Heydər Əliyev fenomeni – FOTOKOMPOZİSİYA
Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə eyni vaxta təsadüf edir. Bu iki zaman ölçüsü arasında paralellər aparsaq nəyi görə bilərik? Heydər Əliyev Cümhuriyyətin süqutundan cəmi üç il sonra, 1923-cü il mayın 10-da Azərbaycanın ucqarlarından olan Naxçıvanda dünyaya gəlmişdi. Onda kimin ağlına gələrdi ki, sadə kəndli ailəsinin övladı 70 il sonra Cümhuriyyətin varisi olan müstəqil Azərbaycanı qurub yaradacaq, xalqın milli dövlətçiliklə bağlı bütün arzularını öz dəmir iradəsi və dərin zəkası ilə reallığa çevirəcək. Ötən 100 ilin bütöv bir qərinəsi – 1969-cu ildən 2003-cü ilədək olan dövrü bu böyük şəxsiyyətin adı ilə sıx bağlıdır. Təkcə həmin dövrmü? Yox, bu tarix hələ bitməyib: Ulu Öndər yenə də mənən xalqı ilə birlikdədir, onun parlaq ideyaları gələcəyin yollarını işıqlandırır.
Bu əsl fenomendir: Heydər Əliyev zəkası məkan və zaman çərçivələrinə sığmayıb. Naxçıvanın bir kəndindən başlayan yol əvvəlcə Azərbaycanın, daha sonra keçmiş SSRİ-nin siyasət olimpinə qədər uzanıb, nəhayət, dünya arenasına çıxıb. Heydər Əliyev idrakı zəmanəsindən çox-çox qabağı görür, xalqı tam fərqli həyata – müstəqilliyə hazırlayırdı.
Heydər Əliyev planetar səviyyəli şəxsiyyət idi, çox yerdə Azərbaycanı ona görə tanıyırdılar. Dünyanın görkəmli insanları, məşhur siyasətçiləri və dövlət xadimləri onu Azərbaycanın şəksiz lideri, siyasət aləminin patriarxı adlandırırdılar.
Azərbaycan xalqı üçün isə Heydər Əliyev yol göstərən, xilaskar, qurucu, islahatçı – bir sözlə, millət atası idi.
Ulu Öndərin Vətəni və xalqı qarşısında misilsiz xidmətləri barədə cild-cild kitablar yazılıb və bundan sonra da yazılacaq. Onun tükənməz milli sərvət olan zəngin irsi təkrar-təkrar tədqiq olunub və olunacaq. Bizim məqsədimiz isə diqqəti Heydər Əliyevin keçdiyi təkrarolunmaz həyat yolunun təsirli epizodlarını, tarixi anlarını özündə yaşadan fotoşəkillərə yönəltməkdir.
AZƏRTAC-ın Ulu Öndərin doğum və xatirə günlərində hazırladığı fotokompozisiyalar böyük maraqla qarşılanır. Odur ki, bu silsilədən növbəti fotokompozisiyanı təqdim edirik. Bu fotolardan hamımız üçün doğma və əziz olan insanın nurlu, bəzən gülümsər, bəzən qayğılı siması boylanır. Baxın, Heydər Əliyev ailə üzvləri arasında, pambıq və üzüm sahələrində, çay plantasiyalarında, fabrik və zavodlarda, müxtəlif tədbirlərdə, başlıca isə insanların yanındadır…
Ailə ocağının hərarəti
Hər bir insanın yolu doğulduğu ailədən başlayır, o, bu ocağın istisinə qızınır. Sonra özü ailə sahibi olur. Kiçik dövlət adlandırılan, öz qanunları olan ailənin, valideyn tərbiyəsi və nümunəsinin insanın şəxsiyyətinin formalaşmasında müstəsna rolu var.Əliyevlər ailəsi ilk baxışda bəlkə də adi azərbaycanlı ailəsindən fərqlənmirdi. Lakin Heydər Əliyevin və Zərifə xanımın saf məhəbbəti üzərində qurulmuş bu ailə ocağının özəllikləri də az deyil. Yəni, söhbət, ilk növbədə, respublika rəhbərinin, dövlət başçısının ailəsindən gedir, buna rəğmən dəbdəbədən uzaq, sadə həyat tərzi sürən bir ailədən.
Heydər Əliyev gənc yaşından yüksək vəzifələr tutub, çiyinlərində bütün ölkənin yükünü daşıyıb. Onun bir vaxt Mərkəzi Komitədəki, sonrada Prezident Aparatındakı iş otağının işığı bəzən gecə yarısınadək sönmürdü. Buna baxmayaraq, ailəsinə də vaxt ayırırdı. AZƏRTAC-ın arxivindəki nadir fotolardan birində biz onu ömür-gün yoldaşı Zərifə xanımla birlikdə kənd evinin həyətində, digərində övladları İlham və Sevilin, nəvələri Leylanın, Arzunun və Heydərin, gəlini Mehriban xanımın əhatəsində görürük. Bu fotoların hər biri Heydər Əliyevin qayğıkeş həyat yoldaşı və ata, mehriban baba olduğuna şahidlik edir.
Bu dahi şəxsiyyətin xalqı qarşısında daha bir xidməti İlham Əliyev kimi oğul yetişdirməsidir. Fotoların birində ata və oğul yanaşı dayanıb, sanki uzaqlara baxır, gələcəyi, illər arxasından bugünkü modern, dinamik inkişafda olan Azərbaycanı görürlər. Ulu Öndərin layiqli varisi, xalqımızın yeni əsrdəki yeni lideri Prezident İlham Əliyev Azərbaycana bacarıqla rəhbərlik edir, ölkəmizi inamla gələcəyə aparır…
Azərbaycanın simasını dəyişən 13 il
Fotokompozisiyanın bu bölümündəki fotolar təxminən 40-50 il əvvələ aiddir. Heydər Əliyev respublikaya rəhbər təyin olunana qədər Azərbaycana keçmiş SSRİ-nin geridə qalmış ucqarlarından biri kimi baxırdılar. Bu xoşagəlməz tendensiya Azərbaycan KP MK-nın 1969-cu il iyul plenumuna qədər – Heydər Əliyev birinci katib seçilənədək davam etdi. Həmin vaxtdan həyatın ritmi dəyişdi, respublikada görünməmiş canlanma və yüksəliş, quruculuq dövrü başlandı: Bakıda o dövr üçün nadir müəssisələr – məişət kondisionerləri, dərin dəniz özülləri zavodları və digər sənaye müəssisələri tikildi, paytaxtımıza bu gün də yaraşıq verən “Gülüstan” sarayı, indiki Heydər Əliyev Sarayı kimi memarlıq nümunələri ucaldıldı, Yeni Əhmədli, Günəşli kimi nəhəng yaşayış massivləri, mikrorayonlar salındı. Bununla paralel olaraq, kənd təsərrüfatı məhsulları, xüsusən pambıq, üzüm və tərəvəz istehsalında böyük dönüş yarandı. Nəticədə əhalinin qazancı artdı, kəndlilərin bir çoxu kərpic daxmaları söküb yerində daş evlər tikə bildi.
Bu intibah həyatın bütün sahələrini əhatə edir, milli şüurun oyanmasına güclü təkan verirdi. Heydər Əliyev istedadlı gəncləri keçmiş SSRİ-nin qabaqcıl məktəblərinə təhsil almağa göndərdi, böyük çətinliklə də olsa, Moskvanı Azərbaycanda hərbi məktəb açılmasına razı sala bildi. Həmin dövrdə çoxsaylı mədəniyyət xadimləri yetişdi, milli ruhlu əsərlər yarandı. Sonralar məlum oldu ki, Ulu Öndər xalqını və ölkəsini çox böyük uzaqgörənliklə müstəqillik dövrünə hazırlayırdı. Doğrudan da, Azərbaycan dövlət müstəqilliyini bərpa edərkən məhz bu intellekt potensialı və hərbi kadr bazası köməyə çatdı.
Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi birinci dövr – 1969-1982-ci illər haqlı olaraq intibah dövrü kimi səciyyələndirilir. Bu 13 ili Azərbaycanın simasını kökündən dəyişən illər də adlandırmaq olar.
Həmin uzaq illərdə Heydər Əliyev bu gün də davam edən ənənənin əsasını qoydu. O, bölgələrə müntəzəm səfərlər edir, insanlarla görüşür, onların problem və qayğıları ilə şəxsən maraqlanırdı. Onun alimlər, yazıçılar, mədəniyyət xadimləri ilə ənənə halını almış görüşləri bu gün də xoş duyğularla anılır.
Bu ağ-qara fotolar özündə həmin anları yaşadır, bizi xəyalən o illərə qaytarır.
Böyük siyasət aləmində parlayan ulduz
1982-ci il. Siyasət aləmində ulduz kimi parlayan Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilir və çox keçmədən SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilir. Yaşlı nəsil bu xəbərlərin Azərbaycanda necə böyük sevinc doğurduğunu hələ də unutmayıb. Azərbaycan oğlunun SSRİ kimi nəhəng dövlətin hakimiyyət iyerarxiyasında yüksək mövqe tutması qürurverici hadisə idi. Digər tərəfdən, Heydər Əliyevin siyasi elitanın zirvəsinə yüksəlməsi Azərbaycanın xeyrinə işləyə bilərdi və belə də oldu. O, mərkəzi hökumətdə tutduğu vəzifənin açdığı imkanlardan istifadə edərək, İttifaq büdcəsindən Azərbaycana daha çox vəsait ayrılmasına, bir sıra böyük layihələrin Bakıya yönəldilməsinə nail oldu.
Həmin illərdə gördüyü işlər, fitri təşkilatçılıq bacarığı onun şöhrətini getdikcə artırır, sorağı SSRİ hüdudlarını aşırdı. Obyektiv siyasətçilər hesab edirdilər ki, Heydər Əliyev Baş katib vəzifəsinə ən yaxşı namizəddir.
Bu bölmədəki fotolarda həmin illərin bəzi məqamları əksini tapıb.
Heydər Əliyevin uğurlu karyerası Mixail Qorbaçov siyasi hakimiyyətə gələnədək davam etdi. Bundan sonra Heydər Əliyevə münasibət dəyişdi, ona qarşı həsəd və qısqanclıq hissləri baş qaldırdı. Qorbaçovla aralarında yaranmış ciddi fikir ayrılığı səbəbindən 1987-ci ildə həm Siyasi Büronun üzvlüyündən, həm də SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrindən öz ərizəsi ilə istefa verdi. Bundan bir il sonra Dağlıq Qarabağda separatçılıq hərəkatı baş qaldırdı, Azərbaycanın qara günləri başladı. Bu gün çoxları əminliklə deyirlər ki, əgər o vaxt Heydər Əliyev rəhbərlikdə olsaydı, Azərbaycan xalqı nə Qarabağ problemini, nə də 20 Yanvar faciəsini yaşamazdı…
Xilaskarın qayıdışı
Tarixə nəzər salsaq görərik ki, o xalq zamanın sərt sınaqlarından az itki ilə çıxa bilir ki, onun hamılıqla qəbul edilən müdrik liderləri olur. Bu lider xalqın harayına yetişərək xilaskarlıq missiyasını öz çiyinlərinə götürür. Tale Azərbaycan xalqına da öz Ulu Öndərinin simasında əsl xilaskar göndərmişdi: bir dəfə 1969-cu ildə, ikinci dəfə 1993-cü ildə.
Azərbaycanın növbəti ağır günlərini yaşadığı 1990-cı ilin iyulunda Heydər Əliyev Vətənə qayıtdı. Kremlin köləsi olan rəhbərlik onun Bakıya yolunu kəsdiyi üçün doğulub boya-başa çatdığı Naxçıvana üz tutdu. Heydər Əliyev muxtar respublikanı erməni təcavüzündən, siyasi təlatümlərdən qorudu. Üçrəngli bayrağımız 70 ildən sonra ilk dəfə Naxçıvanda ucaldıldı. İyirmi altı il əvvəl burada dünənin, bu günün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyasının təməli qoyuldu. Onun muxtar respublikaya rəhbərliyi dövründə qəbul olunmuş taleyüklü qərarlar, atılan addımlar Azərbaycanın sonrakı taleyində həlledici rol oyandı.
1990-cı illərin əvvəllərində azadlıq küləkləri məhz Naxçıvandan əsirdi.Ağır günlər keçirən xalq gözünü Heydər Əliyevə dikmişdi. Obrazlı deyilərsə, 1993-cü ildə Azərbaycan tufanlı dənizdə yelkənsiz gəmiyə bənzəyirdi. Belə bir mürəkkəb və ağır vəziyyətdə xalqın təkidli çağırışları ilə hakimiyyətə qayıdan Heydər Əliyev ölkənin taleyi üçün məsuliyyəti və xilaskarlıq missiyasını çiyinlərinə götürdü. Azərbaycanı siyasi fırtınalardan sağ-salamat çıxararaq sakit limana gətirə bildi. Separatizmin, dövlət çevrilişi cəhdlərinin qarşısını qətiyyətlə alaraq ölkəni parçalanmaq, müstəqilliyini itirmək təhlükəsindən xilas etdi və onu tərəqqi yoluna çıxardı.
Heydər Əliyevin şəxsi nüfuzu, ona olan inam və etibar sayəsində 1994-cü ildə xarici şirkətlərlə neft kontraktı – sonradan “Əsrin müqaviləsi” adı almış tarixi saziş imzalandı. Fotoların birində Azərbaycanın inkişafının, gələcək uğurlarının başlanğıc nöqtəsi olan bu müqavilədən əldə edilən ilk neftin Ulu Öndərdə doğurduğu böyük sevinc hissi əksini tapıb: onun gözləri gülür, neftli əlini üzünə çəkir…
Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ikinci dövrü bu və digər taleyüklü, tarixi hadisələrlə zəngindir. O, dərin zəkasının qüdrəti ilə əfsanələri reallığa çevirirdi. Fotoşəkillər bizi bir daha həmin günlərə qaytarır, bu dahi şəxsiyyətin titanik fəaliyyətinin ayrı-ayrı məqamları göz önündə canlanır.
Dünyanı heyran qoyan insan
Heydər Əliyevin müasiri olan dünya liderləri, tanınmış dövlət adamları və siyasi xadimlər, məşhur yazıçılar xalqımızın Ulu Öndəri haqqında yüksək fikirdə olublar: onu böyük dövlət xadimi, siyasət nəhəngi, türk dünyasında sevilən lider, nadir istedad sahibi, əfsanəvi şəxsiyyət adlandırıblar. Heydər Əliyevə verilən bu qiymət bütöv bir xalqda qürur hissləri doğuracaq qədər təsirlidir.
Rusiya Prezidenti Vladimir Putin: O, böyük dövlət xadimi idi. Mübaliğəsiz demək olar ki, siyasi nəhəng idi. Mən ona, sadəcə, böyük hörmətlə yanaşmırdım, mən ona məhəbbət bəsləyirdim.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan: Heydər Əliyev təkcə Azərbaycanda deyil, bütün türk dünyasında tanınan və sevilən lider idi. Türkiyə-Azərbaycan dostluğunu çox gözəl ifadə edən “Bir millət, iki dövlət” ifadəsi də ona məxsusdur. Biz çalışmalıyıq ki, bu hikmətanə deyimin ifadə etdiyi amal bundan sonra da davam etsin. Böyük Heydər Əliyevin ruhu şad olsun deyə biz türk dünyasının birliyini və qardaşlıq münasibətlərini qoruyub möhkəmləndirməyə çalışmalıyıq.
ABŞ-ın sabiq Prezidenti Corc Buş: Dünyada tanınmış görkəmli dövlət xadimi Heydər Əliyevin şəksiz liderliyinə, cəsarətinə, misilsiz dünyagörüşünə və nadir natiqlik istedadına valehəm.
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev: Heydər Əliyev mənim yaxın dostum və ən çox hörmət etdiyim bir siyasətçi idi. Heydər Əliyev həm MDB ölkələri, həm də öz xalqı üçün çox işlər görmüşdür. Onun öz xalqı qarşısında xidmətlərinin əsl qiymətini gələcək nəsillər verəcəkdir. Əziz və unudulmaz dostum haqqında keçmiş zamanda danışmaq mənim üçün çox ağrılı olsa da, deməliyəm ki, Heydər Əliyev son nəfəsinə qədər öz xalqının rifahı üçün çalışmışdır.
Məşhur qırğız yazıçısı Çingiz Aytmatov: Heydər Əliyev həqiqətən də tarixi, hətta əfsanəvi bir şəxsiyyətdir. Bu, sovet dövründə də belə idi, bugünkü MDB məkanında da, xeyli çətinləşmiş müasir dünya şəraitində də belədir. Heydər Əliyev hər zaman xalqının xidmətində olmuşdur.
Böyük siyasətçinin şəxsi nüfuzu müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkənin beynəlxalq arenaya inamla çıxmasını şərtləndirən əsas amil oldu. Dünya liderləri ilə çoxsaylı görüşləri yenicə yaranmış dövlətin xarici siyasətinin uğurlarını təmin etdi. Onu hər yerdə hörmət-izzətlə qarşılayırdılar, Heydər Əliyev diplomatiyası dünyanı tədricən fəth edirdi. Bunu həmin görüşlər zamanı çəkilmiş fotolardan da görmək mümkündür.
Əbədiyyət simfoniyası
1994-cü ildə ümummilli lider Heydər Əliyev tanınmış bəstəkar, yaradıcılığına böyük hörmətlə yanaşdığı Arif Məlikovu özü ilə birlikdə Məkkə ziyarətinə aparmışdı.
Arif Məlikovun xatirələrindən: Ziyarət zamanı Heydər Əliyev mənə dedi: “Arif, bilirsən səni bura niyə gətirmişəm? İstəyirəm ki, sən buraları da görəsən və bunun təsiri altında bir simfonik əsər yazasan”.
Heydər Əliyevin bu sözlərindən heyrətlənən bəstəkar sonradan bu barədə danışarkən deyirdi: “İnanmıram ki, adi adam Məkkədə simfonik musiqi haqqında fikirləşə bilsin. Simfonik əsər yazan mənəmsə, orada mən belə şeylər fikirləşmirdim. Çünki Məkkə, Mədinə hara, Quran hara, simfonik əsər hara?! Bunlar bir-birinə uyuşmayan, üst-üstə düşməyən, tamamilə əks məsələlərdir. Amma böyük şəxsiyyət hiss edirdi ki, məhz orada nəyisə mənimsəyib dəyərli simfonik əsər yazmaq mümkündür”.
Arif Məlikov Ulu Öndərin istədiyi simfoniyanı yazdı. Onun Heydər Əliyevə ithaf etdiyi 8-ci simfoniyası – “Əbədiyyət” ilk dəfə 2004-cü ildə, Ulu Öndərin vəfatından bir il sonra səsləndi. İnsanın həyat uğrunda mübarizəsindən, zirvəyə yüksəlişindən, əbədiyyət yolçusuna çevrilməsindən bəhs edən möhtəşəm simfoniya belə yarandı.
Hər il mayın 10-da və dekabrın 12-də Fəxri xiyabanda yaşanan böyük izdihamın özü də bir əbədiyyət simfoniyasıdır. İnsanlar axın-axın Ulu Öndərin abidəsi önündən keçir, ruhu qarşısında baş əyirlər. Bu izdihamın, təsirli anların həkk olunduğu fotolar xalqın Heydər Əliyevə sonsuz və əbədi məhəbbətinin güzgüdəki əksidir. Uca zirvələr uzaqdan daha aydın göründüyü kimi, Heydər Əliyev şəxsiyyətinin böyüklüyü və ucalığı da illər ötdükcə daha dərindən dərk olunur.