SORĞU: Əhali İlham Əliyevin siyasi xəttini dəstəkləyir
Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə bağlı ABŞ-ın “AJF & Associates Inc.” təşkilatı və “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası” tərəfindən birgə təşkil ediləcək “exit-poll” öncəsi keçirilmiş sosioloji sorğunun nəticələri açıqlanıb. “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın sədri
Sahib Məmmədov bildirib ki, sosioloji sorğunun keçirilməsində əsas məqsəd prezident seçkiləri ərəfəsində əhalinin səsverməyə hazırlığı və onların ölkənin siyasi həyatında iştirak səviyyəsinin, seçkilərlə bağlı ictimai rəyin öyrənilməsi olub. Sorğuya ümumilikdə Azərbaycanın müxtəlif rayonlarından 1500 nəfər respondent cəlb edilib. Bunlardan 63,5% (952 nəfər) böyük şəhərlərdən, 17,6% (264 nəfər) kiçik şəhərlərdən, qalanı isə qəsəbə və kəndlərdən olub.
“AJF & Associates Inc.” təşkilatının sədri Corc Birnbaum qeyd edib ki, sorğuda iştirak edənlərin 49,9%-i qadın, 50,1%-i kişi olub. Sorğu ölkə əhalisinin yaş statistikası nəzərə alınaraq aparılmışdır və respondentlərin 30,4% (456 nəfəri) 18-29 yaş arası (450 nəfəri) – 30% 30-39 yaş arası, 19,5% (292 nəfəri) 40-49 yaş arası, 11,5% (173 nəfəri) 50-59 yaş arası, 5,6% (84 nəfər) 60-69 yaş arası və yalnız 2,9% (44 nəfəri) 70 və daha yuxarı yaşda insanlar olmuşlar:
“Sorğu vərəqindəki sualları təsnif edərək belə qruplaşdıra bilərik: 1. Əhalinin Prezident seçkiləri ilə bağlı məlumatlılıq səviyyəsi; 2. Ölkənin hazırkı iqtisadi vəziyyətinə münasibət.
3. Əhalinin siyasi fəallıq səviyyəsi; Əhalinin Prezident seçkiləri ilə bağlı məlumatlılıq səviyyəsinin öyrənilməsi məqsədilə qoyulmuş “Ümumiyyətlə, Azərbaycanda Milli Məclisə Seçkilər və ya prezident seçkilərində Siz necə iştirak edirsiniz?” – sualına verilən cavablar aşağıdakı kimi olmuşdur. Respondentlərin böyük əksəriyyəti -74,0% (1110 nəfər) “həmişə” seçkilərdə iştirak etdiklərini bildirmişlər. 10% (150 nəfər) respondent isə 11 aprel 2018-ci il Prezident seçkilərində “ilk dəfə” iştirak edəcəyini bildirib. 12,6% (189 nəfər) respondent seçkilərdə “bəzən”, yaxud “nadir hallarda” iştirak etdiklərini göstəriblər”.
Corc Birnbaum deyib ki, anket sorğusunun I blokuna aid olan suallar seçicilərin iqtidar, yaxud müxalifət meylli olma imkanlarını açmağa imkan verir. Belə ki, “Əgər prezident seçkiləri bu gün keçirilsə idi və namizədlər aşağıdakı şəxslər olsaydı, kimə səs verərdiniz?” və “Əgər parlament seçkiləri bu gün keçirilsə idi, hansı partiyanın namizədinə səs verərdiniz?” suallarına cavab verən namizədlərin böyük əksəriyyəti İlham Əliyev 82,9 % (1244 nəfər) və Yeni Azərbaycan Partiyasının 70,9% (1064 nəfər) adının qeyd edilməsi azərbaycanlıların mövcud hakimiyyətin fəaliyyətindən razı olduqlarını və bu hakimiyyəti dəstəklədiklərini göstərir. “Hazırki hökumətin işini necə qiymətləndirirsiniz?” sualına namizədlərdən “əla” cavab verənlər 28,9% (433 nəfər), “yaxşı” cavab verənlər 27,1% (406 nəfər), “orta” cavab verənlər 19,9%(299 nəfər) olub. Corc Birnbaum bildirib ki , bu da gəldikləri qənaətin düzgün olduğunu sübut edir.
Onun sözlərinə görə, bu cavablar hər biri ayrılıqda müsbət cavablardır və ümumiikdə, 75,9% (1138 nəfər) respondentin hazırki hökumətin fəaliyyətini qənaətbəxş qəbul etdiyini deyə bilərik.
Corc Birnbaum qeyd edib ki , “Aşağıdakı fikirlərin doğru olub-olmadığını deyə bilərsinizmi?” – əhalinin müasir hökumətin fəaliyyətinə münasibətinin açıq ifadəsidir. Belə ki, alınan cavablar – “Azərbaycanın iqtisadiyyatı güclüdür” – 62, 5% (937 nəfər), “Azərbaycanda söz azadlığı var” – 65% (975 nəfər), “ölkə rəhbərliyi xalqı terrordan qoruyur” – 63,6% (954 nəfər), “biz bir siyasi liderin rəhbərliyi altında birləşsək, Azərbaycan daha güclü olar” – 62,5% (938 nəfər), “Azərbaycanda insan hüquqları qorunur” – 62% (930 nəfər), “Azərbaycan regionda sabitlik adasıdır” -63,1% (946 nəfər) əhalinin mövcud iqtidarın hakimiyyətinə olan inamını və dəstəyini əks etdirir.
Bu bloka daxil olan ” Prezident İlham Əliyevə münasibətlə” bağlı verilən cavablar seçicilərin siyasi meyli və səsvermənin nəticələri haqqında fikir söyləməyə imkan verir. Belə ki, İlham Əliyevin prezidentlik fəaliyyətinə münasibət olaraq, “iqtisadiyyatı təkmilləşdirir” – 58,7% (881 nəfər), “vətəndaşların qayğısına qalır”, “miqrant böhranının Azərbaycana keçməsinin qarşısını alır” – 61% (915 nəfər), “Azərbaycanı beynəlxalq aləmdə yaxşı təmsil edir” – 75% (1125 nəfər), “Ölkəmizin təhlükəsizliyini qoruyur”-60,7% (911 nəfər), miqrant böhranının Azərbaycana keçməsinin qarşısını alır – 58% (870 nəfər) qeyd edilmişdir:
“Beləliklə, bilavasitə Prezident İlham Əliyevin fəaliyyətinə münasibətlə bağlı ictimai rəyin öyrənilməsinə yönəlmiş “exit-poll” öncəsi sorğunun nəticələrinə əsasən deyə bilərik ki, əhali İlham Əliyevin hakimiyyətinə inanır və onun siyasi xəttini dəstəkləyir. Aparılmış sosioloji sorğunun nəticələri göstərdi ki, 11 aprel 2018-ci il Prezident seçkilərinə hazırlıq həm hakimiyyət, həm də əhali səviyyəsində qənaətbəxşdir. Əhali Prezident seçkiləri ilə bağlı məlumatlıdır və bu, dövlət səviyyəsində aparılan təbliğatın müsbət gedişindən xəbər verir. Inanırıq ki, 11 aprel 2018-ci ildə ölkədə Prezident seçkilərizamanı keçiriləcək Ekzit-poll sorğularının nəticələri apardığımız sosioloji sorğunun nəticələri ilə uyğun olacaq”. Trend.az