Türkiyə, İran, Rusiya münasibətlərinin Afrin imtahanı

“Zeytun budağı” əməliyyatı nədən uzandı?

Türkiyənin Suriya ərazisində yanvar ayının 20-də başladığı hərbi əməliyyatlar davam edir. Bu hərəkatla bağlı ciddi analiz aparmaq tez olsa da ilkin nəticələr müəyyən fikirlər səsləndirməyə imkan verir. Türkiyənin özündə belə əməliyyatın istənilən səviyyədə getmədiyini təsdiq edirlər. Afrinə hücum ildırım sürətli olmalı və dünya ictimaiyyətinin Türkiyəyə səsini qaldırana qədər başa çatmalı idi. Bir aydan artıq vaxt keçməsinə baxmayaraq Afrin hələ terroristlərdən təmizlənməyib. Döyüşlər davam edir və müharibəyə sərf olunan müddət uzandıqca bu hərakata və ümumiyyətlə Türk dövlətinə qarşı olan ölkələrin əməliyyatın dayandırılması ilə bağlı səsləri ucalır. Amma hələ Türkəyinin ixtiyarında müəyyən qədər zaman var. Yaxın 10 gün içində ən azından Afrin terroristlərdən təmizlənməsə, siyasi sahədə Türkiyənin müharibə aparması çətinləşəcək. Politoloq Əlimusa İbrahimov qeyd edib ki, Afrinin təmizlənməsinin uzanması təbii ki, yerli şəraitlə bağlıdır. Dinc əhalinin döyüş bölgələrində məskunlaşması Türk Silahlı Qüvvələrinin işini çətinləşdirir. Türkiə Prezidentinin də qeyd etdiyi kimi, dinc əhali məsələsi olmasaydı Afrin çoxdan təmizlənmişdi. Çətinliklərə baxmayaraq Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan optimistdir: O partiyasının toplantısında Afrinlə bağlı danışarkən bildirmişdir: “Görünən budur ki, bu yay həm terror qrupları, həm də onu dəstəkləyənlər üçün çox isti keçəcək. Əvvəl Mənbiçi terrorçulardan təmizləyəcək, sonra Fıratın şərqininin hamısını özümüz və Suriyalı qrdaşlarımız üçün təhlükəsiz hala gətirənə qədər dayanmadan yolumuzu davam etdirəcəyik.”

Politoloq qeyd edib ki, Türkiyəyə və onun Afrindəki hərbi əməliyyatlara qarşı çıxan dövlətlər sırasına əməliyyatın əvvəlində özünü tərəfdar kimi göstərən dövlətlərin qoşula bilmə ehtimalı yetərincə yüksəkdir. Burada Rusiya və İranın tuta biləcəyi mövqe xüsusilə nəzərə alınmalıdır: “Rusiya əvvəldən Türkiyənin Suriyadakı hərbi əməliyyatlarına yaşıl işıq yandırmışdı. Məlumdur ki, Rusiyanın razılığı və xeyir-duası olmadan bu əməliyyat mümkün olmayacaqdı. Çünki Suriyanın hava məkanı demək olar ki, tamamilə Rusiyanın nəzarəti altındadır. Amerika Birləşmiş Ştatları belə əməliyyat keçirərkən Rusiyadan razılıq alır. Türkiyə əməliyyat planını Rusiya ilə razılaşdırdıqdan sonra sərhədi keçdi və fikrimcə, birgə razılaşdırdıqları məntəqədə və müəyyən etdikləri zamanda hərbi əməliyyatlara xitam veriləcək. Rusiya Türkiyəyə şərait yaratmaqla həm də özü üçün Suriya cəbhəsində müəyyən nailiyyətlər əldə edir. Rusiyaya müxalif olan qüvvələr aradan götürülür, Rus qoşunları tənəffüs əldə edir və Suriyada qarşıya qoyduqları digər vəzifələri həyata keçirmək üçün vaxt qazanırlar. Digər tərəfdən Rusiyanın özündə Prezident seçkisi kompaniyasının qızğın vaxtıdır və Putin bir neçə ay daxili auditoriyadan kənara enerji sərf etmək istəməzdi. Seçkilər bitənə və Putin yenidən mövqeyini möhkəmləndirənə qədər Rəcəb Təyyib Ərdoğan Rusiyanın ciddi etirazı ilə qarşılaşmayacaq.
İrana gəlincə, burada vəziyyət fərqlidir. İranda son günlərdə baş verən mitinqlərə münasibətdə Türkiyənin neytral mövqe tutmasına, hadisələri İranın daxili işi kim qiymətləndirməsinə baxmayaraq, İslam Respublikası Türkiyənin bölgədə atdığı bütün addımları qısqanclıqla qarşılayır. Sanki, Suriyanı Türkiyə ilə bölmək uğrunda yarışa girişib. O, Afrin əməliyyatının ilk günündə Türkiyənin hərbi əməliyyatlarına qarşı çıxıb. Lakin başlanğıcda öz narazılığını müxtəlif ranqlı diplomatların dili ilə ifadə etməklə kifayətlənmışdi. Lakin sonralar Türkiyənin cəbhədə əldə etdiyi nailiyyətlərin sayı artdıqca İranın rahatsızlığı da yüksəldi. Başər əsəd danışmağa başladı. Təbii ki, İranın ötürməsi ilə. Əvvəllər Türkiyənin təyyarələrini vurmaqla hədələdi. Amma Türkiyə Rusiyanın əli ilə Başər Əsədi susdurdu. Sonra İran başqa taktika seçdi. İndi də o bölgədəki şiə qruplarından istifadə edərək Türkiyəni Afrində məğlubiyyətə düçar etmək istəyir. Amm Türk Silahlı Qüvvələrini çevik və ciddi zərbəsi İranın bu arzusunu da yarımçıq qoydu. Afrinə yola çıxan maşın karvanı ora çatmadan TSK tərəfindən darmadağın edildi. Təbii ki, İran bununla daynmayacaq və müxtəlif vasitələrlə Türkiyənin Suriyanın içərilərinə döğru irəliləməsinə mane olmağa çalışacaq”. Onun bildirdiyinə görə, İranın belə münasibət sərgiləməsinin səbəbi Türkiyəni Suriyada yeritdiyi siyasətdə özünə təhlükə görməsindədir. Türkiyə İranın Suriyadakı manevr imkanlarını məhdudlaşdırır. Digər tərəfdən, İranda belə bir qorxu formalaşmışdır ki, Afrin hərəkatının müəyyən mərhələsində Türkiyə Amerika ilə razılığa gələ bilər. Bu da İranın nəinki Suriya siyasəti, onun umumiyyətlə, Orta Şərq siyasətinə ciddi problemlər yaradacaq: “Yeri gəlmişkən Amerika ilə yaxınlaşma qorxusu Rusiyanın da Türkiyə ilə münasibətlərinə zaman-zaman kölgə salır. Amerika kabusu bu ölkələrə də tam yaxınlaşmağa imkan vermir. Odur ki, qayıdaq Türkiyəni Prezidenti Rəcəp Təyyip Ərdoğanın sözlərinə : “Görünən budur ki, bu yay həm terror qrupları, həm də onu dəstəkləyənlər üçün çox isti keçəcək…..”

Alim