Gürcüstanda Azərbaycan vətəndaşları arasında böyük fəallıq müşahidə olunur
Gürcüstanda yerləşən seçki məntəqələrində Azərbaycan vətəndaşları arasında böyük fəallıq müşahidə olunur. Bunu Azərbaycanın Gürcüstandakı səfirliyinin üçüncü katibi, Tbilisidəki seçki komissiyasının üzvü Samirə Ağayeva deyib. O bildirib ki, seçki məntəqələri saat 08:00-da açılıb.
Bu gün Tbilisi və Batumi şəhərlərində Gürcüstanda müvəqqəti yaşayan Azərbaycan vətəndaşları üçün məntəqələr açılıb.
Azərbaycanın Gürcüstandakı konsulluğunda 557 nəfər qeydiyyata alınıb.
Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.
Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyir.
Prezident seçkilərində səsvermə saat 19:00-da sona çatacaq. Hazırkı məlumata əsasən, Azərbaycanda 5 milyon 309 min 434 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.
Saat 10:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 18,71 faizi, yəni 994 196 seçici səs verib.