oxuyanda, yazarların,şairlərin çoxunu görmüşdüm.Bunun özü də kitab oxumağa təşviq edir. Heç nə eləməsək, oturub giley etsək ki, gənclər oxumur neyləyək, bu çıxış yolu deyil.

Ardı var

Aysel Oğuz