Türk olmaq üzərimizə öhdəlik qoyur – Əli Həsənov
Dövlətimizin inkişafını, o cümlədən xarici ölkələrdəki diasporların qarşısına qoyulan vəzifələrin aktuallığını nəzərə alsaq, düşünürəm ki, bu qurultay tam vaxtında keçirilir. Qurultay növbədənkənar olsa belə, Avropa Azərbaycanlıları da keçən dövrə yekun vurmaq və qarşıda duran yeni vəzifələri müəyyən etmək anlamında bu gün üçün məqbul vaxt seçiblər.
Enter.News xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov fevralın 27-də Amsterdamda öz işinə başlayan Avropa Azərbaycanlıları Konqresinin (AAK) növbədənkənar qurultayındakı çıxışında deyib.
Ə.Həsənov 26 fevral tarixində Amsterdamda təşkil edilən Xocalı ilə bağlı rekviyemə toxunaraq, soyqırım haqda məlumat verib və bu qətliam nəticəsində şəhid olanların ruhuna rəhmət diləyib:
“Xocalı soyqırımı bir günün hadisəsi deyil. Ermənilərin azərbaycanılara qarşı soyqırım siyasətinin 100 ildən artıq yaşı var.
Ermənilər rusların onlara göstərdiyi dəstəkdən istifadə edərək, 20-ci əsrin əvvəllərindən başlayaraq, Cənubi Qafqazda, yəni azərbaycanlıların əzəli torpaqlarında öz dövlətlərini qurmaq işinə başlayıblar. Bu proses azərbaycanlıların öz doğma torpaqlarından kütləvi şəkildə qovulması, vəhşicəsinə öldürülməsi, qətlə yetirilməsi və yaşadıqları evlərin dağıdılması ilə müşahidə olunub. 1905-07-ci illərdə ermənilər Cənubi Qafqazda, Yuxarı Qarabağ, Naxçıvan və Zəngəzur bölgəsində onminlərlə azərbaycanlını, türkü qətlə yetirib, onları öz doğma yurd-yuvalarından didərgin salıblar. 1918-21-ci illərdə, SSRİ-nin yaranması ərəfəsində ermənilər yenidən fəallaşmış, adını çəkdiyimiz torpaqlarda yüz minə qədər azərbaycanlını qısa müddətdə qətlə yetirmişlər.
1948-1953-cü illər arasında Sovet hökumətinin varlığı dövründə mənfur Stalinin anti-Azərbaycan, anti-müsəlman, anti-türk siyasətindən istifadə edərək yenə yüzminlərlə azərbaycanlını doğma torpaqlarından, indiki Ermənistan ərazisindən, qədim İrəvandan sürgün etmişlər.
Bu hadisələrin sonuncusu 1988-ci ildən başlayan və yenə SSRİ-rəhbərliyinin himayəsindən yararlanaraq azərbaycanlılara qarşı törədilən soyqırım hadisələridir ki, onun da ən qanlı səhifəsi Xocalı faciəsidir. Xocalıda bir gün ərzində şəhər yerlə-yeksan oldu, 613 insan qətlə yetirildi, Öldürülənlərin böyük əksəriyyəti qadınlar, körpələr, uşaqlar və yaşlı nəslin nümayəndələri idi. Ermənilər azərbaycanlıların gözünü qorxutmaq, onları didərgin salmaq, doğma torpaqlarından qovaraq, orada özlərinin mənfur məqsədlərini həyata keçirmək üçün bunları etdilər”.
Ə.Həsənov bildirib ki, son zamanlar ermənilər Dağlıq Qarabağda həyata keçirdikləri işğal siyasətinin 30 illiyini utanmadan, çəkinmədən dünyada qeyd edirlər:
“Dünyanın müxtəlif şəhərlərində – Brüsseldə, Londonda, Parisdə, Moskvada, ABŞ-da və digər ərazilərdə mərkəzlər qurublar. Bilirsiniz ki, Ermənistan dövlətinin iqtisadi imkanları yox səviyyəsindədir. Bu mərkəzlərə müxtəlif ölkələrdə fəaliyyət göstərən erməni diaspor təşkilatları, erməni lobbisi, bu ölkələrdə yaşayan, xarici ölkələrdəki vergi ödəyiciləri hesabına harınlamış, varlanmış ermənilər pu köçürür, fondlar yaradırlar. Onlar bu fondlar vasitəsilə “Arsaxı tanıdaq” aksiyası həyata keçirirlər. Bu aksiyasının mahiyyəti ondan ibarətdir ki, xarici ölkələrdəki səyyahdan, jurnalistdən, siyasətçisindən tutmuş keçmiş və indiki dövlət xadiminə və məşhur şəxslərinə qədər, Ermənistana, oradan da Dağlıq Qarabağa aparsınlar. Və Dağlıq Qarabağın separatçı rejimini dünyaya tanıtsınlar. Məqsəd ondan ibarətdir ki, Dağlıq Qarabağda guya formalaşmış bir cəmiyyət, dövlət olduğunu, azərbaycanlıların bunu pozmağa çalışdığını göstərsinlər. Belə bir şəraitdə biz Xocalı soyqırımının ildönümünü hər il keçiririk. Nə qədər ki, dünya ermənilərin həqiqi, pərdələnmiş simasını ayırd etməyib, biz bu siyasəti davam etdirməliyik”.
Prezident köməkçisi bildirib ki, hər bir vətəndaşımız bu işdə fədakar olmağa borcludur:
“Türk olmağın bizim üzərimizə qoyduğu əlavə öhdəliklər var”.