Yunus Oğuzun “Ovçu” romanı Aprel döyüşlərinin tarixidir
Qafar Əliyev: “Bu əsl vətənpərvərlik, əsl qəhrəmanlıq nümunəsi, bir yazıçı mövqeyidir”
Aprelin 6-da Atatürk Mərkəzində yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun “Ovçu” romanının təqdimatı keçirilib. Geniş ictimaiyyət nümayəndələrinin iştirak etdikləri mərasimdə millət vəkili, Atatürk Mərkəzinin rəhbəri Nizami Cəfərov qeyd edib ki, istedadlı yazar Yunus Oğuz indiyə qədər əsərlərində daha çox tarixdən yazıb. Məlum olduğu kimi onun çoxlu tarixi romanları var: “Atabəylər” “Nadir şah”, “Əmir Teymur” , “Təhmasib Şah” kimi tarixi romanların müəllifidir. Bizim tariximizin elə bir dövrü yoxdur ki, Yunus Oğuz o barədə yazmamış olsun. Onun həmin əsərlərində də müasirlik var, müasir dövrdə baş verən hadisələr, bugünkü dövrümüzün ictimai-sosial fəlsəfəsi əksini tapıb. Onu da xatırladım ki, Yunus Oğuz yazıçılıqdan əlavə həm də peşəkar filosofdur. Elə bu səbəbdən də onun tarixdən yazdığı əsərlərdə tarixi faktlar nə qədər dəqiqdirsə, eyni dərəcədə də o faktlar müasir dövrümüzü əks etdirir. Bu mənada Yunus Oğuzun tarixi əsərlərinə biz yalnız bir tarixçinin yazdığı xronika kimi yox, yaxud yazıçının tarixə ədəbi münasibəti kimi yox, həm də bir fəlsəfi əsər kimi baxırıq. “Ovçu” əsəri müasir dövrdən, 2016-cı ilin Aprel döyüşlərindən bəhs edir. Düzdür, o hadisələr də artıq bizim üçün tarixdir, amma yaxın tarixdir. Baxmayaraq ki, bu əsər müasir dövrdən bəhs edir, ancaq Yunus Oğuz yenə də çalışır ki, hadisənin tarixi mahiyyətini kəşf eləsin. Əsərdə konkret obrazlar var, əsərin qəhrəmanı Aprel hadisələrində öz həyatı və hərbçi fəaliyyəti, millətin öz torpağını qorumaq instinktinin hadisəsi olaraq konkret Murad Mirzəyevin obrazını yaradıb. Əsərdə həmçinin Murad Mirzəyevin atası Telman müəllim, həyat yoldaşı Fizzə xanımın, o cümlədən milli qəhrəmanların obrazı var. Onlar dövlətin, ordunun, vətənpərvərliyin birbaşa göstəriciləridir. Belə düşünmək olar ki, əsər xeyli dərəcədə müasirlik və publisistik bir səviyyədədir. Amma bu publisistik zahiridir və Yunuz Oğuzun yazıçı kimi ustalığı ondan ibarətdir ki, öz qəhrəmanlarını tarixdə itirmir. Yəni, tarixin içində həddindən artıq obrazlaşdırmır. Daha dəqiq, əsərdə bizim bu günümüzün real mənzərəsini yaradıb”.
***
Onun sözlərinə görə, ilk dəfədir ki, Azərbaycan ədəbiyyatında Ali Baş Komandanın, Azərbaycan Prezidentinin obrazı yaradılıb. Prezident Administrasiyasında birbaşa ölkənin ictimai-siyasi həyatına, ölkədə gedən proseslərə, cəmiyyətin idarə olunmasında rəhbərlik edən şəxslərin obrazı yaradılıb. Konkret Əli Həsənov, müdafiə naziri Zakir Həsənovun obrazı ərsəyə gətirilib. Bir romanda bu qədər real, tanıdığımız insanların obrazı yaradılıb, amma əsər bədiilik, tarixilik və fəlsəfilikdən çıxmayıb: “Əslində bu çox çətin məsələdir. Yadımdadır, görkəmli yazıçımız Anara sual verəndə ki, siz 20-ci əsrin 50-ci illərinə qədər yaşayan şəxsiyyətlərlə bağlı əsərlər yaratmağa meyillisiniz, amma onları film, teatr kimi ortaya çıxarmırsınız. Cavab verdi ki, bu çox çətin məsələdir, çünki onların nəsilləri yaşayır, onlar haqqında xatirələr həddindən artıq təzədir, istidir. Ədəbiyyat isə obrazları mütləq müəyyən qədər fundamentallaşdırmalı və soyutmalıdır. Bu problem təbii ki, müasir dövrdən yazanda hər bir yazıçının qarşısında dayanır. Bu problemin öhdəsindən bir sənətkar, düşüncə adamı, böyük üslub sahibi olaraq Yunus Oğuz gəlib və ədəbiyyatımıza həqiqətən müqayisəsi mümkün olmayan bir əsər bəxş edib”.
Onun bildirdiyinə görə, belə bir gözəl əsərin meydana çıxmasının ən birinci şərti bizim Aprel hadisələrindəki qələbəmizdir: “Belə gözəl əsərin ortaya çıxmasının əsas şərti Murad Mirzəyev kimi qəhrəmanın olmasıdır, onun ailəsənin Vətən barədə verdiyi təəssürat, vətənpərvərlik, insanpərvərlikdir. Əlbəttə ki, bu yazıçının işini asanlaşdırır. O yerdə ki, millət, cəmiyyət, dövr, zaman qəhrəman yetirirsə, bu yazıçı üçün çox böyük bir dəstəkdir. Çünki hər bir siyasi, fiziki, təbii hadisənin sonu mütləq ideyadır. Ona görə də bu qəhrəmanlar bizim üçün yalnız tarixdə qalmış obraz yox, həm də ideallardılar, bizim gələcəyimizdir. Mən də bu əsər haqqında bir yazı yazmışam, adını da qoymuşam “Tarix yalnız keçmişdə qalmır, həm də qarşıdan gəlir”. Bu əsərdə Yunus Oğuz öz yazıçı üslübuna sadiq qalaraq bu günlə tarixi çox peşəkar bir şəkildə birləşdirib. Həmişəki Yunus Oğuz tarixdə bu günü görür, bu əsərdə isə bu tarixi bu gündə görür və bu qəhrəmanlığın təsadüfi olmadığını, bu qəhrəmanlığın özünün də çox böyük varisliyin olduğunu göstərir”.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev qeyd edib ki, ölkəmiz bu günlərdə aktiv siyasi proseslərin içərisindədir, prezident seçkiləri keçirilir. Eyni zamanda, bu günlərdə həm də 2016-cı ilin dördgünlük Aprel döyüşlərinin tarixi qələbəsini qeyd edirik. Azərbaycanın bütün ərazilərində bu hadisənin mahiyyəti bir daha yada salınır, döyüşlərdə qəhrəmanlıq göstərmiş Azərbaycan ordusunun gücünü göstərmiş insanların şücaəti yad edilir. Qəhrəmanlarımız yad edilir, şəhidlərimizin ruhuna dualar oxunur və gənclərimiz vətənpərvər ruhda tərbiyə edilir.
“Aprel döyüşləri həqiqətən müasir müstəqil Azərbaycan Respublikasının ordu quruculuğunda, hərb tarixində qızıl hərflərlə yazılmış bir səhifə oldu. Bu, qəhrəmanlıq səhifəsi idi. Bu, Dağlıq Qarabağ məsələsi ətrafında başlanmış olan müharibənin gedişində bir strateji təşəbbüsün ələ alınması anı idi. Məhz həmin döyüşlərin nəticəsindən sonra Azərbaycan xalqı bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan ordusu öz torpaqlarını işğaldan azad etməyə qadirdir, Azərbaycan xalqı vuruşmağa və erməni işğalçılarını yerində oturtmağa qadirdir. Lakin müəyyən bəlli güclər və qüvvələr çox narahat oldular, döyüşü xahiş-minnətə düşərək dayandırdılar. Bu döyüşlər başlayan andan beynəlxalq hadisəyə çevrilmişdi. Dünyanın hər yerindən-ABŞ Dövlət Departamentindən, Avropa Şurası, ATƏT, Moskva və digər yerlərdən bu hadisəyə ciddi münasibət göstərildi. Bu döyüş həm də bir lakmus rolunu oynadı. Azərbaycanın dostları ölkəmizin müdafiəsinə qalxdılar, Azərbaycanın haqq işini dünyanın müxtəlif ölkələrində müdafiə etdilər, Azərbaycanın bu döyüşlərdə haqlı olduğunu göstərdilər. Azərbaycanın düşmənləri isə təbii ki, ermənilərin müdafiəsinə qalxdılar, Azərbaycan ordusunun fəaliyyətini, hərbi əməliyyatları dayandırmağı tələb etdilər. Guya cəbhə bölgəsində erməni uşaqlarının və qocaların öldürülməsi barədə yalan məlumat yaymağa başladılar. Bununla bizə təzyiq göstərməyə çalışdılar. Bu siyasət, bu mübarizə bu gün də davam edir. Bu gün də beynəlxalq miqyasda Aprel döyüşlərinin tarixi əhəmiyyəti ilə bağlı fikir mübadiləsi aparılır. Rəsmi sənədlərə görə, aprelin 8-də ermənilər Moskvada bu döyüşlərdə həyatlarını itirən erməni əsgərlərinə həsr olunmuş xeyriyyə konserti təşkil edəcəklər. Xeyriyyə konsertindən əldə edilən vəsaitdən Aprel döyüşlərində həlak olmuş insanların ailələrinə yardım ediləcək. Göründüyü kimi bu gün də dünyanın hər yerində erməni lobbisi haray salaraq Aprel döyüşlərində Azərbaycan ordusunun erməni ailələrini, əsgərlərini qırdığını iddia edir. Ermənistan hakimiyyətinin müəyyən dairələri isə Aprel hadisələrini qələbə kimi qələmə verirlər. Lakin bizə gəldikdə, Azərbaycanın xaricdəki diaspor təşkilatları bu istiqamətdə doğrudan da böyük işlər görüblər. Elə diaspor nümayəndləri də var ki, Aprel döyüşlərinin əhəmiyyətini azaltmağa çalışırlar. Müxtəlif fikirlər yayırlar ki, guya “Azərbaycan ordusunun zəif olması Aprel döyüşlərində üzə çıxdı, Azərbaycan məğlubiyyətə uğradı”. Belə fikirlərlə əslində bizim milli dövlətçilik maraqlarımıza uyğun gəlməyən təbliğat aparırlar:
“Biz uzun müddətdir ki, Xocalı soyqırımının mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması üçün böyük kampaniya aparırıq. “Xocalıya ədalət” kampaniyası çərçivəsində ilbəil Xocalı soyqırımını tanıyan dövlətlərin sayı artır. Artıq bu dövlətlərin sayı iyirmiyə yaxınlaşır. Biz xarici ölkələrdə Xocalı məsələsindən danışanda “bizi belə qırıblar” deməklə özümüz haqqında zəif, gücsüz xalq təsəvvürü yaradırıq. Bunun özü də bizim xeyrimizə olmayan bir məsələdir. Bu mənada Yunus Oğuza bir yazıçı kimi çox təşəkkür edirəm ki, Aprel döyüşlərinin ertəsi günü fəaliyyətə başladı və qısa müddət ərzində bu mövzuda ilk romanı ərsəyə gətirdi. Bu əsl vətənpərvərlik, əsl qəhrəmanlıq nümunəsi, bir yazıçı mövqeyidir. Bu romanın mövzusu Aprel döyüşlərinin qəhrəmanlarıdır, xüsusən polkovnik Murad Mirzəyev və onun döyüş yoldaşlarının həyat yolundan bəhs edir. Bu insanın fəaliyyətini mən də izləmişəm, sözün həqiqi mənasında Milli Qəhrəman, Azərbaycan hərbçisidir. O, şücaəti ilə Azərbaycan xalqının nəyə qadir olduğunu göstərib ki, həmin qəhrəmanlıq da bu əsərdə əksini tapıb”. Q. Əliyev qeyd edib ki, gələcəkdə də təkcə Xocalı hadisələri deyil, eləcə də Aprel döyüşlərinə dair bədii ədəbiyyatın, xüsusən “Ovçu” kitabının başqa dillərə tərcümə olunub yayılması məqsədəmüvafiqdir. Xarici ölkələrdə görsünlər ki, bir xalq təkcə hücuma, təcavüzə məruz qalan, qırılan, soyqırıma uğrayan bir millət deyil, həm də öz gücünü, öz əzmkarlığını göstərməyə qadir olan bir xalqdır.
Millət vəkili, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov qeyd edib ki, “Ovçu” romanı Aprel hadisələrindən əvvəl yazılsaydı, bizə bu qədər təsir etməzdi. Nəzərə almaq lazımdır ki, romanın qəhrəmanları yaşayırlar. Adətən bədii ədəbiyyat nə qədər gerçəkliyin inikası olsa da tarixi sənədlər daha dəqiq hesab olunur. Ancaq nədənsə Azərbaycan jurnalistikasının məhsulu olan xəbərləri bu romanla müqayisə etdikdə, bu roman həqiqətləri əks etdirmək baxımından daha ciddi görünür. Baş verən hadisələr, hadisənin başvermə səbəbi, hadisələrin gedişinin əsərdə əks olunması müasir romançılıqda yeni bir üsuldur: “Hər xalqın həyatında müəyyən tarixi hadisələr olur. Məsələn, Kulikova döyüşləri milləti ayıltdı, bütün hadisələri dəyişdirdi. “Əkinçi” qəzeti xalqın milli özünüdərkini, milli şüuru oyatdı. Bildirdi ki, bu ərazidə yaşayan, bu dildə danışan insanlar kimdir, istəkləri nədən ibarət ola bilər. Aprel döyüşləri də bizim milli şüurumuzu silkələdi, yatmış milli özünüdərk hissimizi oyatdı. Artıq Aprel döyüşlərinə qədər bizim içimizdə fikirlər başqa idi. Azərbaycan ordusu müasir silahlarla təmin olunsa da, haradasa özünə inam bu qədər güclü deyildi. Azərbaycandan kənarda orduya olan münasibət nisbətən başqa cür idi. Ermənistan mətbuatındakı dördgünlük Aprel döyüşlərinin nəticələri ilə bağlı analitik yazılardan da məlum olur ki, Aprel döyüşləri bizim həyatımızda hansı rolu oynadı. Bu roman da Aprel döyüşlərində Azərbaycan xalqının əzmini göstərir, igid Azərbaycan əsgərlərinin şücaətini əks etdirir. Ali Baş Komandandan tutmuş Murad Mirzəyev və onun döyüş yoldaşlarının qəhrəmanlığını göstərir. Əsərdə Azərbaycan əsgərinin, Azərbaycan döyüşçülərinin simvolik obrazı yaradılıb”. Onun sözlərinə görə, tarixi əsərlər yazmaq üçün vaxt keçməli, fikirlər ümumiləşməli, qəhrəmanlar obrazlaşdırılmalıdır. Ən yaxşı əsərlər müəyyən zaman kəsiyindən sonra yaranır: “Yunus Oğuzun bu romanı bədii əsərdir, maraqlısı odur ki, əsərin qəhrəmanları bu gün də yaşayırlar. Bu baxımdan roman oxucuların diqqətini cəlb edir. Romanda 11-ci əsrdə hadisələr baş verir, dayanır, Nadir Şahın vaxtına keçir və 2016-cı ilə qədər gəlib çıxır. Yazıcı əsərdə hadisələri göstərir, onları təhlil etmir, şüurlara yeritmir. Yazıçı bir filosof kimi tarixə gediş edir. Bu isə onun filosof olmasından irəli gəlir. Mahir oxucu əsərdə tarixi bağlılığı tapır və başa düşür ki, Murad Mirzəyevin qəhrəmanlığı haradan gəlir”.
Ə. Amaşov qeyd edib ki, romanın dili olduqca sadə, aydın və lokanikdir. Müəllif baş verən olayları aydın dildə oxuculara çatdırır. Bununla da müasir romançılıqda sadəliyə çox böyük önəm verilir: “Əsər nə qədər sadə dildə yazılsa, bir o qədər oxucunu cəlb edir. Əminəm ki, bu əsərin qiyməti bundan sonra da veriləcək”.
Millət vəkili Qənirə Paşayeva qeyd edib ki, böyük tarixi əsərlər yazmağa zaman lazımdır: “Ancaq mən hesab edirəm ki, bu gün baş verən hadisələrlə bağlı çoxlu sayda kitablara ehtiyac var. 40-50 il sonra böyük əsərlər yazıla bilər ki, onlar da bizim tariximiz üçün lazımdır. Ancaq bu gün yazılan əsərlər bizim bu günümüz üçün lazımdır. O günümüz üçün ki, insanlar bilsin ki, bizim qəhrəmanlarımız hansı ideyalar uğrunda şəhid olublar. Daha dəqiq, torpaqlarımızı işğaldan azad etmək uğrunda bu zirvəyə yüksəliblər. Bizim torpaqlarımızın hələ də yüzdə iyirmisi işğal altındadır. Ona görə də belə əsərləri daha çox yazmaq lazımdır. Heç nəyi də bəzəyib-düzəmək lazım deyil. Sadəcə onların ailəsindən başlamaqla həyat hekayələrini yazmaq tələb olunur. Çünki onlar o qəhrəmanlığı öz həyat yolları, amalları ilə zatən özləri yazıblar. Yunus bəyə bir daha təşəkkür edirəm ki, bu işi görüb. Bu gün gənclərimizə kimə oxşamağı, kimdən örnək götürməyin lazım olduğunu aşılamaq lazımdır. Biz Aprel zəfəri yazan qəhrəmanlarımızın necə şücaət göstərdiklərini bilirik. Murad Mirzəyevi, Samid İmanovu hamı tanıyır. Amma onların hansı həyat yolunu keçərək şəhidlik məqamına gəldiyini çox az insanlar bilir. Vətən sözdə, dildə yox, yaşam fəlsəfəsi ilə sevilir. Yazılan əsərlərdə övladların necə yetişdirilməsi kimi məsələlər əksini tapmalıdır. Vətənlə, millətlə bağlı məsələlərdə cəmiyyətə mesajlar verilməlidir. Hərbçilərin xanımlarının fədakarlıqları əksini tapmalıdır. Bu əsərdə deyilir ki, Murad Mirzəyev ömrünü fəda etdi, amma sağ olanda da ömrünün iyirmi dörd saatının əksəriyyətini bu Vətən üçün yaşayıb. Azərbaycan gənci bu kitabı oxuyanda düşünəcək ki, günün iyirmi dörd saatını sosial mediada oluramsa, onun yarım saatını sosial mediada Vətənin əsgəri olum. Ona əl uzadanlara qarşı mübarizə aparım. Bununla gənclər özünün məsuliyyətini dərk edəcək. Ona görə belə əsərlər çox yazılmalıdır”. Millət vəkili onu da qeyd edib ki, Təhsil Nazirliyinə müraciət edəcək ki, “Ovçu” romanı orta məktəblərdə təbliğ edilsin: “Biz tariximizlə bağlı kitabları uşaqların oxuması üçün əlimizdən gələni etməliyik, hətta məktəblər üzərinə vəzifələr də qoymalıyıq. Bu kitabın dili elə sadədir ki, 14 yaşından başlayaraq hər bir uşaq oxuyub dərk edə bilər. Universitet tələbələrinin daha rahat oxuya biləcəyi bir dildə yazılıb. Ən əsası isə lazımsız teleseriallar əvəzinə, belə kitablara filmlər çəkilməlidir. Mümkündür ki, heç olmasa on seriyadan ibarət bir film çəkilsin. İş adamlarını çağırıram ki, belə kitablarla bağlı filmlərə vəsait ayırsınlar. Bunu etmək bir o qədər də çətin deyil, ortada Türkiyə təcrübəsi var. Onlar bu addımı gənc nəslin ruhunu tutmaq üçün edirlər. Biz də gənclərimizə aşılaya bilərik ki, bu kitabda əksini tapmış qəhrəmanlardan biri də sənsən. Sən də qəhrəmanlıq göstərə bilərsən ruhunu gənclərə aşılamaqdan ötrü bu addımı atmaq lazımdır. Məlumdur ki, bu gün kitabların gücü filmin, görüntünün gücü qədər təsirli deyil. Bədii ekran insanlar üçün daha çox təsirli olur. Belə halda bu kitaba daha çox dəyər vermiş olarıq”. Onun sözlərinə görə, Aprel döyüşləri ilə Ermənistana və onun arxasında duran bütün güclərə mesaj verildi ki, Azərbaycan əvvəlki Azərbaycan deyil, güclü bir dövlətdir, güclü peşəkar ordusu, Vətən uğrunda şəhid olmağı bacaran qəhrəmanları var: “Azərbaycan torpağının hər qarışı üçün canını qurban verməyə hazır olan gənclərimiz var. Azərbaycan torpaqlarını heç kimə güzəşt etməyəcək. Bu, çox önəmli mesaj idi. Biz hamımız bir olmalıyıq ki, dövlətimiz daha da güclənsin. Dövlətimizin güclü olması bizi Xankəndinə, Şuşaya daha da yaxınlaşdırır”.
Əsərdə qəhrəmanlıq obrazı yaradılmış Murad Mirzəyevin atası Telman Mirzəyev romanın müəllifi Yunus Oğuza təşəkkür edib. Bildirib ki, təkcə Aprel döyüşlərində deyil, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmanlıq göstərən bütün Vətən oğulları barədə kitab yazılmasına ehtiyac var: “Belə əsərlər gənclərin vətənpərvərlik ruhunun formalaşması üçün əhəmiyyətli rol oynayır. Odur ki, istərdim belə romanlar davamlı olsun”.
İTV-nin əməkdaşı Vəsilə Vahidqızı qeyd edib ki, belə əsərlərin geniş təbliğinə ehtiyac var. Xüsusən, televiziyalar bunu nəzərə almalı və kitabın təbliği üçün vaxt ayırmalıdırlar. Yalnız bu halda gənclərə vətənpərvərlik ideyasını aşılamaq olar.
“Ovçu” kitabının redaktoru, yazar Elçin Hüseynbəyli qeyd edib ki, Aprel döyüşlərinin qəhrəmanları mütləq şəkildə təbliğ edilməlidir. Bunun üçün yazarların, ziyalıların və dövlətin kifayət qədər imkanları mövcuddur: “Yazıçı qəhramanlara dəyər verdiyi kimi yazıçının kitablarına da dəyər verilməlidir. Bunun dəyəri isə yazılmış əsərləri cəmiyyətə çatdırmaqdır. Qəhrəmanlar döyüşüb, Vətən yolunda şəhid olublar, yazarlar da bunu qələmə alıblar. İndi əsas məsələ həmin kitabları geniş ictimaiyyətə çatdırmaqdır. Yunus Oğuzun əsərində əsl Azərbaycan qəhrəmanı obrazı yaradılıb. Bu obrazlar gənclərimiz üçün bir nümunədir. Kitabın təbliğinin gənclərin vətənpərvərlik ruhunun inkişafında müsbət rol oynayacağı şübhə doğurmur”.
Dünya Azərbaycanlıları Milli Birlik Təşkilatının prezidenti Cavad Derəxti bildirib ki, əsərdə əksini tapmış qəhrəman obrazı əlli milyonluq azərbaycanlının təmsilçisidir. Aprel döyüşlərində qəhrəmanlıq göstərən hərbçilərin qələmə alınması məhz bunun təbliğidir: “İstərdim ki, kitab əski əlifbaya çevrilib Güney Azərbaycanda da yayılsın. Biz diaspor nümayəndəsi olaraq çalışacağıq ki, bu kitab müxtəlif dillərə tərcümə olunaraq dünyada yayılsın. Mətbuat vasitələrində, xüsusən, elektron mediada bunun təbliğinə nail olacağıq. Onu da deyim ki, bu kitab əsasında filmin çəkilməsi təbliğat baxımından əhəmiyyətli olardı”.
Almaniyada Dünya Azərbaycanlıları Assambleyasının prezidenti Rəşad Quliyev qeyd edib ki, Aprel döyüşləri Azərbaycan xalqı üçün bir sınaq idi. Lakin saxta erməni təbliğat maşını bu hadisədən öz məqsədləri üçün istifadə etməyə çalışırdı: “Ermənistan anlamalıdır ki, Azərbaycan ordusu 90-cı illərin ordusu deyil. Azərbaycan ordusu inkişaf edərək peşəkar orduya çevrilib. Hazırda Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasındadır”.
Novosibirskdəki Azərbaycan diaspor təşkilatının təmsilçisi Mirkazım Seyidov qeyd edib ki, “Ovçu” əsəri vaxtında yazılmış kitabdır. Apreldə baş verən döyüş Azərbaycan ordusunun qüdrətini göstərdi. Kitabda da həmin qəhrmanların obrazı yaradılıb. Bu kitab rus və ingilis dillərinə tərcümə edilərək yayılmalı, qısa bir zamanda ikinci hissəsi yazılmalıdır. Diaspor təşkilatlarının bu məqamda gördüyü işlər dünyaya çatdırdı ki, Azərbaycan xalqı 9 milyondan ibarət deyil”.
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bildirib ki, Yunus Oğuz tarixi əsərlər müəllifidir və yazdığı əsərlər həmişə geniş oxucu kütləsinin marağına səbəb olub: “Aprel döyüşlərində Azərbaycan ordusunun qüdrəti, peşəkarlığı bir daha aşkara çıxdı. İgid əsgərlərimiz əsl qəhrəmanlıq nümunəsi göstərdilər. “Ovçu” kitabında da həmin qəhrəmanların obrazı yaradılıb. Bu qəhrəmanlığın təbliği üçün kitabın xarici ölkələrdə də yayılmasına ehtiyac var”.
Tədbirdə iştirak edən hərbçilər belə bir əsəri ərsəyə gətirdiyinə görə müəllifə təşəkkür ediblər. Sonda çıxış edən Yunus Oğuz isə tədbir iştirakçılarına və kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirdi və qeyd etdi ki, “Ovçu” romanı müasir tariximizlə bağlı yazdığı ilk əsərdir və gələcək fəaliyyətində Qarabağ uğrunda savaşan əsgər və zabitlərimizin şərəfli döyüş yolu haqqında daha möhtəşəm əsərlər yazmaq niyyətindədir.